Sumqayıtda şəhid ailəsinin mənzilini Qubadlı qaçqınları işğal ediblər

Hərbiçi İmanverdi Zabidov Füzuli rayonu uğrunda 1994-cü il döyüşlərində qəhrəmancasına həlak olub. Onun ölümü ərəfəsində, 14 sentyabr 1993-cü il tarixində Zabidovlar ailəsinə İmamverdinin işlədiyi 2 saylı Sumqayıt tikinti trestindən üç otaqlı mənzil ayrılmışdır. Mənzilin hələ qapı-pəncərəsi yox idi, yaşamaq üçün hazır deyildi, buna görə ailəyə order verilməmişdi.

Elə həmin vaxt Qubadlı rayonundan qaçqınlar Sumqayıta axışıb gəldilər. Beş qaçqın şəhid ailəsinə ayrılmış mənzili işğal etdi və həmin vaxtdan orada yaşayır, mənzili qanuni sahibinə qaytarmaqdan imtina edir. Zabidovun həyat yoldaşı Nailə üç ailə üzvü ilə birlikdə, demək olar ki, heç bir vəsaiti olmadan, bu günə qədər kirayə mənzildə yaşamaq məcburiyyətindədir.

2008-ci ildə Zabidova mənzilin qaytarılması, vurulmuş mənəvi ziyan və məcburi aylıq kirayə pulu üçün pul təzminatı uğrunda ağır məhkəmə prosesi başladıb. Sumqayıt şəhər məhkəməsinə ərizə verməklə başlayıb. Mənzili ələ keçirən İbrahimovlar, Mehdiyev və Həbibullayev qarşılıqlı iddia qaldıraraq, Zabidovlar mənzilin orderini almadıqlarına görə onun Zabidovların mülkiyyəti hesab oluna bilməyəcəyində, deməli heç kimə aid olmadığında israr ediblər. Əlbəttə, işğalçılar işğal edilmiş rayonlar qaytarılana və ya dövlət tərəfindən başqa mənzil verilənə qədər ələ keçirdikləri mənzillərdə yaşamaqlarına imkan verən qaçqın və məcburi köçkün statuslarına istinad ediblər. Amma dövlət, məlum olduğu kimi, indiyə qədər heç bir işğal edilmiş kəndi qaytara bilməyib, İbrahimovlara-Mehdiyevə-Həbibullayevə isə başqa mənzil verməyib, bütün evsiz həyat yükünü şəhid ailəsinin üstünə yıxıb.

Münaqişə Sumqayıt Apellyasiya Məhkəməsində 2009-cu ilin iyununda müzakirə olunub, belə ki, Sumqayıt şəhər məhkəməsi 21 yanvar 2009-cu il tarixində yarımçıq qərar çıxararaq, faktiki olaraq qubadlıların Zabidovların mənzilində qalmasına icazə verib və pul təzminatı tələbini təmin etməyib. Zabidova apellyasiya şikayəti verib. Nailəni Apellyasiya Məhkəməsində ailəyə ayrılmış mənzil üzərindəki hüququnu sübut etməyə məcbur ediblər. O, mərhum həyat yoldaşının işlədiyi trestdən sənəd, Sumqayıt şəhər İH aparatından burada mənzilin Zabidovlara ayrıldığı, qaçqınlar tərəfindən ələ keçirildiyi və bu səbəbdən Zabidovların əlində order olmadığı təsdiq olunan məktub, həmçinin Sumqayıt İH-nin başqalarının mənzillərini ələ keçirmiş qaçqın və məcburi köçkünlərin siyahısının tərtib olunması haqqında məlumatını gətirib. Sumqayıt, 48-ci kvartal, ev 8, mən. 61 ünvanındakı mənzil bu siyahıya daxil edilcək, deyə İcra Hakimiyyətindən Zabidovaya bildiriblər. Yəni bu mənzilin Zabidovlara məxsus olması mübahisəolunmazdır. İddiada deyilir ki, mənzil ələ keçirilməsəydi, Nailə Zabidovanın orderini alacağı şübhə doğurmur. Zabidovanın xeyrinə daha bir faktiki dəlil var - mənzil almaq üçün növbəyə qoyulması haqqında ərizə verdikdə (belə ki, qaçqınlar onun mənzilini tərk etməkdən imtina edirdilər) şəhər hakimiyyəti onu uçota qoymayıb, onun mənzili olduğunu bildirib (qaçqınların ələ keçirdiyi mənzil nəzərdə tutulur).

Sumqayıt Apellyasiya Məhkəməsi işə baxıb və Zabidovanın mənzil hüququnu tanıyan şəhər məhkəməsinin qərarını ləğv edib. Onun vəziyyəti pisləşərək, ilk məhkəmədən əvvəlki duruma düşüb. Yeri gəlmişkən, həm birinci, həm də ikinci məhkəmə prosesindən sonra Nailə və ailə üzvləri öz mənzillərindən kənara addım ata bilməyiblər.

2009-cu ilin oktyabrında Zabidova Ali Məhkəməyə kassasiya şikayəti verib. Qısa şəkildə anlatmaq üçün üçüncü prosesin hüquqi tərəflərini buraxaq, belə ki, əsas odur ki, onun mənzilində, Sumqayıtda hələ də Qubadlı sakinləri yaşayır. Nailə Zabidova Masallıya köçmək məcburiyyətində qalıb, hazırda orada ailəsi ilə yaşayır. 24 il ərzində dövlət sadə hüquqi problemi həll etməyi - qaçqınları çıxarıb onlara başqa mənzil verərək, şəhid ailəsinə qanuni mənzilini qaytarmağı, bacarmamaq deyil, sadəcə olaraq istəməyib.

Əlavə edək ki, ötən il üçün olan məlumatlara görə, Sumqayıtda qaçqınlar və məcburi köçkünlər üçün 936 ailənin yerləşdiriləcəyi yaşayış binası tikilir. Sumqayıtda müxtəlif işğal edilmiş rayonlardan 52 mindən çox köçkün yaşayır. Zabidovlar ailəsinin bu dəfə öz mənzilini və ya əvəzində başqa mənzil alıb-almayacağı məlum deyil.

Turan Agentliyi sentyabrın 11-də və 12-də dəfələrlə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Mirzəyevə zəng edib. İki gün ərzində o, bir dəfə olsun dəstəyi qaldırmayıb. Onun əməkdaşı telefon nömrəmizi götürüb və zəng edəcəyini vəd edib...

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti