Bakı metropoliteni koronavirusa qarşı profilaktik tədbirlər həyata keçirir

Bakı/21.02.20/Turan: Bakı Metropoliteni yeni koronavirus ("2019-nCoV") infeksiyasına qarşı əks-epidemik tədbirlərə başlayıb. Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, tədbirlər insanların daha çox təmasda olduğu stansiya və qatarlarda aparılacaq.

Aparılan əks-epidemik tədbirlər infeksiyanın yoluxma mexanizmləri və yollarına qarşı yönəlmiş tədbirlərdir.

Sərnişin axınının intensivliyi, sıxlığı, müntəzəm təmas şəraiti, təbii ventilyasiyanın qeyri-intensivliyi, günəş şüalarının daxil olmaması metropolitendə ehtiyat tədbirlərinin gücləndirilməsini tələb edir.

Bu məqsədlə "Bakı Metropoliteni" QSC xüsusi lisenziya ilə fəaliyyət göstərən və bu sahə üzrə ixtisaslaşmış xidmətlə birlikdə sanitar-gigiyenik tədbirlərin keçirilmə qaydasını, istiqamətlərini, profilaktik vasitələrin təhlükəsiz tətbiqi imkanlarını araşdıraraq, dezinfeksiya tədbirlərinə başlayıb. Ardıcıl tədbirlərə bu gündən "Nərimanov" elektrik deposunda qatarlarda başlanılıb. İş gününün qrafikinə uyğun olaraq bütün vaqonlar mərhələli şəkildə tam həcmdə dezinfeksiya olunacaq.

Bu tədbirlər stansiyalarda gecə növbəsində təşkil ediləcək. İşlər hər bir stansiyada, ayda iki dəfə olmaqla, keçidlərdə, vestibüllərdə, platformalarda və yollarda görüləcək.

Bundan başqa, sərnişinlərin daha çox təmasda olduğu eskalator sürahisi, giriş-çıxış qapıları və əllə toxunula biləcək digər səthlər hər gün bir neçə dəfə dezinfektantlarla təmizlənəcək.

"Bakı Metropoliteni" QSC sərnişinlərini metropolitendə sanitar-gigiyenik normaların tələblərinə riayət etməyə, bu məsələlərdə fəal mövqe tutmağa dəvət edir. Stansiya və qatarların zibillənməməsi, təmizliyə riayət olunması, qida, yeyinti və kulinariya məhsullarının, ən əsası, saqqız və s. bu kimi fəal və dayanıqlı mikrob daşıyıcılarının təmas olunan yerlərə atılmaması, yapışdırılmaması və digər bu kimi hallara yol verilməməsi mühüm əhəmiyyət kəsb edir, deyə mətbuat xidmətinin məlumatında bildirilir. -16D-

 

Rəy yaz

Cəmiyyət

Beynəlxalq Mətbuat Azadlığı günü: Azərbaycanda azad media varmı? – Xalid Ağəliyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti