Media-icmal 20.02.19

Ölkədə kimya sənayesinin inkişafı, ekspertlərin yaşayış minimumu standartlarına yeni yanaşmaları, çoxmənzilli binaların istismara verilməməsinin səbəbləri və s. məsələlər bugünkü (20 fevral, 2019-cu il) medianın aparıcı mövzularındandır.

Qafqazın ikinci kimya sənaye mərkəzi

"Azərbaycan" qəzeti "Sumqayıt yenidən neft-kimya sənayesi mərkəzinə çevrilir" sərlövhəli məqalədə şəhərin sənye inkişafını dəyərləndirir.

Müəllifə görə, regionların sosial-iqtisadi inkişafına bağlı dövlət proqramlarının nəticələri olaraq Sumqayıt hazırda Cənubi Qafqazın ikinci ən böyük sənaye şəhəridir, son illərdə burada bir çox müasir müəssisələr fəaliyyətə başlayıb, sosial və infrastruktur layihələri həyata keçirilib.

Müəllif bu günlədə Sumqayıtda açılan yüksəksıxlıqlı polietilen zavodunun ilkin mərhələdə ildə 10 çeşiddə 184 min ton polipropilen və 4 çeşiddə 120 min ton yüskəksıxlıqlı polietilen istehsal edəcəyini, daxili bazarın tələbatı ödənildikdən sonra qalan məhsulun Türkiyə və Avropaya ixrac olunacağını bildirir.

Müəllifin deməsinə görə, bu, ümumi investisiya xərcləri 816 milyon dollar təşkil edən bir müəssisədir, istehsal müddətində dövlət büdcəsinə ümumilikdə 600 milyon dollar məbləğində vergilər ödəməsi nəzərdə tutulub: "SOCAR Polymer"in fəaliyyəti ölkənin qeyri-neft sektorunun ixrac gəlirlərini 15 faiz, Abşeron iqtisadi regionunun ümumi daxili məhsulunun həcmini 14 faizdən çox artıracaq", - müəllif zavodun perspektivini belə izah edir.

Müəllif vurğulayır ki, fevralın 18-də yüksəksıxlıqlı polietilen zavodunun açılışını edən prezident İlham Əliyev "SOCAR Polymer"in tam gücü ilə işə başlamasını əlamətdar hadisə kimi dəyərləndirib: "Zavodun istehsal gücü 300 min ton olacaqdır. Bu, bizim qeyri-neft ixracımızın 15 faiz artımı deməkdir. Bizim əsas məqsədimiz qeyri-neft ixracını artırmaq, ölkə iqtisadiyyatını şaxələndirmək, yeni iş yerləri açmaq və Azərbaycanda müasir texnologiyalı müəssisələrin yaradılmasına nail olmaqdır".

Müəllifə görə, Sumqayıt Kimya Sənaye Parkında, şəhərdə istifadəyə verilən çoxsaylı istehsal müəssisələrində və sosial obyektlərdə minlərlə insan öz məşğulluq problemini həll edə bilib.

Müəllif hesab edir ki, Sumqayıtda görülən işlərin, ölkədə aparılan sənayeləşmə siyasəti istiqamətində burada həyata keçirilən ardıcıl tədbirlərin də əsas məqsədi iqtisadiyyatı şaxələndirmək, qeyri-neft məhsullarının ixracını artırmaqdır.

Son olaraq isə məqalədə oxuyuruq: "Bu məqsədlə yaradılan müasir texnologiyalı müəssisələrdə yeni-yeni iş yerləri açılır. Məşğulluq problemi uğurla həll olunan sumqayıtlılar da, öz növbəsində, Azərbaycanın inkişaf və tərəqqisinə xidmət edirlər".

Ekspertlərdən yeni yaşayış minimumu standartları tələbi

"Müsavat.com"da isə "Yaşayış minimumu standartlarına yenidən baxılmalıdır-ekspert" sərlövhəli məqalə diqqəti çəkir

Müəllif bu standartlara dair ekspertlər Rövşən Ağayev və Natiq Cəfərli ilə müzakirə aparır.

Müəllif deyir ki, dövlət başçısının sərəncamı ilə martın 1-dən Azərbaycanda minimum əməkhaqqı artırılaraq ölkə üzrə orta yaşayış minimumu (180 manat) həddinə çatdırılır və bu addımdan sonra Azərbaycanda yaşayış minimumunun hesablanması ilə bağlı müzakirələr başlayıb.

Yazı müəllifi xatırladır ki, bu il üçün təsdiqlənmiş yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilib.

İqtisadçı-ekspert Rövşən Ağayev deyir ki, müzakirələr Azərbaycanda minimum yaşayış standartlarının nə dərəcədə ölkənin iqtisadi inkişaf səviyyəsinə uyğun olması və minimum əməkhaqqının minimum yaşayışın real hesablanmış standartlarına nə dərəcədə cavab vermsinə yönəlməldir: "Nəzərə alaq ki, minimum yaşayış standartları az qala 15 il öncə təsdiqlənib. Belə ki, 2005-ci ildə Azərbaycan Dünya Bankının təsnifatında o zamankı gəlir standartı ilə adambaşına milli gəliri 3000 dollardan aşağı olan "aşağı orta gəlirli" ölkələr qrupunda idi. Bu gün isə artıq adambaşına milli gəliri 5000 dollar ətrafında olan "yuxarı orta gəlirli" ölkələr qrupunda yer alıb.

