AŞPA məruzəçisi Bakını seçkilərin legitimliyini şübhə altına qoymamağa çağırıb

Bakı/08.01.19/Turan: AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Torild Sunna Avarsdottir Azərbaycan hakimiyyətinin Strasburq Məhkəməsinin bir sıra şəxslər barəsində mühüm qərarlarını icra etməməsi, bu səbəbdən onların ölkədə vaxtından əvvəl parlament seçkilərində namizəd kimi iştirak edə bilməməsi ilə bağlı təəssüfünü bildirib.

Onun təşkilatın saytında dərc edilmiş bəyanatında xatırladılır ki, Azərbaycan hökuməti Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) bir sıra mühüm hökmlərini 2019-cu il dekabrın 31-nə - Avropa Şurası Nazirlər Komitəsinin müəyyən etdiyi müddətə qədər yerinə yetirməyib.

"Avropa Məhkəməsi cinayət mühakiməsi sistemindən siyasi əsaslarla sui-istifadə olduğunu müəyyən etdiyi hallarda Azərbaycan hakimiyyətinin İlqar Məmmədov və digər ərizəçilər barəsində ittiham hökmlərini ləğv edə bilməməsindən dərin məyusluq hissi keçirirəm", deyə Evarsdottir bildirib.

"Nazirlər Komitəsi Azərbaycan Ali Məhkəməsinin sözügedən işlərə baxılmasını yekunlaşdırması üçün son tarixi 31 dekabr olaraq müəyyən edib və bu müddət keçirilib", deyə o, əlavə edib.

Məruzəçinin fikrincə, "bu, həm maraqlı şəxslər, həm də Azərbaycanın Avropa Şurasında mövqeyi üçün mühüm məsələdir". "Hökmlər bu cümə gününə, yanvarın 10-na qədər ləvğ edilməsə, ərizəçilər fevralda keçiriləcək parlament seçkilərində namizəd kimi qeydiyyatdan keçə bilməyəcəklər. Bu, seçkilərin demokratik cəhətdən legitimliyini, Azərbaycanın AİHM-nin nüfuzuna hörmətini və ölkənin bütünlükdə demokratiya və qanunun aliliyinə sadiqliyini ciddi şübhə altına qoyur", deyə məruzəçi qeyd edib.

Evarsdottir bildirib ki, "Assambleya bu ayın sonunda AŞPA sessiyasında Azərbaycandakı hadisələri diqqətlə gözdən keçirəcək, onun 2019-cu ilin dekabrında Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsi tərəfindən yekdilliklə qəbul edilmiş məruzəsini müzakirə edəcək".

2019-cu il sentyabrın 26-da Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycan hakimiyyətini Strasburq Məhkəməsi tərəfindən hüquqlarının pozulduğu etiraf olunmuş "İlqar Məmmədovun qrupu" adı ilə məşhur olan səkkiz fəal barəsində ittiham hökmlərini ləğv etməyə və onların məhkumiyyətini götürməyə çağırıb. Bu fəallar arasında İlqar Məmmədov, Rəsul Cəfərov, Zaur Qurbanlı, Anar Məmmədli, İntiqam Əliyev, Üzeyir Məmmədli, Rəşadət Axundov və Rəşad Həsənov var.

Azərbaycan hökuməti dekabrın 31-nə qədər onların hüquqlarını tamamilə bərpa etməli idi. Amma bu, təmin edilməyib və parlamentə namizədliyini irəli sürmək istəyini bildirən İlqar Məmmədov, Rəsul Cəfərov və Zaur Qurbanlı məhkumiyyətləri götürülmədiyinə görə öz hüquqlarını həyata keçirə bilməyib. -06В-

 

Rəy yaz

Siyasət

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti