RETURN
Vəkilin məktubunu İlqar Məmmədova çatdırmayıblar

Vəkilin məktubunu İlqar Məmmədova çatdırmayıblar

Vəkilin məktubunu İlqar Məmmədova çatdırmayıblar
Cəmiyyət


2018 Fevral 12 ( Bazar ertəsi ) 18:34:26
Çap versiyası
English  Русский 

Bakı/12.02.18/Turan: Bu gün, fevralın 12-si vəkilinin 2 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanan REAL Hərəkatinin lideri İlqar Məmmədova göndərdiyi məktubları ona verməyiblər.

Bu haqda onun vəkili Fuad Agayev məlumat verib.

Vəkilin bildirdiyinə görə, İlqar Məmmədova poçt vasitəsilə göndərdiyi sənədləri qəbul etməyiblər. Vəkilə hər hansı izahat verilməyib.

F.Ağayev deyir ki, ötən həftə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəhbərliyinə müraciət göndərib. Ancaq müraciətinə də cavab yoxdur.

"Bəlkə də, reaksiya məktubun qaytarılmasıdır", vəkil qeyd edib.

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, eləcə də cəzaçəkmə müəssisəsi vəkilin söylədiklərini şərh etməyib.

İ.Məmmədova göndərilən məktubların ona verilməməsi ilk belə hal deyil. Bir müddət əvvəl Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) və Avropa Şurası Nazirlər Komitəsinin (AŞNK) məktublarının İ.Məmmədova çatdırılmasına da imkan verilməmişdi.

Sonradan həmin problem çözülmüşdü.

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

AİHM artıq onun iki şikayətini təmin edib. Məhkəmə hələ 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Həmin qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdi. Ancaq Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra verilən kasasiya şikayəti də təmin edilməyib.

AŞNK oktyabrın 25-də qəbul etdiyi qərarda bildirib ki, Azərbaycanın Avropa Konvensiyasının 46.4 maddəsi ilə öhdəliyini yerinə yetirib-yetirməməsi məsələsi üzrə dekabrın 5-də AİHM-ə müraciət etmək niyyətindədir. Qərarda həmçinin vurğulanırdı ki, Azərbaycan məsələ ilə bağlı öz mövqeyini noyabrın 29-na kimi bildirə bilər.

Azərbaycan hökuməti isə AŞNK-yə bu yaxınlarda göndərdiyi cavabda vurğulayıb ki, AİHM-in İ.Məmmədovla bağlı qərarında onun dərhal azadlığa buraxılması ilə bağlı tələb yoxdur. Buna görə də, hökumət hesab edir ki, sözügedən qərarın icra yollarını seçməyə ixtiyarı var.

Nəhayət, dekabrın 5-də AŞNK AİHM-in REAL Hərəkatının lideri İ.Məmmədovun azad edilməsi qərarını icra etmədiyinə görə Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib.

Hökumət rəsmiləri deyir ki, qanunvericiliyə edilən son dəyişikliklər İ.Məmmədovun şərti azadlığa çıxmasına imkan yaradır. Ancaq İ.Məmmədov da bəyan edib ki, o, şərti azadlıq yox, bəraət istəyir.