RETURN
шейхульислам Аллахшукюр Пашазаде

шейхульислам Аллахшукюр Пашазаде

Dini konfensiyalar prezident seçkilərində İlham Əliyevi dəstəkləyirlər
Siyasət


2018 Fevral 14 ( Çərşənbə ) 18:05:23
Çap versiyası
English  Русский 

Bakı/14.02.18/Turan: Fevralın 14-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə bu həftənin cümə günü məscidlərdəki xütbələrdə vətəndaşların prezident seçkilərində İlham Əliyevə səs verməsi üçün çağırış edilməsi ilə bağlı məscidlərin rəhbər şəxslərinə göstəriş verib.

A.Paşazadə din xadimləri ilə bu gün keçirilən görüşündə bildirib ki, dini liderlərin seçkilərlə bağlı qəbul etdiyi müraciət xalqa çatdırılmalıdır.

"Biz insanları kiməsə səs verməyə məcbur edə bilmərik, borcumuz xalqa həqiqəti çatdırmaqdır. Ona görə də axund və imamlardan xütbələrindən bizim müraciəti çatdırmalarını istəyirəm. Bunun yerinə yetirilməsinə öz tərəfimizdən nəzarət olunacaq", - QMİ sədri qeyd edib.

Bu gün dini konfensiya rəhbərləri prezident seçkiləri ilə bağlı müraciət yayıblar: "Biz bütün Azərbaycan dindarlarını uca mənəviyyat yolunun davamına - Yeni Azərbaycan Partiyasının lideri İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırırıq. Qoy, uca yaradan öz lütf və mərhəmətini hər zaman Azərbaycan xalqı və dövləti üzərində bərqərar etsin!"

Müraciəti QMİ sədri şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Azərbaycandakı Roma Katolik Kilsəsinin yepiskopu Vladimir Fekete və Azərbaycandakı Alban-udi xristian icmasının sədri Robert Mobili imzalayıblar.

"Dini etiqad azadlığı haqqında" qanuna görə, Azərbaycanda din xadimləri siyasətlə məşğul ola bilməz və dini qurumlar siyasi partiyaların fəaliyyətində iştirak edə bilməz.

Ağ Partiyanın sədri, prezidentliyə namizədliyi irəli sürülmüş Tural Abbaslı Turan agentliyinə bildirib ki, qanunvericiliyə görə, din xadimləri və dini qurumlar siyasi proseslərə qarışa bilməz.

"Dini qurumların bu müraciəti ilə bağlı yazılı şəkildə Mərkəzi Seçki Komissiyasına şikayət edəcəyik. Mərkəzi Seçki Komissiyasının özünün təsdiq etdiyi seçki ilə bağlı əsas hərəkətlərin və tədbirlərin təqvim planına görə, seçki təbliğatı martın 19-dan başlayacaq. Dini qurumların bu müraciəti həm də Mərkəzi Seçki Komissiyasının təqviminə ziddir", - partiya lideri qeyd edib. -03B-