RETURN

Media-icmal 12.10.17
Cəmiyyət


2017 Oktyab 12 ( Cümə axşamı ) 10:51:29
Çap versiyası
English  Русский 

Ölkə iqtisadiyyatının inkişafı, AŞPA-da Azərbaycanla bağlı qətnamələrə baxış, ölkə əhalisinin kasıblaşmasının səbəbləri bugünkü (12 oktyabr, 2017-ci il) medianın aparıcı mövzularıdır.

Bu günün işi- sabaha təminat

"Azərbaycan"qəzeti "Həyata keçirilən islahatlar gələcək nailiyyətlər üçün möhkəm bünövrədir" sərlövhəli məqalədə ölkədəki iqtisadi durumu dəyərləndirir.

(http://www.azerbaijan-news.az/index.php?mod=3&id=131671).

Müəllif 2017-ci ildə qeyri-neft sahəsində inkişafın davam etdiyini, başlanmış bir çox işlərin bəhrə verdiyini, ölkədə 226 min yeni iş yerinin açıldığını, məcburi köçkünlərin həyat şəraitlərinin yaxşılaşdırılması yönündə tədbirlərin görüldüyünü vurğulayır.

Müəllif deyir ki, ölkənin qazandığı uğurlar Davos Dünya İqtisadi Forumunun hesablamalarında da əksini tapır, Azərbaycan rəqabətqabiliyyətlilik baxımından 140 ölkə arasında 35-ci yerdə qərar tutub.

Məqalə müəllifi bu uğurlara səbəb kimi yürüdülüən məqsədyönlü iqtisadi siyasəti və dövlət başçısı İlham Əliyevin bölgələrə səfərlərini göstərir: "Prezident İlham Əliyevin bu ilin ötən aylarında ölkənin müxtəlif bölgələrinə səfərləri, Yevlaxda, Saatlıda, Qaxda, Lənkəranda keçirdiyi müşavirələr qeyri-neft sektorunun, xüsusilə aqrar sahənin inkişafına təkan verib".

Yazıda vurğulanır ki, kənd təsərrüfatı ölkədə 3%-ə yaxın inkişaf edib, işlərin daha sürətlə görülməsi üçün artıq 8 mindən çox texniki vasitə fermerlərin istifadəsindədir.

Müəllif xatırladır ki, ölkədə qeyri-neft sektoru çoxtərəfli inkişaf edir, belə ki, ölkədə aqroparkların, texnoparkların, sənaye məhəllələrinin salınmasının perspektivə hesablanan uğurları davam edir.

Məqalə müəllifi deyir ki, bunlarla yanaşı ölkədə ənənəvi sahələrin inkişafı da diqqətdən kənarda qalmır və bölgələrdə xalçaçılıq müəssisəslərinin sayının 10-a çatacağını bildirir.

Müəllif hesab edir ki, iqtisadiyyatın şaxələndirilməsi həm də əhalinin məşğulluq probleminin həlli deməkdir və bir-birilə bağlı proseslər bütünlükdə ümumi inkişafa xidmət edir.

Yazıda yol çəkilişi xüsusi vurğulanır və bu təkcə harasa gediş rahatlığı yox, həm də iqtisadiyyatın inkişafı üçün şərtlərdən biri kimi dəyərləndirilir.

Müəllif deyir ki, indi ölkə iqtisadiyyatının çoxşaxəli inkişaf müstəvisində icra edilən proseslər növbəti illərdə qazanılacaq uğurların möhkəm özülüdür.

Əgər real inkişaf olmasa...

"Exo" qəzetində "Azərbaycan əhalisi nədən kasıblaşır?" sərlövhəli məqalə diqqət çəkir. (http://ru.echo.az/?p=63496).

Müəllif qoyulan suala cavabı ekspertlərlə axtarır və ekspertlər deyirlər: "Azərbaycan əhalisinin kasıblamasının əsas səbəbi devalvasiyadır. Bu hal vətəndaşların gəlirlərinin azalmasına gətirdi, inflyasiya həddi nominal əmək haqları və pensiyalarla müqayisəyə belə gəlmir".

Ekspertlər deiyrlər ki, bu ilin ötən 9 ayı ərzində ölkə əhalisinin nominal əmək haqqı cəmi 7% təşkil edib, amma inflyasiya bunu 2 dəfə üstələyib: "Rəsmi rəqəmlərə görə, inflyasiya 14%, "ərzaq inflyasiyası" isə 18%-dir. Bu isə o deməkdir ki, əhalinin real gəlirləri azalır, belə ki, inflyasiyanın həddi nominal gəlirlərin həddindən də yüksəkdir və məhz inflyasiya vətəndaşlara kasıbladıqlarını hiss etdirir".

Ekspertlər vurğulayırlar ki, bundan daha çox pensiyaçılar, aztəminatlı ailələr kimi həssas qruplar əziyyət çəkir, belə ki, iqtisadi artım 2015-ci ildən ləngiməyə başlayıb, keçən il real ÜDM 4%, bu ilin 9 ayında daha bir 1% kiçilib.

