Aİ nümayəndəliyinin rəhbəri: “IMAGINE festivalı ağır günlərdə həmrəylik nümayiş etdirməyə imkan yaradacaq”

Bakı/06.05.20/Turan: Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi illik IMAGINE tolerantlıq festivalının başlanması münasibətilə mətbuat konfransı təşkil edib.

Koronavirusun yayılması ilə əlaqədar karantin tədbirlərinə görə tədbir videokonfrans formatında keçirilib.

Aİ nümayəndələri bildiriblər ki, hər zaman olduğu kimi, genişmiqyaslı tədbirlərin keçirilməsi planlaşdırılıb, lakin bütün dünyada koronavirus planlarda dəyişikliklərə səbəb olub və festivalın virtual formatda keçirilməsi barədə qərar qəbul edilib. Bundan ötrü www.euroimagine.az saytı yaradılıb ki, bunun vasitəsilə konsertlər, foto-sərgilər, filmlər rəqəmsal formatda təqdim ediləcək.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kəstutis Jankauskas qeyd edib ki, ağır şərtlərə baxmayaraq, festivalın keçirilməsi qərara alınıb, çünki bu, həmrəyliyin nümayiş etdirilməsinə  bir imkandır.

“Biz koronavirusla mübarizədə həmrəylik əlaməti olaraq Aİ-nin bayrağının təsviri ilə binanın işıqlandırılmasına görə Heydər Əliyev Mərkəzinə minnətdarlığımızı bildiririk. Festival çərçivəsində mayın 8-də Avropa Günü qeyd ediləcək. Festival zamanı iştirakçıların mahnıları Bakı şəhərinə həsr olunacaq və “Bakı üçün bir mahnı” devizi ilə səslənəcək.

Aİ nümayəndəliyi rəhbərinin birinci müavini Denis Daniilidis qeyd edib ki, bu günlərdə təkcə həkimlərin qəhrəmanlığını deyil, eyni zamanda çətin şərtlərə baxmayaraq, festivalın uğurlu keçirilməsi üçün toplaşan mədəniyyət xadimlərinin qəhrəmanlığını da qeyd etmək lazımdır. Onun sözlərinə görə, hazırda dünyanın 70 ölkəsində mədəniyyət xadimləri Azərbaycanda IMAGINE festivalı çərçivəsində çıxışlara hazırlaşırlar.

Latviyanın Azərbaycandakı səfiri Daynis Qarançs bildirib ki, onun ölkəsi festivalda üç qısametrajlı filmlə təmsil olunacaq ki, həmin filmlər bu günlərdə  müsbət enerji mənbəyi ola bilər.

Bakıda diplomatik fəaliyyəti başa çatmaqda olan Niderland səfiri Onno Kravers qeyd edib ki, festival dəyərləri birləşdirmək, gözəl anları bölüşmək və həmrəylik nümayiş etdirmək üçün imkan yaradır. 

“Niderland foto-sərgi təqdim edəcək. Həmin fotoları bu illər ərzində mən Bakıda və Azərbaycanın digər bölgələrində çəkmişəm. Bakı hər zaman mənim ilham mənbəyim olub və bütün bunlar məni çox sayda foto çəkməyə sövq edib”, -  o deyib.

Festival mayın 7-dən 15-dək keçiriləcək.71В-

 

Rəy yaz

Siyasət

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti