Eldeniz Quliyev. VOA

Eldeniz Quliyev. VOA

Azərbaycan ziyalısı çətin günlərini yaşayır. Bir tərəfdən maddi sıxıntı, digər tərəfdən açıq sözə qarşı qoyulan qadağalar. Və daxildə olan qarşıdurma. Bəs ziyalı xalq qarşısında missiyasını necə yerinə yetirməlidir? Bu suallar ilə biz Yazıçı və kinodramaturq, Azərbaycan Ziyalılar Hərəkatının rəhbəri Eldəniz Quliyevə müraciət etdik.

-Əgər ziyalıları ayıran səbəblər varsa o zaman deyin - həmişə belə olub, yoxsa bu müasirliyin əlamətidir?

-Neynəmək olar, ziyalı insanın təbiəti belədir: o, hər zaman, daha çox tənhalığa can atır. Kollektiv, yaxud hər hansı birlik çərçivəsində fəaliyyətdən uzaq olamğa çalışır və merkantil maraqların əsirinə çevrilməkdən qorxur. Əlbəttə, əgər əsil ziyalıdan danışırıqsa. Müasir zaman kəsiyində isə ONUN bu özəlliyi daha artıq nəzərə çarpır. Çünki bu gün ziyalılar, istəsələr də, istəməsələr də müxtəlif "səngərlərə" və müxtəlif "qınlara" çəkiliblər. Bəlkə elə buna görədir ki, ziyalı bəndələr bu gün meydanı zəbt eləmiş boşboğaz və bacarıqsız siyasətçilərin "fəaliyyəttinə" tamaşa etməkdən savayı bir iş görə bilmirlər...

-Əslində, ziyalı zümrə xalqın önünə düşməli, ölkənin düzgün inkişafını, iqtisadi, siyasi və mənəvi dirçəlişini təmin edəcək YOLu, ÇARƏni göstərməldi. Ziyalı bəndə, nə yazıqlar ki, xalqın zəkasının, iradəsinin, ruhunun güc mərkəzi olduğunu sübut edə bilmədiyindən... uduzdu. Ziyalı qorxdu, qorxuduldu və nəticədə, ictimai rəy və ictimai məhəbbət yaratmağa, ona nüfuz etməyə qadir olmadığından, müqavimət göstərmədən, səssiz-səmirsiz siyasət səhnəsindən uzaqlaşdı. Yaxud,uzaqlaşdırıldı. Məhz elə buna görədir ki, ziyalılar rəhbəri avtoritetdən, demaqoqiyanı vətənpərvərlikdən, şüarı proqramdan, komformizmi sağlam mövqedən, azadlığı özbaşınalıqdan, populizmi ideoligiyadan seçib ayıra bilməyən siyasətbazların qarşısında acizdir, söz deyə bilmir, dözür və susmağa üstünlük verirlər!..

Və beləcə, yavaş-yavaş unudurlar ki, əslində, ziyalının ALIN YAZIsı, ali missiyası taleyüklü hadisə və prosseslərin arbitri olub, pozitiv inkişafın generatoruna çevrilmək, qaranlığa işıq, bulanlığa duruluq gətirməkdir. Düşünürəm ki, bu gün ziyalı insan amorf halından qurtulub, ölkənin şərəf və ləyaqətinin məsuliyyətini daşımaq üçün yenidən doğulmalıdı...

- Ziyalılar zəif və qorxaqdırlar - bu deyimə sizin münasibətiniz?

- Ziyalı zəif və qorxaqdırmı? Maraqlı sualdı... Hər şeydən əvvəl onu deyim ki, aydın insanlar çox həssasdılar. Və bu, qətiyyən onların zəifliyinə, yaxud qorxaqlığına dəlalət eləmir. Bəli, Çin farforo çəkic qarçısında zəifdir. Amma heç şübhəsiz ki, O, həmin o çəkici düzəldən və ya o çəkiclə zərbə vuran adamdan güclüdür- mənən!

Ziyalı bəndə öz xalqının ruhunu təmsil edirsə, - belə insanlar qorxaq və zəif ola bilməz. Onlar mənəvi qüdrət daşıyıcılarıdılar və Onlar güclü və cəsarətli olmağa məhkumdular.

-Savadlı olmaq ziyalılığın göstəricisidir? Pinəçi ziyalı ola bilərmi?

