Ильхам и Мехрибан Алиевы

Ильхам и Мехрибан Алиевы

PRAQA--- Azərbaycan parlamenti özünü buraxır. Niyə buna ciddi yanaşmaq lazımdır, Əliyevlər ailəsinin başlatdığı və rəhbərlik etdiyi dəyişiklikləri ümumilikdə avtoritar modernləşmə hesab etmək olarmı? Bütün bunları Azərbaycanın Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevlə müzakirə edirik.

Vadim Dubnov: Azərbaycan parlamentinin özünü buraxması qərarı avtoritar modernləşmə haqda süjetdə janr planında ideal sonluq kimi görünür. Həqiqətən bu süjetin bizimlə bir əlaqəsi varmı?

Mehman Əliyev: Avtoritar rejim çətin ki müəyyən dərəcədə modernləşsin, amma baş verənlər, deyək ki, yuxarının qərarı ilə dəyişiklik, təkamül prosesi, bu, realdır. Məsələ budur ki, bu gün bütün ali orqanları əhatə edən kadr dəyişikliyinin bizimlə əlaqəsi var və müvafiq olaraq hakimiyyət qollarından biri kimi parlament anaxronik formada qala bilməz. Yəni, indiki halda kadr heyətinin və parlamentin dəyişməsinə ehtiyac var. Prinsipcə, bizdə parlament üzvlərini təyin edirlər, onlar adəti üzrə seçilmirlər və buna görə də  indiki halda icra hakimiyyətində baş verənlərə paralel olaraq baxmaq lazımdır.  Beləliklə, hakimiyyətin iki qolunda kadr dəyişikliyi nəticə etibarilə bu iki qurumun gələcəkdə ali rəhbərliyin istəyinə uyğun olaraq qarşılıqlı fəaliyyət göstərməsinə səbəb olmalıdır - ilk növbədə prezident və vitse-prezidenti nəzərdə tuturam.

Vadim Dubnov: Doğrumu anladım, parlamentin buraxılması hansısa bir nəticədir? Hansısa ilkin dəyişikliklərdən danışırıqsa, yuxarılarda real dəyişiklik administrasiya rəhbəri Ramiz Mehdiyevin və prezidentin köməkçisi Əli Həsənovun işdən çıxarılması oldu?

Mehman Əliyev: Bunlar bir-birilə qarşılıqlı əlaqəlidir. Məsələ  bundadır ki, parlament əvvəllər həmişə Ramiz Mehdiyevin və bir sıra oliqarx- nazirlərin çox fəal iştirakı ilə formalaşıb və buna görə də indiki vəziyyətdə həmin adamların - Əli Həsənovun və digərlərinin – getməsilə parlamentin tərkibində kadr dəyişikliyinə ehtiyac yaranır. Həmin Ramiz Mehdiyevin, Əli Həsənovun və ya digər nazirlərin  təyin etdikləri adamların parlamentdən uzaqlaşdırılması üçün. Odur ki, indiki halda bu parlament daha çox prezidentin və vitse-prezidentin istək və qərarlarına uyğun olaraq seçiləcək.

Vadim Dubnov:  Əgər Ramiz Mehdiyev haqda danışırıqsa, mənbələrə qədər gəldik.. Bu dəyişiklik nə deməkdir - bir dövrün sonu, tamamilə yeni bir quruluşun başlanması, yeni elitanın formalaşması?

Mehman Əliyev: Düşünürəm ki, bəli, çünki prinsipcə Ramiz Mehdiyev sovetdən qalmadır, bütün komanda faktiki olaraq sovet şinelindən şıxıb və idarəetmə Sovet Kommunist Partiyasının hərəkətlərini və sistemini çox xatırladırdı. İndiki kadr  heyəti əsasən postsovet dönəmində formalaşıb, bu adamlar daha müasir düşüncəli insanlardır, o mənada ki, onların formalaşması daha çox müasir dövrə təsadüf edib. Ona görə də bir qədər fərqli düşüncə gələcəkdə siyasətə də təsir edəcək.

Vadim Dubnov: Deyə bilərikmi ki, 90-cı illərdən davam edən Azərbaycan klanları haqda bütün miflər və reallıqlar keçmişə gedir?

Mehman Əliyev: Burada maraqlı məqam var: doğru söylədiniz, indiyə qədər klan məsələsi siyasətə, Azərbaycanda hakimiyyətin formalaşmasına təsir göstərirdi, klanlar hakimiyyət, nüfuz uğrunda mübarizə aparırdılar. Mən deyərdim ki, Ramiz Mehdiyevin gedişilə və Mehriban Əliyevanın mövqeyinin möhkəmlənməsi ilə başqa bir şey baş verir - yəni,  Mehriban Əliyevanın klanı yoxdur, o, heç bir klanı təmsil etmir. Onun formalaşdırdığı komandanın tərkibinə baxsaq, bu, qeyri-klan sistemidir - burada müxtəlif bölgələrdən insanlar təmsil olunub və ön plana klan mənsubiyyəti yox, sadiqlik çıxır - söhbət bundan gedir. Odur ki, indiki vəziyyətdə Azərbaycanda ilk dəfə olaraq qeyri-klan münasibətlər sisteminin qurulması təcrübəsi əldə edirik və bu, çox vacib və maraqlıdır. Sonra, əlbəttə, bunu etmək çətin olacaq, amma deyərdim ki, bu istiqamətdə hərəkət artıq başlayıb. Düşünürəm ki, parlamentdə də eyni şey baş verəcək.

Vadim Dubnov: Son onilliklərdə klanlar kifayət qədər şərti idimi?

Mehman Əliyev: Ancaq orada həqiqətən də konkret bölgələrdən, məsələn, Naxçıvandan - ən güclü mövqelər-, Ermənistandan -güclü mövqelər- olanlar vardı. İki əsas klan vardı. Onlar hələ sovet dönəmində Heydər Əliyevin vaxtında yaradılmışdı. Qarabağ klanı da vardı. Mehriban Əliyeva ona görə fərqlənir ki, burada konkret klan yoxdur, biz “ailə” deyə bilərik, “Paşayevlər” deyə bilərik, amma “klan” deyə bilmərik. Yenə də deyirəm: burada məsələ ondan ibarətdir ki, bunlar əsasən fərqli bölgələri təmsil edən insanlardır, amma onlar təhsillidir, əksəriyyəti, əlbəttə ki, Bakı şəraitində formalaşıb, Bakı isə bu gün müxtəlif bölgələrin qaynadığı qazandır və s.,  və bir növ vahid milli icma yaranır.

Vadim Dubnov: Mehriban Əliyevanın güclənməsi nə deməkdir? Hakimiyyətin gələcəkdə ötürülməsi, hansısa tranzit əməliyyat haqda çoxlu konspiroloji danışıqlar var. Yoxsa, bu, sadəcə, vahid mexanizm çərçivəsində hərəkətdir, bir struktur çərçivəsində rolların bölünməsidir?

Mehman Əliyev: Deyərdim ki, bu gün Mehriban Əliyeva - İlham Əliyev tandemi var. Bunlar yalnız evli cütlük deyil, həm də tərəfdaşdır, həmfikirdir. Mehriban Əliyeva qərarların  qəbulunda mühüm rol oynayır, o, artıq hakimiyyətə malik konkret xadimdir və getdikcə daha da güclənir. İndiki halda çox güman ki, söhbət təhlükəsizlikdən,varislikdən gedir- hər şey ola bilər. Nə olacağını biz bilə bilmərik. Ancaq bu, ən çox hakimiyyətin davamlılığı, rolların yenidən bölüşdürülməsidir və hələlik deyərdim ki,  söhbət tandemdən gedir. Gələcəkdə hansısa qərarlar qəbul edilə bilər, lakin hər şey vəziyyətdən asılı olacaq.

Vadim Dubnov: Mehriban Əliyevanın kadr siyasəti artıq hansısa bir şəkildə yeni elitanın formalaşması meyarlarına baxmağa əsas verirmi? Dediniz ki, bu, sədaqət zəminində formalaşır, amma buna baxmayaraq, biz görürük ki, yeni nəsil gəlir, adamlar daha çox texnokratdır, anladığım qədərilə bir çox hallarda daha da qərbləşmişdir.