Ekspert deyir ki, 2005-2007-ci illərdə rəsmi yaşayış minimumu 65-70 dollar olub, 2019-cu ildə isə 105 dollardır: "Ötən 12-13 ildə ABŞ-dakı inflyasiyanı, 1 ABŞ dollarının alıcılıq qabiliyyətində (real mübadilə dəyərində) baş verən azalmanı da nəzərə alsaq, belə çıxır ki, Azərbaycanda minimum yaşayış dəyərində ciddi artım baş verməyib.

R.Ağayev deyir ki, 2015-ci ildə isə Dünya Bankı adambaşına gündəlik qazancı 1.90 dollara qaldırdı (buna qədər 1.25 dollar idi) və bu dəfə isə həmin məbləğ ABŞ dollarının 2011-ci ildə olan alıcılıq qabiliyyəti ilə hesablandı.

Ekspertə görə, ötən müddətdə Azərbaycan nəhəng gəlirlər əldə etsə də, iqtisadi imkanlar böyüsə də, aztəminatlı insanlar üçün hazırlanan rəsmi minimum yaşayış standartları demək olar ki, dəyişməyib.

R.Ağayev hesab edir ki, minimum istehlak səbətinin strukturu da dəyişməlidir, belə ki, indi Azərbaycanda 3 istehlak səbətində minimum istehlak üçün nəzərdə tutulan ərzaq, qeyri-ərzaq və xidmətlərin sayı 150 çeşid ətrafındadır, bu məsələdə çox ciddi qeyri-şəffaflıq var.

Ekspertə görə, Nazirlər Kabinetinin qərarında orta normalar yoxdur, yalnız 3 demoqrafik qrup üzrə səbətlər müəyyən edilib, əgər orta normalar yoxdursa, o zaman yaşayış minimumunun orta dəyəri necə hesablanır.

R.Ağayev hesab edir ki, yaşayış minimumunun dəyəri ilə yanaşı ərzaq səbəti ayrıca olaraq təsdiqlənməli, ölkədə ərzaq yoxsulluğu ilə bağlı göstərici ayrıca olaraq bəyan edilməlidir: "Fərd və ailə üçün yaşayış minimumunun da ayrıca təsdiqlənməsi çox vacibdir".

Ekspert Natiq Cəfərli də hesab edir ki, mövcud göstəricilər ölkə üzrə minimum yaşayış səviyyəsini dəqiq əks etdirmir: "Azərbaycanda yaşayış minimumunun hesablanması üçün istifadə olunan indikatorlar çox köhnəlib.

N.Cəfərli deyir ki, onlara yenidən baxmağa ciddi ehtiyac var, burada söhbət həm ərzaq rasionundan gedir, həm kalori baxımından, geyim normaları və sairdən gedir: "Minimum istehlak səbətinə bir sıra xidmətlərin də xərcləri əlavə olunmalıdır. Məsələn, İnternet xərcləri, dincəlmək, əyləncə xərcləridir, fərdi təhsillə bağlı xərclərdir. Bunlar da səbətə daxil edilməli, yeni parametrlər müəyyənləşdirilməlidir".

Onun szölərinə görə, Azərbaycanda üst geyimlərinə aid 1986-cı ildə SSRİ Nazirlər Komitəsinin verdiyi normativlər tətbiq edilir.

N.Cəfərli hesab edir ki, Azərbaycanda da bu məsələyə yenidən baxılmalı, yaşayış minimumu müasir normativlərlə hesablanmalıdır və bununla bağlı Milli Məclis qanun da qəbul edə bilər.

Bir məsələ, bir neçə səbəb

"Marja.az"da isə "Istismara qəbul edilməmiş binaların sayı və problemin səbəbləri açıqlandı" sərlövhəli məqalə oxumaq olar.

Sayt ölkə üzrə istismara qəbul edilməmiş çoxmənzilli binaların problemləri barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyevin düşüncələrinə yer verib.

Komitə sədri deyir ki, ölkə üzrə istismara qəbul edilməmiş hündürmərtəbəli binaların sayı 400-ə yaxındır və hazırda bu binalarda yaşayış mövcuddur:

"Həmin binaların tikintisi başa çatdırılıb. Hazırda istismara qəbul edilməmiş 400-ə yaxın binada 10 minə yaxın sakin yaşayır".

S. Nuriyevin deməsinə görə, binaların istismara qəbul edilməməsinin əsas səbəbləri icraatın tamamlanmaması və layihədən kənarlaşmalarıdır:

"Binaların istismara qəbul edilməməsi bir neçə səbəb ilə bağlıdır. Birinci səbəb icraatın tamamlanmamasıdır. Yəni, tikintinin mərhələlərində sənədlər qaydaya salınmayıb. Mənzil tikinti kooperativləri və ya tikinti şirkətləri tərəfindən bu məsələyə məsuliyyətlə yanaşılmayıb".

Komitə sədrinə görə, ikinci səbəb isə təsdiq olunmuş layihələrdən kənarlaşmaya yol verilməsidir, binalarda əlavə tikinti işləri aparılmasıdır.

S.Nuriyev buna daha bir səbəb də göstərir ki, bütün sənədləşməsi düzgün olan MTK-lar binanın istismara qəbul olunmasına tələsmirlər.

"Qanunvericilikdə olan son dəyişikliklərdən irəli gələrək istismara qəbul edilmiş binalarda bir ay ərzində sakinlər öz idarəetmələrini qurmalıdırlar, Bu da MTK-lara sərf etmir".

Xatırladaq ki, fevralın 19-da dövlət başçısının imzaladığı "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" fərmana əsasən, 2019-cu ilin sonunadək istismara qəbul edilməmiş hündürmərtəbəli binaların istismara qəbul edilməsi nəzərdə tutulur və fərman 2019-cu ilin 1 yanvar tarixinədək tikilmiş və yaşayışın olduğu binalara şamil edilir.

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti