Mehman Hüseynov dövlət başçısını onun işinə müdaxilə etməyə çağırıb

Bakı/21.01.19/Turan: Hökumətyönlü saytlar yanvarın 21-də günün ikinci yarısında həbsdə olan bloger Mehman Hüseynovun dövlət başçısına müraciətini dərc edib.

Blogerin adından dərc edilmiş bu mətndə deyilir ki, cəzasını çəkdiyi müddət ərzində onunla cəzaçəkmə müəssisəsinin əməkdaşları arasında heç bir xoşagəlməz hadisə olmayıb.

"Həmişə çalışmışam rejimə əməl edim. Lakin keçən il 26 dekabrda cəza çəkdiyim müəssisədə insident baş verdi və bu hadisəyə görə mən günahlandırılmışam. Hadisə barədə geniş yazıb vaxtınızı almaq istəməzdim. Sadəcə onu demək istəyirəm ki, baş vermiş hadisədə mənim günahım yoxdur. Mən həbsxana əməkdaşını vurmamışam", deyə mətndə bildirilir.

Daha sonra mətndə deyilir: "2 mart tarixində mənim cəzamın vaxtı bitir. Mən bu tarixi çox gözləmişəm. Təzədən məhkum olunmaq, yeni cəza almaq istəmirəm. Mən əvvəllər də dediyim kimi kiminsə hərəkətinə görə məsuliyyət daşımıram. Amma kiminsə mənim vəziyyətimdən özü üçün istifadə etməsini də istəmirəm. Məni yalnız bir şey maraqlandırır. Azadlığa çıxmaq. Mənə yeni cəza verilsə bu tək qalmış 70 yaşlı atam üçün də böyük zərbə olacaq. Onun üçün məni bu vəziyyətdə görmək, tez-tez gəlib mənə baş çəkmək çox çətindir.

Sizdən xahiş edirəm araşdırmanın düzgün araşdırılmasına göstəriş verəsiniz. Sizin müdaxiləniz olsa əminəm ki, mənim işim üzrə qərar ədalətli olacaq".

Öz növbəsində, Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov Turan agentliyinə blogerin məktubu cəzasını çəkdiyi 14 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi vasitəsilə göndərdiyini təsdiq edib. -02D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti