FaktYoxla daxili işlər nazirinin bəyanatını qiymətləndirib

Bakı/16.10.19/Turan: Daxili işlər naziri Vilayət Eyvazov bu il iyulun 10-da Aİ-nin insan hüquqları üzrə komissarı Dunya Miyatoviçlə söhbəti zamanı son illər rəhbərlik etdiyi idarənin əldə etdiyi uğurlar haqqında danışıb. Hüquq-mühafizə orqanlarında saxlanılan, istintaq altında olan şəxslərə və məhkumlara qarşı işgəncə və qeyri-insani rəftara yol verilmir, deyə o bildirib.

"Beş il və 2019-cu ilin ilk yarısı ərzində XİN-də qeyri-insani rəftar halları qeydə alınmayıb", deyə DİN-in mətbuat xidməti Eyvazovdan sitat gətirir.

Yeni Faktyoxla saytı (https://www.faktyoxla.info) Azərbaycan siyasətçilərinin, ictimai xadimlərinin və dövlət xadimlərinin sözlərini açıq mənbələrdən götürülmüş faktlarla müqayisə edərək, onların bəyanatlarının doğruluğunu yoxlayır. Bundan sonra bəyanat səkkiz dərəcəlik şkala üzrə yoxlanılır: "həqiqət", "əsasən həqiqət", "yarımhəqiqət", "əsasən səhv", "səhv", "yalan", "faktların manipulyasiyası" və "müəyyən edilməyib".

Eyvazovun Miyatoviçlə görüşdə verdiyi bəyanatı saytın ekspertləri "yalan" kimi qiymətləndiriblər. FaktYoxla beynəlxalq təşkilatların Azərbaycanda işgəncə və digər qeyri-insani rəftar formaları haqqında son beş ili əhatə edən hesabatlarını təhlil etdikdən sonra bu nəticəyə gəlir.

2014-cü ildə Human Rights Watch təşkilatı gənc fəalların polisdə döyülməsi, habelə saxlanılanlardan törətmədikləri cinayətlər haqqında ifadə alınması haqqında məlumat yayıb. Belə ki, bloger Əbdül Əbilov cinayətə görə təqsiri boynuna alana qədər döyülüb. Bu ilin mayında saxlanılan NİDA təşkilatının fəalı Kəmalə Bənənyarlı bildirib ki, polisdə bir neçə dəfə onun başına vurublar.

2015-ci il üzrə hesabatda bildirilir ki, avqustun 20-də Mingəçevirdə saxlanılan Bəhruz Hacıyev həbsdə dünyasını dəyişib, dekabrda vəfat edən məhbus Elşad Balayevin cəsədində isə ailə üzvləri işgəncə əlamətləri görüblər. Elə həmin il ReAl Partiyasının lideri İlqar Məmmədov həbsxanada döyülüb.

2016-cı ilin avqustunda məhbus Eldəniz Qəhrəmanın döyülməsi və zorlamaqla hədələnməsi qeydə alınıb. Mayda həbs edilən Qiyas İbrahimov və Bayram Məmmədov döyülüb.

2017-ci ildə Nardaranda kütləvi etirazların 17 iştirakçısının işi üzrə məhkəmədə müttəhimlər istintaq zamanı döyüldüklərini və işgəncələrə məruz qaldıqlarını bildiriblər.

Elə həmin təşkilatın 2018-ci il üçün hesabatında deyilir ki, fevralda oğurlanmış Elgiz Sadıqlı dörd gün yaxınları ilə əlaqə saxlamağa icazə verilmədən polisdə saxlanılıb. Bu müddət ərzində onu döyüblər, elektroşokla işgəncə ediblər.

FaktYoxla Aİ-nin İşgəncələr Əleyhinə Komitəsinin Azərbaycana 6 səfərin yekunlarına dair hesabatlarını da nəzərə alıb. Hesabatda Azərbaycanda məhbuslara, saxlanılan, həbs edilən və istintaq altında olan şəxslərə qarşı sistemli işgəncə və digər zorakılıq faktlarından bəhs edilir.

Həmçinin, ABŞ Dövlət Departamentinin 2018-c il üçün Azərbaycanda insan hüquqlarının pozulmasına həsr edilmiş hesabatından məlumatlar təqdim edilir. Xüsusən, ABŞ Dövlət Departamenti 2018-ci ildə 17 yaşlı fəal Fatimə Mövlanlının döyüldüyünü qeydə alıb.

2019-cu ilin ilk altı ayı ərzində Gəncə cinayət işi üzrə istintaq altında olan Riya və Gülmirzə Nuruzadə qardaşları və Cabir Əzizov döyülüb, Elman Quliyevə qarşı ifadə verməyə məcbur edilib.

Cabir Əzizov sonradan məhkəmədə bildirib ki, qeyri-insani işgəncələrə son qoyulması üçün qollarını, boğazını "lezva" ilə kəsib. "Elə işgəncələr verirdilər ki, danışmağa utanıram", deyə o məhkəmədə bildirib.

FaktYoxla-nın hesabatında ekspertlərin nazir Eyvazovun çıxışını "yalan" kimi qiymətləndirmək üçün əsas verən digər faktlar da mövcuddur. -0-

Rəy yaz

Siyasət

Beynəlxalq Mətbuat Azadlığı günü: Azərbaycanda azad media varmı? – Xalid Ağəliyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti