Məhkəmə Əli Kərimlinin DİN-ə qarşı iddiasına baxmaqdan imtina edib

Bakı/21.02.20/Turan: Bakı İnzibati Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ona ümumvətəndaş pasportunun (xarici pasport) verilməməsi ilə bağlı iddiasına baxmaqdan imtina edib.

Xatırladaq ki, 2006-cı ildə DİN 1994-cü ildəki cinayət işinə əsaslanaraq Ə.Kərimliyə öncəki müddət bitdikdən sonra yeni pasport verməkdən imtina edib.

2009-cu ildə Ə.Kərimli pasportun verilməməsi ilə bağlı AİHM-ə şikayət göndərib, 2015-ci ildə isə Strasburq məhkəməsi onun sərbəst hərəkət etmək hüququnun pozulduğunu tanıyıb və ona 8,6 min avro ödənilməsi barədə qərar çıxarıb.

2016-cı ilin noyabrında Ə.Kərimlini müdafiə tərəfi Azərbaycanın bu qərarı yerinə yetirmədiyini bildirib.

Bu ilin yanvarında Ə.Kərimli DİN və bu qurumun Pasport, Qeydiyyat və Miqrasiya İdarəsini məhkəməyə verib. İddiaya baxılması fevralın 20-nə təyin edilmişdi.

Həmçinin Ə.Kərimli Azərbaycanın AİHM-dəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovun üçüncü tərəf kimi cəlb edilməsini istəyib. Ancaq məhkəmə bunu etməyib.

İclas zamanı vəkil Fəxrəddin Mehdiyev Ə.Kərimlinin fundamental hüquqlarının pozulduğunu bildirib.

“Bu qanun pozuntusu uzun illərdir davam edir. AİHM öz sözünü deyib və  Əli Kərimlinin Azərbaycanın da ratifikasiya etdiyi Avropa İnsan Hüquqları Konvensiyası ilə zəmanət verilmiş hüquqlarının pozulduğunu tanıyıb. Azərbaycan Strasburq məhkəməsinin qərarlarını yerinə yetirməyə borcludur, lakin buna əməl etmir”, - vəkil  deyib.

DİN nümayəndəsi Əlirza Əbilov iddiaya baxılmasının əleyhinə olub və deyib ki, Azərbaycan məhkəmələri artıq Əli Kərimlinin iddiasına baxıblar və pasportun verilməməsini qanuni hesab ediblər. Həmin məhkəmə qərarları ləğv edilməyib, buna görə də məsələyə qayıtmağa ehtiyac yoxdur.

O həmçinin qeyd edib ki, AİHM-in qərarının olmasına baxmayaraq, Azərbaycan məhkəmələrinin əvvəlki qərarları ləğv olunmayıb. “Ali Məhkəmənin Plenumu bu işə yenidən baxmayıb və məhkəmələrin qərarlarını ləğv etməyib”, - o bildirib.

Hakim iddianın qəbuledilməz olduğuna qərar verib və baxmaqdan imtina edib.

Ə.Kərimli məhkəmənin qərarını və ona pasport verməkdən imtina edilməsini siyasi motivli hesab edir.

O, Facebook səhifəsində xatırladıb ki, xarici səfərlərinə qadağa 2006-cı ildə tənqidi çıxışlarından sonra qoyulub. “Sosial şəbəkələrin sürətlə inkişafı şəraitində dünya Azərbaycandakı real vəziyyəti yaxşı bilir və kiməsə harasa getməyi qadağan etməyin mənası yoxdur, çünki İnternet vasitəsilə birbaşa efirdə bütün dünya ilə əlaqə yarada bilərsən. 

Hər dəfə mənə pasport verməkdən imtina beynəlxalq tənqid predmetinə çevrilir. ATƏT DTİHB-nin monitorinq missiyasının son hesabatında da bu, “fundamental hüquqların pozulması” adlandırılıb”, - Ə.Kərimli yazıb.06D-

 

Rəy yaz

Siyasət

Beynəlxalq Mətbuat Azadlığı günü: Azərbaycanda azad media varmı? – Xalid Ağəliyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti