Media-icmal 20.11.19

2020-ci ilin büdcə layihəsi müzakirələri, ölkədə həkimlərin azalması, məhkəmə qanunvericiliyinə baxış və s. məsələlər medianın aparıcı mövzuları sırasındadır.

Büdcə layihəsi müzakirələrdə

“Azərbaycan” qəzeti  “2020-ci ilin dövlət büdcəsi Azərbaycanın artan gücünün növbəti ifadəsi olacaq” sərlövhəli məqalədə 2020-ci il üçün dövlət büdcəsinin layihəsini dəyərləndirir.

Müəllif deyir ki, noyabrın 19-da Milli Məclisin Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri və Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Müəllif vurğulayır ki, gələn ilin dövlət büdcəsi ölkədə gedən inkişaf proseslərinə, həyata keçirilən islahatlara böyük dəstək verəcək, ənənəvi olaraq, büdcənin sosialyönümlülüyü təmin ediləcək.

Müəllif əlavə edir ki, bu əsasda, əməyin ödənişi, təqaüdlər və sosial müavinətlər, o cümlədən əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi üzrə maliyyə təminatının yaradılması prioritet xərc istiqamətlərindən olacaq.

Müəllif deyir ki, gələn il üçün dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon 500 min manat, xərcləri isə 26 milyard 913,7 milyon manat (ÜDM-də xüsusi çəkisi 32,3 faiz) proqnozlaşdırılır ki, bu da bu ilə nisbətən 1 milyard 723,7 milyon manat və ya 6,8 faiz çoxdur.

Yazıda vurğulanır ki, bu il dövlət başçısı tərəfindən mühüm sosial qərarlar qəbul olunub ki, gələn ilin dövlət büdcəsində öz əksini tapıb.

Müəllif əlvə edir ki, 2019-cu ilin mart və sentyabr aylarında əməkhaqlarının, pensiyaların, sosial müavinətlərin və təqaüdlərin artımını nəzərdə tutan 2 mərhələ üzrə sosial paketlər təsdiqlənmişdir. Bu zəmində minimum əməkhaqqı təxminən 2 dəfə artırılaraq 130 manatdan 250 manata, eləcə də minimum pensiyaların 72 faiz artırılaraq, 116 manatdan 200 manata çatdırılması bu sahədə atılmış mühüm addımlardır.

Eyni zamanda, müəllif bu artımların büdcədən maliyyələşən müxtəlif sahələrdə çalışan işçiləri əhatə etdiyini xüsusi qeyd edir.

Müəllif deyir ki, komitələrin üzvləri büdcə layihəsilə bağlı təkliflərini bildiriblər, ikinci oxunuşda Milli Məclisin plenar müzakirəsinə çıxarılmasını məqsədəuyğun sayıblar.

Müəllifin sözlərinə görə, komitə sədrləri və deputatlar 2020-ci il üçün dövlət büdcəsi layihəsinin mükəmməl hazırlandığını deyərək, parlamentin plenar iclasının müzakirəsinə çıxarılmasını təklif ediblər. 

Yazının sonunda isə oxuyuruq: “Yekun olaraq gələn ilin dövlət büdcəsinin layihəsi ikinci oxunuşda müzakirə edilmək üçün Milli Məclisin plenar iclasına tövsiyə olundu”.

Həkimlərin sayı niyə azalır?

“Sfera.az”da isə “Həkimlərin sayı niyə azalır? – Ekspertdən “xaricə qaçırlar” açıqlaması” sərlövhəli məqalə oxumaq olar.

Müəllif ölkədə həkimlərin sayının azalması səbəbləri barədə professor Adil Qeybulla ilə söhbətləşir.

“Ölkəmizdə həkimlərin sayının azalmasına bu peşəyə sahib olanların bir çoxunun sonradan xaricə üz tutması amili öz təsirini göstərib”.

“Sfera.az”a açıqlamasında tibb elmləri doktoru Adil Qeybulla bildirir ki, həkim kimi çalışanların sayının Azərbaycanda azalaraq 2010-cu ildəki 33085-dən 2018-ci ildə 32485-ə düşməsinə münasibət bildirərkən söyləyib.

“Azərbaycanda həkimlərin sayının azalması heç də bu peşəyə marağın azalması ilə bağlı deyil. Maraq azalmayıb, bu azalma əslində həkimlərin kütləvi axını ilə bağlıdır. Çoxsaylı həkimlərimiz xaricə üz tutub”, deyə A.Qeybulla əlavə edir.

Professorun fikrincə, bu peşə sahiblərinin Türkiyəyə, Almaniyaya və başqa ölkələrə kütləvi axını var, bu mənada da say azalmasında əsas rol oynayan faktor məhz budur.

Ölkə daxilində həkimlərin fəaliyyət göstərməsinə gəlincə isə, A.Qeybulla deyir ki, bunun üçün onlara optimal şərait lazımdır.

A.Qeybullanın sözlərinə görə, nəticə etibari ilə Azərbaycanda fəaliyyətləri üçün lazımi şərait tapa bilməyən həkimlər xaricə üz tutur və onlar ölkəyə qayıtmağa lüzum görmürlər.

Professorun sözlərinə görə, digər tərəfdən, Tibb Universitetinə qəbulda da müəyyən qədər azalma var, bu da say tərkibinə təsirini göstərir.

A.Qeybullanın fikrincə, ölkədə hakim peşəsinə sahib olanların sayının azalmasına təsir edən digər amillər də var, belə ki, bu səbəblərdən biri də həkim peşəsinə sahiblənənlərin sonradan başqa işlərə keçməsidir. “Belə ki, bir çoxları həkimlik sənətinə yiyələnsə də, bu sənətdə qərar tuta bilməyərək, başqa işlərə keçiblər, yəni həkimlik diplomu alanların heç də hamısı bu peşə ilə məşğul olmur”.

Professor araşdırmalara istinadən vurğulayır ki, bu peşə sahiblaərinin bəziləri biznes sahəsinə üz tutur.

Son olaraq isə A.Qeybulla söyləyir ki, sovet dönəmində planlı təsərrüfat var idi və bölgülər zamanı itkilər az olurdu, indi isə belə yanaşma olmadığı üçün itkilər də çox olur.

Məhkəmə qanunvericiliynə baxış - deputatdan

“Azpolitika.infoda “Hakimlərə ən azı 10 min manat maaş verilməlidir” sərlövhəli məqalə diqqət çəkir.

Sayt deputat Qüdrət Həsənquliyevin məhkəmə qanunvericiliyi sahəsindəki vəziyyətə dair fikirlərinə yer verib.

Deputat deyir ki, bu il aprelin 3-də prezident məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərman imzalayıb, orada cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılmasından söhbət gedir.

Q.Həsənquliyevə görə, bu sahəyə aid qanunverciliklə bağlı dəyişiklik və dəqiqləşdirmələrə ehtiyac var, belə ki, yeni Konstitusiya qəbul edildikdən sonra cinayət porsessual və mülki-porsessual məcəllələrə dəyişiklik edilməli idi, amma bunlar olmayıb. 

Deputat deyir ki, buna görə də əlavə kassasiya qaydasında icraat adlı məhkəmə mərhələsi Konstitusiyada nəzərdə tutulmasa da, qanunla Ali Məhkəmənin plenumuna belə səlahiyyət verilib ki, məhkəmənin kassasiya qaydasında qəbul etdiyi qərarları plenumda ləğv eləsin.

Deputata görə, bu, əslində ləğv olunmalı, plenum yalnız mövcud Konstitusiyaya görə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi ilə məşğul olmalıdır.

Q.Həsənquliyev deyir ki, məhkəmə süründürməçiliyinə son qoymaq üçün də müəyyən islahatlar aparılmalı, birinci instansiya, Apellyasiya məhkəmələri və Ali Məhkəmə işə yalnız mahiyyəti üzrə baxmalıdır. 

Deputat əlavə edir ki, məhkəmə aktlarının qanunlara uyğunluğunun yoxlanılması isə Konstitusiya Məhkəməsinə aiddir.

Amma bizdə Ali Məhkəmə kassasiya qaydasında işə baxır və işi yenidən Apellyasiya Məhkəməsinə qaytarır. Apellyasiya Məhkəməsinə göstəriş verir ki, hansı normalar düzgün tətbiq olunmayıb, siz buna yenidən baxın. Əgər o norma düzgün tətbiq olunmayıbsa, Ali Məhkəmənin özü mahiyyət üzrə işə baxıb həmin normanı düzgün tətbiq etməldir.

Deputata görə, məlum fərmanla qarşıya qoyulan məqsədə çatmaq üçün hakimlərin tam müstəqilliyinə nail olmaq lazımdır.

Q.Həsənquliyev vurğulayır ki, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Apellyasiya Məhkəməsinin hakimləri prezidentin təqdimatı ilə Milli Məclis tərəfindən təyin olunur: “Belə olduğu halda onları Məhkəmə Hüquq Şurası intizam məsuliyyətinə cəlb etməklə hakimlikdən necə kənarlaşdıra bilər?”, deyə deputat əlavə edir.

Deputat deyir ki,  Konstitusiyaya əsasən, hakimlərin vəzifədən kənarlaşdırılması təşəbbüsünü hakimlər cinayət törətdikdə Prezidenti Ali Məhkəmənin rəyi əsasında Milli Məclis qarşısında irəli sürə bilər.

Deputata görə, hakimlər ya 70 yaşa qədər, ya da ömürlük təyin olunmalı, onların iqtisadi müstəqilliyi üçün ev, xidməti avtomobil, ən azı 10 min manat maaş verilməlidir”.

 

Rəy yaz

Cəmiyyət

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti