AXCP-nin dörd fəalı həbs edilib

Bakı/04.04.19/Turan: Martın 30-u və 31-də Azərbaycan Xalq Cəbhəsinin dörd fəalı, Milli Şuranın aprelin 6-na təyin etdiyi mitinqin təşkilatçısı olan Paşa Umudov, Ramid Nağıyev, Yalçın Abdulılayev və Nicat Nizamov inzibati qaydada həbsə məhkum edilib. Bu barədə Turan-a AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib.

Onun sözlərinə görə, həbs edilənlərin hamısı İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (polisin qanuni tələbinə tabe olmamaq) ilə günahlandırılıb.

"Xətai Rayon Məhkəməsi Paşa Umudova 15 sutka, Binəqədi Rayon Məhkəməsi Ramid Nağıyevə 30 sutka, Yalçın Abdullayevə 15 sutka, Suraxanı Rayon Məhkəməsi isə Nicat Nizamova 15 sutka inzibati həbs cəzası verib," - o qeyd edib.

G.Bayramlı fəalların həbsinin əvvəlcə hökumətdə mitinqə icazə verilib-verilməyəcəyi ilə bağlı vahid fikrin olmamasından irəli gəldiyini deyib.

"Bu səbəbdən ötən həftənin şənbə və bazar günləri fəalların həbsi başladı. Hökumətdə mitinqə icazə verilməyəcəyi ilə bağlı vahid fikir formalaşandan sonra isə həbslər dayandırıldı," - o qeyd edib.

AXCP sədri Əli Kərimli də fəalların həbsinə münasibət bildirib. "Əvvəllər hökumət mitinqə razılıq verəndə mitinqin əsas təşkilatçılarını həbs edirdi. Sonradan "islahatlar" başladı və hökumət razılıq vermədiyi mitinqin də təşkilatçılarını həbs etdi. Adamlar ciddiliklərini tamam itiriblər,"- o qeyd edib.

Milli Şuranın yanvarın 19-da keçirdiyi mitinq ərəfəsində və mitinqdən sonra AXCP-nin 60-dan çox fəalı saxlanılıb. Onlardan 51 nəfəri 10 sutkadan 30 sutkayadək inzibati həbsə məhkum edilib. Partiya fəallarından 5 nəfəri artıq təkrarən inizbati həbsə məhkum edilib. AXCP-nin 22 fəalı 50 manatdan 500 manatadək inzibati qaydada cərimə olunub.

Azərbaycan rəsmiləri vətəndaşların dinc siyasi fəaliyyətlərinə görə təzyiq və həbslərlə üzləşməsi ilə bağlı deyilənləri qəbul etmirlər.-03B-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti