RETURN
Müsavat Partiyası: Seçkilər ləğv edilsin

Müsavat Partiyası: Seçkilər ləğv edilsin
Siyasət


2018 Fevral 13 ( Çərşənbə axşamı ) 17:58:21
Çap versiyası

Bakı/13.02.18/Turan: Müsavat Partiyasının Məclisi 2018-ci il aprelin 11-nə təyin edilən növbədənkənar prezident seçkilərilə bağlı ölkə başçlısı İlham Əliyevin sərəncamının yaratdığı şəraiti müzakirə edib. Məclis müzakirələrin yekunu olaraq qərar qəbul edib.

Qərarda deyilir ki, 2018-ci il aprelin 11-nə təyin olunan növbədənkənar prezident seçkiləri 2016-cı ilin saxta referendumun nəticələrinə əsaslandığı hakimiyyətin növbədənkənar seçkilərə zərurət olmasını əsaslandıra bilmədiyi, ölkədə seçkiqabağı demokratik şəraitin olmadığı üçün növbədənkənar prezident seçkiləri ləğv edilsin.

Qərarda seçki qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə Müsavat Partiyasının digər müxalifət qüvvələri ilə birlikdə hazırladığı ən zəruri əlavə və dəyişikliklər, ilk növbədə seçki komissiyalarında iqtidar və müxalifət nümayəndələrinin, paritet əsasda təmsil olunması müzakirəyə qəbul edilsin.

Eyni zamanda prezident seçkilərində iştirak etmək niyyətini bəyan etmiş bütün namizədlərə bərabər imkanların yaradılması, beynəlxalq müşahidəçilərin seçki prosesində iştirakının, söz, ifadə, mətbuat və sərbəst toplaşma azadlıqlarının təmin olunması, siyasi məhbusların azad edilməsi də qərarda yer alır.

Qərarda son olaraq növbədənkənar prezidenti seçkilərinə qarşı mübarizənin təşkili üçün real müxalifət qüvvələri ilə müzakirələrin başlanması məqsədəuyğun hesab edilir.

Xatırladaq ki, dövlət başçısı İlham Əliyev bu il aprelin 11-də növbədənkənar prezident seçkilərinin keçirilməsilə bağlı fevralın 5-də qərar verib. Mərkəzi Seçki Komissiyası aprelin 11-nə növbədənkənar prezident seçkiləri təyin edib.

Artıq İlham Əliyevin seçkilərdə iştirakı rəsmiləşib. Müsavat Partiyası və Demokratik Qüvvələrin Milli Şurası demokratik seçki mühitinin olmadığı üçün seçkiləri boykot ediblər.

Fevralın 10-da Müsavat Partiyası Məclisi prezident seçkilərində iştirak etməmək barədə qərar verib.-05D-