RETURN

Zorakılığa məruz qalanlarla bağlı “bank” yaradılıb
Cəmiyyət


2017 Oktyab 11 ( Çərşənbə ) 16:18:17
Çap versiyası
English  Русский 

Bakı/11.10.17/Turan: "Azərbaycanda məişət zorakılığı qurbanlarının 74 faizi buna birbaşa ailə üzvü tərəfindən məruz qalır". ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) məlumatında belə deyilir.

Məlumatda qeyd edilir ki, Azərbaycanda gender əsaslı zorakılıqla mübarizəyə kömək etmək məqsədilə gender əsaslı zorakılığa dair elektron məlumat bankı yaradılıb.

Məlumat bankının yaradılması USAID, BMT-nin Əhali Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə fəaliyyəti nəticəsində mümkün olub.

"Bu məlumat bankı zorakılıqla mübarizə sahəsində səmərəli tədbirlərin layihələndirilməsi və həyata keçirilməsində hökumətə dəstək göstərərək Gender Əsaslı Zorakılıqla Mübarizə layihəsi üçün mühüm mərhələdir. Məlumatların toplanması məişət zorakılığına məruz qalmış qadınlara daha yaxşı yardım göstəməkdə polisə, hakimlərə və sosial xidmət işçilərinə köməklik edəcək", deyə USAİD-in məlumatında qeyd edilir.

Xatırladaq ki, Azərbaycanda gender zorakılığı ilə bağlı rəsmi statistik bilgilər açıqlanmır. Ötən il BMT-nin Əhali Fondu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə bu sahədəki durumu araşdırmaq məqsədilə sorğu aparmışdı. Həmin sorğunun nəticələrində deyilirdi ki, Azərbaycanda 15 yaşından sonra qadınların 24 faizi müxtəlif formada zorakılığa məruz qalırlar. Zorakılığa məruz qalma hallarına ən çox Abşeron yarımadası və Lənkəranda rast gəlindiyi bildirilirdi. Xüsusilə, məcburi köçkün və qaçqınlar arasında zorakılıq hallarının daha yüksək olduğu qeyd edilir. -05D-