RETURN
Taleh Heydərov və Nigar Köçərli

Taleh Heydərov və Nigar Köçərli

Nigar Köçərli və Taleh Heydərovun kitab müharibəsi
Mədəniyyət


2018 Fevral 14 ( Çərşənbə ) 12:21:40
Çap versiyası
English  Русский 

Bakı/14.02.18/Turan: "Əli və Nino" kitab mağazaları şəbəkəsinin sahibi Nigar Köçərli və fövqəladə hallar nazirinin oğlu Taleh Heydərov bir-birinə qarşı ilk açıq ittihamları səsləndirərək, bununla kitab nəşriyyatı sahəsindəki gizli mübarizəni açıq qarşıdurmaya çeviriblər.

"Əli və Nino" kitab mağazaları şəbəkəsinin sahibi Nigar Köçərli fevralın 12-də fövqəladə hallar naziri Kəmaləddin Heydərova video və yazılı müraciət ünvanlayıb.

Geniş rezonans doğuran müraciətdə N.Köçərlinin sahibi olduğu kitab mağazalarına təhlükə yaranmasından bəhs edilirdi.

"4 il əvvəl "Gilan Holdinq"in nümayəndəsi məni "Gilan Holdinq"in mərkəzi ofisinə dəvət etdi. Sizin adınızdan dedi ki, "Əli və Nino"nu bizə verməlisən: "Əgər verməsən, biz fil, sən isə qarışqa - səni əzəcəyik", deyə Nigar Köçərli bildirib.

Nigar Köçərlinin sözlərinə görə, 4 ildir qarşı "mənəvi terror" davam edir: "Gömrükdə problemlər, mağazalarımda gizli çəkilişlər, işçilərin "doprosları", mətbuatda və sosial şəbəkələrdə əleyhimə kampaniyalar. Bu bəs etmədi, indi də "Əli və Nino" kitab dükanları mollardan çıxarılır. Sizin adamlar bizi bu dükanlardan qovur, yerində öz kitab dükanlarını yaradırlar".

N.Köçərli nazirdən xahiş edirdi: "Öz adamlarınıza deyin ki, məndən əl çəksinlər".

"LİBRAFF" sadəcə kitab mağazaları şəbəkəsidir, özəl sektora aiddir, ölkədəki on minlərlə analoji strukturdan biridir, yəni dövlət qurumu deyil, hər hansı nazirliyin şöbəsi heç deyil".

"Əli və Nino" kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərlinin sahibi olduğu kitab mağazalarına təhlükə yaranması ilə bağlı fevralın 12-də yaydığı açıqlamaya "LİBRAFF" kitab mağazaları şəbəkəsinin cavabında belə deyilir. N.Köçərlinin açıqlamasında "LİBRAFF" kitab mağazaları şəbəkəsinin adı da keçirdi.

Açıqlamada "LİBRAFF" kitab mağazaları şəbəkəsinin, TEAS Press Nəşriyyat evinin Avropa Azərbaycan Cəmiyyətinin (AAC/TEAS) törəmə şirkətləri olduğu, TEAS-ın təsisçisi və sədrinin Tale Heydərov olduğu bildirilir. T.Heydərov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğludur.

Açıqlamada vurğulanır ki, Nigar Köçərlinin müraciətinin formal ünvanı bir, əslində hədəf seçilən obyekt isə tamam başqa instansiyadır. "LİBRAFF"ın açıqlamasına görə, bu, atılan addımın özünün məntiqliliyini sual altında qoyur.

"Əgər Nigar Köçərliyə qarşı bu "hücumlar" son 4 ildə doğrudan da olubsa, onda, iddia edildiyi kimi, "o fil qarışqanı niyə əzməyib", hətta əksinə, ticarət mərkəzlərində yeni mağazaları açılıb? İttiham etmək asandır, amma bu ittihamlar sübut olunmalıdır, əks halda onu böhtan saymaq lazım gəlir".

Açıqlamada iddia olunur ki, "LİBRAFF" kitab satışı ilə peşəkar şəkildə məşğul olmağa başlayandan N.Köçərli və tərəfdaşları tərəfindən mənəvi təzyiqlərə və böhtanlara məruz qalıb.

"TEAS Press Nəşriyyat evinin kitab bazarını inhisara alacağı şayiəsi sosial şəbəkələrdə məqsədli şəkildə və mütəmadi olaraq yayılıb, qurum haqda mənfi ictimai rəyin formalaşdırılmasına çalışılıb. N.Köçərlinin müraciəti də həmin kampaniyanın tərkib hissəsi və davamıdır".

Açıqlamada kitab satışı sektorunun başlıca məsələlərindən birinin müəllif hüquqları məsələsi olması, ən çox zərərçəkən tərəfin də məhz TEAS Press Nəşriyyat evi olduğu vurğulanır. İddia olunur ki, nəşr hüququ TEAS Press Nəşriyyat evinə məxsus olan kitablar qanunsuz şəkildə nəşr edilir və bu pirat kitablar N.Köçərlinin mağazalarının vitrinlərində satılır. -0-