- Öncə onu deyim ki, ziyalı təkcə işıqlı insan olmaq deyil. O, daha çox, işığın fəaliyyəti deməkdir. Digər tərəfdən, gərək bu məsələyə bir qədər fərqli prizmadan yanaşaq; məncə, bu gün "ziyalı adını kimə şamil etmək olar?" ritorikasından vacib, "ziyalı insan necə olmalıdı, nə etməli və onun missiyası nədir?" - suallarına cavab aramalıyıq. Əgər biz, milli maraqları şəxsi maraqlardan üstün tutan,mütərəqqi düşüncəli, vətən və xalqsevər şəxsiyyətlərdən danışırıqsa, onda, umacağımız bir məsələdir. Yox, əgər söhbət ləyaqət hissini itirmiş və öz işini məddahlıqda görən,yaxud öz xeyri üçün hər şeyi, hətta günəşi belə inkar etməyə hazır olan bir para ziyalı qiyafəli ziyanlı adamlardan və onların vəzifələrindən, elmi dərəcələrindən və s. gedirsə bu, tamam başqa məsələdir. Ziyalı öz xalqının mənəviyyat daşıyıcısı, vicdan simvolu və ləyaqət timsalı olmalıdır. Və ZİYALI - təpədən dırnağaycan, qanına, iliyinəcən ALİCƏNAB İNSAN - həmişə müxalifətdədir.

Allahdan, Xalqdan və Dövlətçilikdən savayı hamıya və hər şeyə müxalifətdədir, çox vədə elə müxalifətin özünə müxalifətdədir. Çünki əgər, müxalifətin ali məqsədi, son nəticədə hakimiyyətə gəlmək, mənsəb sahibi olmaqdırsa, ziyalıların amalı,müxalifətdən fərqli olaraq, xalqı MƏBƏDƏ aparan TƏKAMÜL YOLUna çıxarmaqdır. Və bu müqəddəs missiya sahibi həmin o YOLA zərrə qədər də olsa, gölgə sala biləcək güzəştə,kompromisə getməməlidir. Əlbəttə, bu insan pinəçidə ola bilər, çoban da. Yetər ki, o, savadsız olmasın, daha doğrusu, biliksiz olmasın və... yuxarıda dediyim keyfiyyətlərin daşıyıcısı,ağıllı və müdrik insan olsun.

­-İqtidarın ziyalı təbəqəyə aid siyasəti nədən ibarətdir?

-İqtidarın ziyalı zümrəsi ilə bağlı yürütdüyü siyasəti, yumşaq desək, acınacaqlıdı. İqtidar ölkə ziyalılarını öz sözünü deməyən, haqq səsini içində boğan, bir sözlə, plastilin xassəli görmək istəyir. Və bu, əlbəttə ki, acı təəssüf hissi doğurur. İqtidar istəyir ki, onun yanındakı ağıllı insanlar ətrafda baş verən ədalətsizliklərə,qanunsuzluqlara göz yumsun- kor olsunlar. İqtidar istəyir ki, onu dəstəkləyən elm və incəsənət xadimləri acı reallıqlar barədə bir kəlmə də danışmasınlar - lal olsunlar. İqtidar istəyir ki, yan-yörəsinə sığınmış savadlı, nəcib adamlar daima yaltaqlıq etsinlər, haqq söz əvəzinə ağ yalanlar danışaraq, ancaq və ancaq yüksək kalibirli vəzifəli məmurların şəninə təriflər yağdırsınlar,eləcə də, toplumun az qala xorla dediyi şikayətlərini eşitməməzliyə vursun - lal olsunlar!.. Amma o MƏBƏD də öz yerində durur, ona aparan o YOL da öz yerindədir.

Eldəniz Quliyev 20 aprel 1952-ci ildə Lənkəranda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdikdən sonra (1974), Moskvada Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsində təhsil alıb (A. Tarkovski, V. Yejov və O. İoselianinin yaradıcılıq emalatxanası, 1979-1981). "Mosfilm", M.Qorki adına kinostudiyalarda, Ostankino Televiziya Mərkəzində təcrübə keçib. "Azərbaycanfilm" kinostudiyasında redaktor, redaksiya kollegiyasının, bədii şurasının, dövlət film qəbulu komissiyasının üzvü (1981-1987), "Debüt" studiyasının baş redaktoru (1987-1992), "Azərkinovideo" İstehsalat birliyinin baş redaktoru (1993-1996), ABA televiziya şirkətinin baş redaktoru (1999) vəzifələrində işləyib. 2006-cı ildə Beynəlxalq Sülh Federasiyası tərəfindən "Sülh səfiri" fəxri adına layiq görülüb. Rus və Azərbaycan dilində nəşr edilən "Ziyalı-İntelligensiya" gəzetinin təsisçisidir. Hazırda Azərbaycan Ziyalı Hərəkatının sədridir. "Üçatılan", "Tilsimli dairə", "Təpəgöz" (Rolşa Respublikasında tamaşaya qoyulub), "Mürşüd kişi niyə susur?", "İstək" və s. dram əsərləri Azərbaycan teatrlarında tamaşaya qoyulub. "Ağ yuxu" hekayələr toplusu (1985), "Kölgəsiz adam" hekayə və povestlər kitabı (1998), "Rasim Balayev" (1999) kitabı nəşr olunub. Bir necə qün əvvəl Eldəniz Quliyev yeni "İşartı" kitabını dərc etdirib.

Rəy yaz

Sual-cavab

Beynəlxalq Mətbuat Azadlığı günü: Azərbaycanda azad media varmı? – Xalid Ağəliyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti