RETURN
Nazir Vatikan nümayəndəsini qəbul edib

Nazir Vatikan nümayəndəsini qəbul edib
Siyasət


2018 Fevral 12 ( Bazar ertəsi ) 18:22:10
Çap versiyası
English  Русский 

Bakı/12.02.18/Turan: Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan Vatikanın xarici dövlətlərlə əlaqələr üzrə katibi (xarici işlər naziri) Pol Riçard Qalaqerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Azərbaycan XİN-in yaydığı məlumatda deyilir.

Tərəflər 90-cı illərin sonu və 2000-ci illərdə Azərbaycanla Vatikan arasındakı qarşılıqlı səfərləri xatırlayıblar və bu əlaqələrin inkişafından məmnun olduqlarını ifadə etdilər.

Bu səfərlərin Azərbaycan-Vatikan əlaqələrində yeni mərhələ açması xüsusilə qeyd olunub.

E.Məmmədyarov Azərbaycanın tarixən müxtəlif mədəniyyət və din nümayəndələrinin sülh şəraitində birgə yaşadığı məkan olduğunu bildirib, bu xüsusda, Azərbaycanın təşəbbüsü ilə keçirilən Beynəlxalq Humanitar Forum və Mədəniyyətlərarası və Dinlərarası Dialoq Forumunun əhəmiyyəti vurğulanıb.

Nazir Vatikan təmsilçisini 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olunması və bu çərçivədə görülən tədbirlər barədə məlumatlandırıb.

E.Məmmədyarov Vatikanın arxivlərində Azərbaycanın tarixilə bağlı çoxsaylı qiymətli sənədlərin üzrə çıxarılmasındakı dəstəyə görə öz təşəkkürünü bildirib.

Nazir Azərbaycan xalqına aid maddi-mədəni və dini irsin talan və məhv edilməsi siyasəti haqqında məlumat verib. Azərbaycanın işğal olunan rayonlarına Ermənistanın Suriyadan olan erməni əsilli qaçqınları yerləşdirməsini demoqrafik tərkibin dəyişdirilməsi cəhdləri kimi dəyərləndirib.

P.R.Qalaqer öz növbəsində Azərbaycanda katolik icmasına göstərilən dəstəyə görə öz təşəkkürünü bildirib.

Müqəddəs Taxt-Tacın Mədəniyyət üzrə Pontifik Şurası ilə Heydər Əliyev Fondu arasında sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğu vurğulanıb.

Görüşdə rasizm, ksenofobiya, etnik və dini zəmində nifrət meylləri, münaqişələrə dini don geyindirmək cəhdlərinə münasibətdə qarşılıqlı narahatlıq ifadə edilib.

Həmçinin tərəflər Azərbaycan və Vatikan arasında əlaqələrin inkişafı, yüksək səviyyəli qarşılıqlı səfər mübadiləsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar.--0--