RETURN
Эльмар Мамедъяров

Эльмар Мамедъяров

Məmmədyarov Aİ ilə saziş bağlanmasının perspektivləri haqqında
Müsahibə


2018 Fevral 14 ( Çərşənbə ) 13:24:51
Çap versiyası
English  Русский 

Bakı/14.02.18/Turan: Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlıq haqqında saziş layihəsi ilə bağlı danışıqlar konstruktiv şəkildə, qarşılıqlı anlaşma şəraitində aparılır. Bu barədə RİA Novosti-yə müsahibəsində Azərbaycan XİN başçısı Elmar Məmmədyarov bildirib.

O qeyd edib ki, sənədin hazırlanması prosesində böyük maneələr yoxdur.

Bununla belə, "ticarət məsələləri ilə bağlı baxışlarda bəzi fərqlər mövcuddur".

Azərbaycanın Dünya Ticarət Təşkilatının üzvü olmadığını nəzərə alaraq, tariflər və subsidiyalarla bağlı tərəflərin fikir ayrılıqları var. "Amma müzakirələr prosesində biz qarşılıqlı anlaşma əsasında təmas nöqtələri tapmağa çalışacağıq", deyə Məmmədyarov bildirib.

Danışıqların növbəti mərhələsi, 2018-ci ilin birinci rübünün sonuna və ya ikinci rübünün əvvəllərinə planlaşdırılıb.

Sazişin ən mühüm elementləri nələrdir?

Bu suala cavabda Məmmədyarov deyib: "Sazişin bütün elementləri eyni dərəcədə əhəmiyyətlidir. Hesab edirik ki, bu sənəd Avropa İttifaqı və Azərbaycan arasında münasibətlərin hərtərəfli inkişafı üçün mühüm çərçivə rolunu oynayacaq.

Sənəddə siyasi, iqtisadi sahələrdə, ticari sahədə, energetika, nəqliyyat sahələrində və humanitar sahələrdə əməkdaşlığın perspektivləri nəzərdə tutulur".

Onun fikrincə, Avropa İttifaqı ilə yeni saziş Bakı və Moskvanın münasibətlərinə təsir etməyəcək. Azərbaycan qonşuları, xüsusən də Rusiya ilə strateji tərəfdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir. Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq da qarşılıqlı səmərəli əməkdaşlıq və qarşılıqlı hörmət əsasında inkişaf edir.

Onun sözlərinə görə, Azərbaycanın "Şərq Tərəfdaşlığı"nda iştirakı üçüncü tərəflərə qarşı yönəlməyib.

"Hər hansı tərəfdaşlıq layihəsində iştirakımız digər tərəfdaşların maraqlarına qarşı ola bilməz, belə bir məqsəd və niyyət yoxdur. Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq Aİ-Azərbaycan münasibətlərinə təsir etmədiyi kimi, Aİ ilə münasibətlərimiz də Azərbaycanın Rusiya ilə münasibətlərinə təsir etmir", deyə Məmmədyarov bildirib.

Azərbaycanın Şengen zonası ilə vizasız rejimə keçməsi ehtimalı ilə bağlı suala cavabda o deyib ki, hazırda bu məsələ sadələşdirilmiş viza rejimi və readmissiya sazişi ilə tənzimlənir. "Hesab edirik ki, bu saziş çərçivəsində əldə olunmuş nailiyyətlər viza rejiminin liberallaşdırılması işində əməkdaşlıq üçün imkanlar yaradır", deyə o bildirib.

RF, Azərbaycan və Ermənistan XİN başçıları arasında Dağlıq Qarabağ məsələsi ilə bağlı üçtərəfli formatda görüşlər gözlənilir? Bu suala cavabda Azərbaycan XİN başçısı bildirib ki, hal-hazırda belə bir plan yoxdur. -06D-