Mehman Əliyev:  Prinsipcə, bütövlükdə belə demək olar, amma məncə, burada fərqli baxışlara, fərqli mədəni köklərə sahib insanlar var - kimisi daha çox Rusiyaya, kimisə Qərbə meyl edir, çoxu Avropanın ali məktəblərində  əlavə təhsil alıb, bəzisi Rusiyanın  ali məktəblərində  əlavə təhsil alır, müxtəlifdir.  Ancaq bunlar daha müasir gənclərdir, daha texnokratdırlar. Yeri gəlmişkən, bu vəziyyətdə digər çox vacib məqamı da qeyd etməliyik ki, onlar oliqarxik sistemin yerinə gedir. Bu, bizdə özünü daha güclü göstərir, nəinki Rusiyada.  Çünki eyni zamanda məmurlar siyasi hakimiyyətə və maliyyə gücünə sahib idi və indiki halda bizdə oliqarx anlayışı daha düzgün ifadə olunur, bu mənada ki, siyasi xadimlər eyni zamanda biznesmen idilər, yəni burada söhbət kapital və hakimiyyətin konkret birləşməsindən gedir. İndiki halda yeni nazirlər, yeni təyin olunmuşlar artıq bu keyfiyyətlərə malik deyillər, yəni onlar konkret icraçılardır, onlar öz işlərini yerinə yetirəcəklər, bizneslə məşğul olmayacaqlar, ola bilsin ki, onların hansısa  biznesi olacaq, ancaq artıq oliqarx olmayacaqlar, bu, dəqiqdir.

Vadim Dubnov: Bütün bunlar niyə indi baş verir?

Mehman Əliyev: Deməzdim ki, bu, məhz bu gün başlayıb. Çünki proses 2016-cı ildə başlayıb. O zaman referendum keçirildi və Konstitusiyaya dəyişikliklər edildi.  Məncə, bu, düşünülmüş və strateji bir qərar idi və mərhələ ilə həyata keçirilir. Saray intriqalarının incəliklərini bizə açıqlamırlar, amma görünür ki, nəyəsə tələsirlər və nədənsə bu qərarları cəld qəbul edirlər. Ancaq bir şeyi də qeyd etmək lazımdır ki, ölkədə həqiqətən iqtisadi böhran var, sosial problemlər var. Mən hər zaman söylədim və yazdım ki, bu, daha sistemli böhrandır, hakimiyyət bu böhranın aradan qaldırılmasına gecikib, uzadıb və düşünüb ki, birtəhər geçər.  Ancaq son zamanlar qeyd edirik ki, insanların sosial vəziyyətilə bağlı narazılıq artır, cəmiyyətin informasiya fəallığı da artır və hakimiyyət bunu anlamağa başlayır, on görə də bəzi tədbirlər görməyə tələsir. Lakin köhnə komanda ilə işləmək, prosesləri irəliyə doğru aparmaq çox çətindir. Düşünürəm ki, indiki halda yeni siyasi sistemin - icra hakimiyyəti və qanunverici qolun çevik formalaşması cəhdi var,  sonra  hansısa çox aktiv qərarlar olacaq. Düşünürəm ki, söhbət bütün hallarda islahatlardan gedir. Onlar vacibdir, çünki onlar olmadan biz bu vəziyyətdən çıxa bilməyəcəyik.

Vadim Dubnov: Bu adaptiv islahatlarmı, yoksa onlarda nəsə strateji bir şey var?

Mehman Əliyev:  Məncə, hər ikisi.

Vadim Dubnov: Əgər hansısa strategiya haqda danışırıqsa, burada təbii olaraq  sual yaranır: biz inzibati-bürokratik islahatdan danışdıq – bu, nə dərəcədə sistem dəyişikliyinə, cəmiyyətin liberallaşmasına, hakimiyyət və cəmiyyət arasındakı münasibətlərin dəyişməsinə səbəb ola bilər?  Hər hansı irəliləyiş mümkündürmü?

Mehman Əliyev: Məsələ bundadır ki, islahatlara cəhdlər olub – bizim yol xəritələrimiz var, amma hələlik uğursuzdur. Başa düşürük ki, iqtisadi azadlıq, hüquqi müdafiə, cəmiyyət və dövlət arasında informasiya fəaliyyəti  olmadan dəyişikliklər mümkün deyil.. Bu gün iki tamamilə müstəqil informasiya sahəsi var - bunlar çox sayda insanın öz həyatını yaşadığı sosial şəbəkələr və tamamilə fərqli ölçüdə yaşayan dövlət və hökumətyönlü KİV. Və bu da problemdir. Buna görə də  indiki halda əslində bu sistemi normal vəziyyətə gətirmək üçün çox dəqiq və ciddi qərarlar lazımdır. Bunu hamı başa düşür. Eyni şey vətəndaş cəmiyyətinə da aiddir. Çünki o, dövlət quruculuğu, cəmiyyətin inkişafı və s. proseslərdə iştirakdan ayrıdır. Yəni, problem çoxdur və onları həll etmək lazımdır. Onlar vaxtında həll olunmayıblar. Odur ki, düşünürəm ki, Azərbaycanda son proseslər təcili qətiyyətli addımlar tələb edir. 

