RETURN
Фото из открытых источников

Фото из открытых источников

Azərbaycan bir ildə 4 milyard borclanıb
İqtisadiyyat


2018 Fevral 14 ( Çərşənbə ) 19:57:01
Çap versiyası
English  Русский 

Azərbaycanın 10 milyard dollara yaxın xarici borcu var. Maliyyə Nazirliyinin fevralın 14-də açıqladığı bilgilərdə belə deyilir.

Həmin bilgilərə görə, bu il yanvarın 1-inə Azərbaycanın xarici dövlət borcu 9,398.3 milyon dollar təşkil edib. Borc manatla ifadədə 16 milyarda yaxındır.

Nazirlik xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) nisbətinin 22.8 faiz olduğunu bildirir. 2017-ci il üçün hesablanmış ÜDM-nin məbləği isə 70,135.1 milyon manat olub.

Xarici borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Xarici dövlət borcunun beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarət olduğu bildirilir.

2017-ci ilin ortalarında açıqlanmış rəsmi bilgilərdə Azərbaycanın həmin ilin iyul ayına olan xarici dövlət borcunun 12,208.5 milyon manat (7,172.6 milyon dollar) olduğu bildirilirdi.

Həmin vaxt xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM-ə) olan nisbəti 18.9 faiz idi.

Yeni açqlanmış rəqəmlərlə müqayisədə dövlət borcunun yarım ildə 2 milyard dollardan çox artdığı görünür.

2017-ci ilin yanvarında isə xarici dövlət borcu 12 milyard 241 milyondan artıq (6 milyard 913,2 milyon ABŞ dolları) idi.

İllik müqayisədə xarici dövlət borcu 4 milyard manata qədər artıb.

Maliyyə Nazirliyi isə hər zaman olduğu kimi yalnız xarici dövlət borcunun ümumi məbləğini açıqlayıb.

Bir çox iqtisadçı ekspertlər Azərbaycanın xarici borcları haqda açıqlanan rəsmi rəqəmlərlə razılaşmırlar. Onlar xarici borcun daha çox olduğunu bildirirlər.