Ekspertlərə görə, məsələ təkcə devalvasiyanın olması ilə bitməyib, bunun hələ də davam edən fəsadları var: "Devalvasiyadan sonra əhalinin xərcləri artıb, gəlirləri azalıb, ərzaq məhsulları bahalaşıb, kommunal xidmətlərə görə tariflər əhəmiyyətli dərəcədə artırılıb".

Bu məsələdə diqqət çəkən məqam budur ki, ekspertlər perspektivə də nikbin yanaşmırlar: "Hesab etmirik ki, ölkə iqtisadiyyatında yaxın zamanlarda nəsə dəyişəcək, son aylarda ərzağın qiymətinin artması nəzərə çarpır, inflyasiya daha da sürətlənəcək, əhalinin real gəlirləri isə daha da azalacaq. Əhali daha çox qənaət etməli olacaq, ölkə daxili ticarət dövriyyəsi azalacaq ki, bu da iqtisadiyyata mənfi təisr göstərəcək. Ölkə iqtisadiyyatının real inkişafı olmadan yaxşılığa doğru dəyişikliklər gözləməyə dəyməz".

Bununla belə müəllif Dövlət Statistika Komitəsinə istinadən Bakıda orta aylıq maaşların illik hesablamada 8,3% artaraq 1481,1 manat, bu il iyulun 1-nə paytaxtda muzdla çalışanların isə 97,7 min nəfər təşkil etdiyini bildirir.

Müəllif yenə də rəsmi rəqəmlərə istinadən deyir ki, bu il avqustun 1-nə ölkə üzrə orta aylıq maaşlar 523,1 manat olub ki, bu da keçən ilin eyni dövrülə müqayisədə 6,9% çoxdur.

Kim utanmalıdır, AŞPA, yoxsa?...

"Azadlıq.info" da isə "Kim utanmalıdır: AŞPA, yoxsa Azərbaycan hakimiyyəti?" (https://www.azadliq.info/204074.html) sərlövhəli məqalə oxumaq olar.

Müəllif oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyəti, siyasi repressiyalar və təqiblər, o sıradan ifadə, sərbəst toplaşmaq və birləşmək azadlıqlarının kritik durumuna dair iki qətnamə qəbul etməsinə Azərbaycan nümayəndə heyətinin mövqeyini dəyərləndirir.

"Əslində çoxdan gözlənilən qərarlar idi, sadəcə, Azərbaycan hakimiyyəti illərdir bütün resurslarını, büdcə pullarını belə qərarların qəbul olunmamasına xərcləyir və son çağlar üzə çıxan 3 milyard dollar - "pulyuyan maşın"la bağlı araşdırmalar da bunun təsdiqidir". Müəllif bu qətnamələrin qəbul olunmasını belə qiymətləndirir.

Müəllifə görə, Azərbaycan hakimiyyətinin apardığı siyasət bu gün onu bu qurumla üz-üzə qoyub və bu durumun yaranmasına səbəblərdən biri və ya birincisi AŞPA-dakı nümayəndə heyətinin fəaliyyətidir.

Müəllif hesab edir ki, Azərbaycan nümayəndə heyətində olanların qərarlarla bağlı AŞPA-da isterik çıxışı, açıqlamaları təsadüfi deyil, çünki AŞPA-dakı bu "uğursuzluğa" görə hakimiyyətə cavab verməlidir ki, niyə belə vəziyyət yaranıb.

Müəllif Almaniyadan olan deputat, Azərbaycanda siyasi məhbuslar məsələsi üzrə keçmiş məruzəçi Ştrasserin Azərbaycandakı siyasi məhbuslarla bağlı hesabatının AŞPA-nın 2013-cü yanvar sessiyasında qəbul edilmədiyini xatırladır və səbəbini izah edir: "Ancaq Azərbaycan nümayəndə heyəti hesabatın müzakirə olunacağı yığıncağa daha "hazırlıqlı" getmişdi, elə bu hazırlığın sonucu olaraq 125 deputat hesabatın əleyhinə, yalnız 79 deputat lehinə səs verdi. O gün - 2013-ün yanvar sessiyasında Ştrasser də elə Azərbaycan nümayəndə heyətinin indiki durumu kimi - isterikada idi".

Müəllif hesab edir ki, insan haqlarına sayğısızlıq, AŞPA-nın neçə illər boyu tövsiyələrinə əməl olunmaması, kəskin qərarlar qəbul olunmasının ertələnməsilə bağlı verilən möhlətlər bu sahədə Azərbaycanda hər hansı müsbət irəliləyişə səbəb olmayıb.

Müəllif hesab edir ki, qəbul edilən qətnamələr ölkədə insan azadlıq və hüquqlarının real vəziyyətinə adekvatdır.

Müəllif vurğulayır ki, Azərbaycan nümayəndə heyətinin bu qətnamələrlə bağlı AŞPA-dan başqa reaksiya gözləməsi anlaşılmır və deyir: "Ayrı hansı sözü gözləyirdiniz ki?! Başqasına dirsək göstərəndə, bir gün o da boğaza yığılıb bunu təkrarlamağa məcbur olacaq...".