Yeri gəlmişkən, siz konspiroloji versiyalardan danışırsınız. Müxtəlif təhlükələr ola bilər. Məsələn, mən məqalə yazmışdım ki, İran tərəfi Azərbaycanı  ittiham edib ki, İsrail dronları Azərbaycan ərazisi vasitəsilə İraq ərazisindəki İranpərəst milislərin hərbi anbarlarına hücum edib, insanlar həlak olub. Onlar həmçinin ittiham edirdilər ki, (The New York Times da bunu yazdı) ərazidən kəşfiyyat məqsədləri üçün istifadə olunur- Azərbaycan ərazisindən İran üzərinə dronlar uçur və qruplaşma liderlərinin Azərbaycandan qisas almaqla bağlı təhdidləri var idi, bəlkə də söhbət rəhbərlikdən gedə bilər. Kənardan görürdüm ki, bununla əlaqədar təhlükəsizlik tədbirləri görülür. Yəni, biz dünyanın elə bir nöqtəsindəyik ki, çox mürəkkəbdir, ona görə də nə istəsən baş verə bilər. Düşünürəm ki, bütün bunlar bu gün gördüyümüz həmin o bir qədər qəribə və konspiroloji qərarları qəbul etməyə məcbur edir. 

Vadim Dubnov: Mənə elə gəldi ki, Əliyev Bakı universitetindəki çıxışında yenidən siqnal ötürdü ki, Avropa və Rusiya ilə münasibətlərdə məsafə saxlanılır. Bu, həqiqətən belədirmi, yoxsa Əliyev bütün hallarda hansısa şəkildə bu və ya digər istiqamətdə münasibətləri müəyyənləşdirməli olacaq?

Mehman Əliyev: Belə deyək ki, o, Avropanın seçki prosesində iştirak etməsində maraqlı olmayıb, istəməzdi ki, seçkilərlə bağlı məsələ, onların texniki baxımdan keçirilməsi və s.  Avropada müzakirə edilsin. Yəqin ki, onlar geniş müşahidəçi dairəsinin olmasını istəyərlər, ancaq mane olmasınlar. Buna görə də Avropa ilə məsafə saxlanması barədə bəyanat versə də, daha çox Rusiyapərəst bəyanatlar nəzərə çarpırdı. Düşünürəm ki, seçkilərdə beynəlxalq müşahidəçilərin nümayəndələri kimi ən çox  MDB, Qoşulmama Hərəkatı, USK  və digərləri iştirak edəcəklər, Avropa qurumları yox. Yəni, hakimiyyət beynəlxalq iştirakı istəyir, ancaq hansı şəkildə, hansı rakursda? Seçkilərdən sonra nə olacaq? Düşünürəm ki, seçkiərdən sonra vəziyyət bir qədər başqa olacaq, yenidən Qərb-Şimal münasibətində balanslı yanaşma olacaq –bu, hər zaman olub və davam edəcək və düşünürəm ki, proses bu şəkildə gedəcək.

Vadim Dubnov: Manevr resursu tədricən incəlmirmi?

Mehman Əliyev: Belə deyək ki, Rusiya ilə xüsusi problemlər yoxdur, çünki Mehriban Əliyevanın son səfəri ən çox ticarət əlaqələrinə, investisiyalara aid olub və tərəflərin açıqlamalarından başa düşülürdü ki, hamı məmnun qalıb. O cümlədən  mədəni aspekt, deyək ki, məsələn, rus dili, Rusiyanın mədəni iştirakı- yəni, bütün bunlar təmin edilib və problem yoxdur, hamı razıdır. Ancaq Avropa ilə problem qalır. Çünki Avropa İttifaqı daha dinamik yaxınlaşmaya, öhdəliklərin yerinə yetirilməsinə və s. təkid edir, orada problem çoxdur. Hazırda bir balanssızlıq var və odur ki, düşünürəm ki, seçkilərdən sonra bu vəziyyəti balanslaşdırmaq üçün tədbirlər görüləcək. Deməli, Avropa İttifaqı ilə yaxınlaşmanı müşahidə edəcəyik, yəni bu planda hansısa danışıqlar prosesi, hansısa fəaliyyət baş verəcək.

 

Rəy yaz

Sual-cavab

Beynəlxalq Mətbuat Azadlığı günü: Azərbaycanda azad media varmı? – Xalid Ağəliyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti