RETURN
Расим Мусабеков

Расим Мусабеков

Rasim Musabəyov Qarabağ münaqişəsinin nizamlanmasının mümkün yolları haqqında
Müsahibə


2018 Fevral 13 ( Çərşənbə axşamı ) 11:25:50
Çap versiyası
English  Русский 

Bakı/13.02.18/Turan: Azərbaycanda prezident seçkilərinin yarım il əvvələ keçirilməsi bir çox xarici və daxili məsələlərlə bağlıdır. Onlardan biri Qarabağ münaqişəsi ilə bağlı danışıqlardır. Bu fikri Ermənistanın Armİnfo agentliyinə müsahibəsində Azərbaycan Milli Məclisinin deputatı Rasim Musabəyov bildirib.

Onun fikrincə, Azərbaycanda prezident seçkilərinin aprelə keçirilməsi danışıqların tempini azaltmamağa və elə bu il böyük irəliləyiş əldə etməyə çalışmağa imkan verəcək.

Onun qiymətləndirmələrinə görə, Azərbaycanda da, Ermənistanda da hakim elitanın və birinci şəxslərin mövqeyi möhkəm görünür. Ermənistanda apreldə hökumətin yenidən təşkil edilməsi gözlənilir, Azərbaycanda bu, apreldə keçiriləcək prezident seçkilərindən sonra olacaq.

"Konstitusiyaya uyğun olaraq, Nazirlər Kabineti tam heyəti ilə istefa verəcək. Azərbaycan hökumətində həm struktur dəyişiklikləri, həm də heyət dəyişiklikləri gözlənilir. Orada bir çox insanlar yaşlıdır, onlar az qala iyirmi ildir bu vəzifələri tuturlar", deyə Musabəyov bildirib.

Bakının Yerevana qarşı BMT Təhlükəsizlik Şurasının qətnamələrində yer alan işğal edilmiş əraziləri azad etmək tələbi və Yerevanın Dağlıq Qarabağın referendum vasitəsilə Azərbaycanın tərkibindən çıxarılmasına razılaşmaq haqqında qarşı tələbi danışıqları çıxılmaz nöqtəyə gətirib, Musabəyov belə hesab edir.

"Danışıqlarda birbaşa iştirak etmədiyim üçün, məndə olan məlumatdan irəli gələrək hesab edirəm ki, danışıqların bazasını əvvəlki kimi "Madrid prinsipləri" təşkil edir, onun "Kazan sənədi" kimi tanınan versiyası isə arxivə verilməyib və aktuallığını saxlayır. Rusiya XİN başçısı Sergey Lavrov isə bu yaxınlarda Qarabağ nizamlanması haqqında danışarkən qeyd edib ki, bütün məsələləri bir sənədlə həll etmək mümkün deyil, mümkün razılaşmaların implementasiyası prosesi özü isə mərhələli olacaq", deyə o qeyd edib.

Musabəyov hesab edir ki, münaqişə tərəfləri kiçik addımlarla hissə-hissə çıxış yolu əldə etməyə çalışırlar, hər şeyi birdən əldə edərək deyil, addım-addım irəliləyirlər, güzəştlər edirlər və əvəzində müəyyən bonuslar əldə edirlər. Nümunə kimi o, "çərçivə sazişi" qəbul edilməklə, 2-3 rayonun azad edilməsini, bunun sülhməramlı əməliyyatla müşaiyət olunmasını və Azərbaycan və Türkiyə kommunikasiyalarının Ermənistan üçün açılmasını göstərib.

"Ermənistanın Türkiyədən Avropaya və Yaxın Şərqə, Azərbaycandan isə İrana, habelə Rusiya, Mərkəzi Asiya və Çinə dəmiryolu çıxışı əldə edəcəyini nəzərə alsaq, bu, o qədər də az deyil. Dağlıq Qarabağ aviasiya əlaqəsi həyata keçirilməsi üçün Bakının razılığını ala bilər", Musabəyov belə hesab edir.

Onun proqnozuna görə, etimad səviyyəsinin artırılması və qarşıdurmaların azaldılması növbəti addıma keçməyə imkan verəcək, bu zaman Dağlıq Qarabağın siyasi dialoqa qoşulmasına və xarici bazarlara çıxış əldə etməklə təsərrüfat-iqtisadi fəaliyyət həyata keçirməsinə imkan verən aralıq statusunu razılaşdırmaq olar. Əvəzində isə daha 2-3 rayonu azad etmək olar. Deputat nizamlanma prosesinin pozitiv dinamikasını təmin etməyi vacib sayır, belə ki, artan etimad mühitində bu gün həll olunması qeyri-mümkün görünən bir çox məsələlər qarşılıqlı məqbul güzəştli həllini tapa bilər.

"Ölkələrimizin XİN başçıları başlamış danışıqlar mərhələsinin konstruktiv xarakterli olduğunu qeyd edirlər. Və baxmayaraq ki, təmas xəttində hələ də insidentlər baş verir, gərginlik xeyli azalıb. ATƏT sədrinin xüsusi nümayəndəsi Kasprşikin atəşkəs rejiminin monitorinqi qrupunun sayca artırılması barədə razılıq var. Odur ki, ehtiyatlı nikbin olaq. Danışıqlarda nə vaxtsa sıçrayış baş verməlidir. Axı sülh yolu ilə nizamlanmanın alternativi hazırki status-kvonun sonsuza qədər saxlanması deyil, tam miqyaslı və qan axıdılmasına səbəb olacaq müharibədir ki, o, nə Azərbaycana, nə Ermənistana, nə də regiondakı qonşularımıza lazım deyil", deyə Musabəyov fikrini tamamlayıb. -02D-