RETURN
Али Гасанов

Али Гасанов

Əli Həsənov Qərbdəki antiazərbaycançı qüvvələri hədələyir
Siyasət


2018 Fevral 14 ( Çərşənbə ) 15:08:28
Çap versiyası
English  Русский 

Bakı/14.02.18/Turan: "Milan məhkəməsinin Luka Volontenin barəsində qərarı yayılmış məlumatların əsassız, qərəzli olduğunu və Azərbaycanın sağlam beynəlxalq imicini ləkələmək məqsədi güddüyünü təsdiqlədi", - Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycanla korrupsiya əlaqələrində ittiham olunan AŞPA-da Avropa Xalq Partiyası deputatlar qrupunun sabiq sədri Luka Volontenin barəsində Milan məhkəməsinin qərarını şərh edərkən belə deyib.

AZƏRTAC-ın məlumatına görə, Ə.Həsənov deyib ki, anti-Azərbaycan mərkəz və şəbəkələr bu kimi çoxsaylı feyk-məlumatlarla həm Azərbaycan dövlətini, həm də ölkəyə dost münasibəti bəsləyən tanınmış şəxsləri hədəfə alıb.

"Təsadüfi deyil ki, həmin vaxt Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin (OCCRP) "Azərbaycanın pulyuyan maşını" adlı qondarma materialı dünya mediasında sürətlə tirajlandı, məsələ ilə ayrı-ayrı ölkələrin rəsmi instansiyaları maraqlandı və orada adları keçən şəxslər, o cümlədən də guya Azərbaycandan 2 milyon 640 min dollar almış AŞPA-da Avropa Xalq Partiyası deputatlar qrupunun sədri olmuş Luka Volontenin barəsində xüsusi araşdırma başladıldı".

Ə.Həsənov bildirib ki, həmin vaxt dövriyyəyə buraxılmış iddiaların qərəzli, əsassız, təxribat xarakteri daşıdığını bəyan ediblər. "Milan məhkəməsinin obyektiv araşdırması da bunu bilavasitə təsdiqlədi" deyən Əli Həsənov bildirib ki, Azərbaycan hakimiyyəti dövlətin və tərəfdaşlarının imicini ləkələmək məqsədilə həyata keçirilən belə qarayaxma kampaniyasının təşkilatçıları və icraçıları haqqında kifayət qədər məlumatlıdır. Yalnız Milan məhkəməsinin qərarı ilə kifayətlənmək niyyətində deyilik. Biz bu çirkin əməldə əli olanlarla bağlı müvafiq qaydada hüquqi prosedurlara başlamaq niyyətindəyik. Məsələ ilə bağlı artıq Azərbaycanın aidiyyəti dövlət orqanlarına tapşırıqlar verilib", -prezidentin köməkçisi vurğulayıb.

Xatırladaq ki, Avropa Sabitlik Təşəbbüsü (ESI) insan haqları təşkilatının 2016-cı ilin dekabrında yaydığı araşdırmaya görə, AŞPA-nın bəzi üzvləri Azərbaycan üçün siyasi lobbiçilik edib. Bəzilərinin Azərbaycandan pul aldığı iddia olunurdu. Azərbaycanla bağlı korrupsiya qalmaqalının mərkəzində AŞPA prezidenti Pedro Agramunt və onun keçmiş müavini Luka Volonte-nin adları çəkilirdi. İtaliyalı L.Volonte Azərbaycan nümayəndələrindən pul almaqda, P.Agramunt isə rəsmi Bakı və Rusiyanın maraqlarının lobbiləşdirilməsində ittiham olunurdu. Ötən ilin iyununda İtaliyanın "Il Fatto Quotidiano" və "La Provincia" qəzetləri yazırdı ki, Azərbaycan hökuməti 2013-cü ildə AŞPA-nın sədr müavini Luka Volonteyə təxminən 2 milyon 400 min avro rüşvət verib. İddia olunurdu ki, bunun nəticəsində deputat Kristof Ştrasserin Azərbaycandakı siyasi məhbuslarla bağlı hesabatı qəbul edilməyib. Luka Volonteyə ölkəsində buna görə cinayət işi açılmışdı. Prokurorların həmin vaxt açıqlanan ittihamında deyilirdi ki, rüşvət Azərbaycandakı "Baktelekom" MMC adlı telekommunikasiya şirkətinin kassasından mədaxil edilib. Pul köçürmələrində Britaniyanın "Polux Management LP" və Estoniyanın "Danske Bank"ı iştirak edib. Avropa Sabitlik Təşəbbüsü təşkilatının "Kürü diplomatıyası" adlı araşdırmasının ikinci hissəsində də sözügedən rüşvət olayından bəhs edilirdi. Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti isə bir qayda olaraq, bəzi avropalı deputatların pulla əla alınması iddialarında onların adlarının çəkilməsini qəbul etmirdilər.-05D-