Növbədənkənar seçkilər saxtalaşdırılıb və xalqın iradəsini əks etdirmir - Milli Şura
Bakı/10.02.20/Turan: 9 fevral növbədənkənar parlament seçkiləri kütləvi saxtakarlıq və qanun pozuntuları şəraitində keçib. Ölkə boyu əldə olunan məlumatlar göstərir ki, bu seçkinin nəticələri tamamilə saxtadır və xalqın iradəsini əks etdirmir. Bu barədə Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) bəyanatında deyilir.
Seçki günü baş verən qanun pozuntuları və saxtakarlıqlar barədə müxtəlif informasiya mənbələrində, sosial şəbəkələrdə saysız-hesabsız məlumatlar, foto və videolar paylaşılıb. "Bu məlumat və çəkilişlər artıq seçkinin nəticələrini bütövlükdə ləğv etməyə yetərli sayıla bilər", deyə bəyanatda bildirilir.
DQMŞ qeyd edir ki, növbədənkənar parlament seçkisi hələ təyin edilərkən, onun legitimliyi bir sıra səbəblərdən şübhə altına düşüb. Bu seçkinin hansı zərurətdən irəli gəldiyi, nəyə görə vacib olduğu haqda cəmiyyətə ağlabatan hər hansı izahat verilməyib, onun təyin olunmasından qabaq bu istiqamətdə ictimai müzakirələr aparılmayıb.
DQMŞ həmçinn seçkilərdə iştirakın 50%-ə qədər şişirdildiyini bildirir. "İlkin rəsmi məlumatlarda seçici fəallığı 50%-ə yaxın göstərilsə də, müstəqil mənbələrdən alınan xəbərlər deməyə əsas verir ki, bu göstərici 10-15% civarında olub. Seçki kampaniyası dövründə də nəzərə çarpan seçici fəallığı olmayıb. Xalqın böyük əksəriyyəti seçkini əvvəldən boykot edib.Müstəqil müşahidəçilərin verdiyi məlumatlar göstərir ki, iştirak 10-15% təşkil edib", deyə bəyanatda qeyd edilir.
Milli Şura bu seçki prosesinin əvvəldən azad və ədalətli seçkiyə uyğun olmadığını və səsvermə günü baş verənləri nəzərə alaraq bir daha bəyan edir ki, 9 fevral növbədənkənar parlament seçkisi xalqın iradəsini ifadə etmir və tamamilə saxtadır.
"Bu parlament Əliyevlərin razılıq verdiyi siyahı üzrə əvvəlcədən formalaşdırılıb və Azərbaycan xalqını təmsil edə bilməz", deyə sənəddə vurğulanır.
Milli Şura Azərbaycan xalqını və dünyanın demokratik ictimaiyyətini bu seçkinin nəticələri ilə barışmamağa çağırır.
"Azərbaycan xalqı seçmək və hakimiyyətin mənbəyi olmaq kimi fundamental, konstitusion hüququndan məhrum edilib. Bu hüququ özünə qaytarmaq üçün o, dinc, kütləvi və ardıcıl mübarizə aparmağı bacarmalı, daha yaxşı təşkilatlanmağa, demokratiya uğrunda mübarizəni güzəştsiz təşkil edə bilən siyasi qüvvə ətrafında təmərküzləşməyə çalışmalıdır", deyə bəyanatda qeyd edilir.
Beynəlxalq birlik də Azərbaycan xalqı qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl etməli, Azərbaycan hakimiyyətinə avtoritar mövqeyindən geri çəkilmək üçün ciddi təzyiqlər göstərməli, o cümlədən hakimiyyət nümayəndələrinə qarşı ünvanlı sanksiyalar tətbiq etməlidir, deyə DQMŞ-nin bəyanatında vurğulanır. -06D-
Siyasət
-
Nərimanov Rayon Məhkəməsi bu gün müxalifətçi siyasətçi Qubad İbadoğlunun ev dustaqlığına buraxılması barədə qərar çıxarıb. Bu barədə onun vəkili Bəhruz Bayramov məlumat verib.
-
Bazar ertəsi gündüz Kremldə RF və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin görüşü keçirilib. Əliyevi salamlayan Putin deyib ki, bu günlərdə Baykal-Amur magistralının 50 illiyi qeyd edilir. "Hamı yaxşı bilir ki, atanız çox böyük rol oynayıb, hökumət komissiyasına rəhbərlik edib, dəfələrlə tikinti sahəsinə gedib. Əslində o, bütün Sovet İttifaqı üçün vacib olan bu möhtəşəm layihənin təşkilatçılarından biri idi. Biz nəinki bunu bilirik - biz bunu xatırlayırıq və ona çox minnətdarıq, onun xatirəsini yaşadırıq", deyə Putin qeyd edib.
-
Ermənistanın Tavuş vilayətinin Voskepar kəndi yaxınlığında ərazilərin minalardan təmizlənməsinə başlayıb. Yerli sakinlər iddia edirlər ki, bu ərazilər Azərbaycana qaytarılacaq və minatəmizləmə işləri məhz buna görə aparılır.
-
Rusiya və Azərbaycanın münasibətləri inkişaf etdirmək üçün istəyi və potensialı var, bu barədə jurnalistlərə RF prezidentinin mətbuat katibi Dmitri Peskov İlham Əliyevin Moskvaya səfərini şərh edərkən bildirib.
Rəy yaz