Rusiyanın Azərbaycanda informasiya təsiri

1992-ci ildə Moskva MDB dövlət başçılarının sazişi əsasında rus dilində yayımlanan "Mir" dövlətlərarası teleradio şirkətini qurmağa başlayır. Məqsəd siyasi, iqtisadi və humanitar əməkdaşlığın işıqlandırılması, ortaq informasiya məkanının formalaşdırılması və beynəlxalq informasiya mübadiləsinə yardım etməkdən ibarətdir.

Kanal MDB ölkələrindən xəbərlər və verilişlər yayımlasa da, onlarda Moskvanın nöqteyi-nəzəri üstünlük təşkil edir.

2006-2008-ci illərdə Azərbaycan hakimiyyəti mərhələli şəkildə ölkə ərazisində Rusiya kanallarının və bir sıra Türkiyə kanallarının analoq yayımını dayandırır və indi onlara yalnız kabel telekanallarında baxmaq olur.

2008-ci ildə televiziya efirinin araşdırmalarına əsasən, 9 milyonluq Azərbaycanda yerli kanallara əhalinin cəmi 30%-i baxırdı. İndi belə məlumatlar olmasa da, bir çox ekspertlər hesab edirlər ki, yerli kanalların tamaşaçılarının sayı daha da azalıb. Əhalinin böyük hissəsi dilin yaxınlığı və verilişlərin yüksək səviyyədə olması ilə əlaqədar türk kanallarına baxır. İkinci yerdə Rusiya gəlir - rus dili əhalinin xarici dil biliyində birinci yeri tutur.

Vladimir Putinin hakimiyyətə gəlişindən sonra Moskva informasiya təsirini fəallaşdırır. İki ölkə hakimiyyətinin himayəsi altında 2002-ci ilin iyununda İnterfaks agentliyinin törəmə qurumu olan "İnterfaks-Azərbaycan" http://interfax.az/ informasiya agentliyi yaradılır. 2005-ci ilin sentyabrında RİA Novosti-nin törəmə qurumu olan "Novosti-Azərbaycan" agentliyi yaradılır. 2014-cü ilin sentyabrında "Sputnik" xəbər agentliyinin Azərbaycan filialı yaradılır https://sputnik.az/, o, beynəlxalq "Rossiya Segodnya" ("Rusiya bu gün") agentliyinin strukturuna daxildir. Hər üç halda layihələrin maliyyə sponsoru kimi Azərbaycan tərəfi çıxış edib. Azərbaycan hakimiyyəti bir tərəfdən Moskvanın informasiya sorğularını təmin etməyə çalışır, digər tərəfdən isə Rusiyada və digər ölkələrdə Azərbaycanın müsbət imicini qoruyub saxlamaq üçün yeni resurslardan istifadə etməyə çalışırdı.

Bununla yanaşı, 2009-cu ildən etibarən hakimiyyət beynəlxalq standartlar əsasında fəal işləyən və Azərbaycan auditoriyası arasında çox məşhur olan BBC və Azadlıq Radiosunun Azərbaycan xidmətlərini bağlayır.

Rusiyada iqtisadi böhran onun informasiya iştirakının azalmasına gətirib çıxarıb. Məsələn, RİA Novosti "Rossiya Segodnya"ya birləşdi, Azərbaycanda isə törəmə qurum bağlanır, "Rossiya Segodnya"nın filialı ilə əvəz olunur. Filial Bakı Beynəlxalq Mətbuat Mərkəzinin binasında yerləşir. Bu mərkəz ölkə prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun mülkiyyətidir.

İnformasiya kontenti ilk növbədə Moskvanın maraqları əsasında formalaşır, baxmayaraq ki, bu zaman rəsmi Bakının maraqları da nəzərə alınır. İnformasiya siyasətində Moskva və Bakının bənzər və ya yaxın baxışlarının və mövqelərinin ifadə olunmasına üstünlük verilir:

Qərb:

Demokratiya ixrac edir,

Öz məqsədləri üçün insan hüquqlarının, azlıqların hüquqlarının müdafiəsi mövzusundan istifadə edir

Sabitliyi pozmağa çalışır

İqtisadi cəhətdən zəiflətməyə çalışır

Resursları ələ keçirməyə çalışır

Daxili işlərə müdaxilə edir

İdarə etmək və nəzarət etmək istəyir

Millətlərarası münaqişəni qızışdırır.

Qərbin təsirinə qarşı müqavimət kimi tərəflər cəmiyyətə aşağıdakı mesajlardan istifadə edir:

Ölkənin:

Xüsusi inkişaf yolu,

Milli maraqları,

Milli mentaliteti,

Dini xüsusiyyətləri,

Maddi resursların və xammal resursların qorunması vəzifəsi,

Daxili bazarın müdafiəsi vəzifəsi var.

KİV-də qeyd edilənlər əsasən Rusiyanın xarici siyasi proseslərə baxışını əks etdirir və Azərbaycanın daxili siyasi problemlərini əhatə etmir; onlar müxalifətə və ya müstəqil vətəndaş cəmiyyəti fəallarına efir vermir. Faktiki olaraq onları Azərbaycan hökumətinin media sisteminin bir hissəsi adlandırmaq olar.

"Ekspert Rusiya və Azərbaycana kənardan təzyiqin səbəblərini açıqladı" sərlövhəli məqalə səciyyəvidir. Bu məqalədə Aktual İqtisadiyyat İnstitutunun direktoru Nikita İsayev Sputnik Azərbaycan agentliyinə müsahibəsində bildirib ki, hər iki ölkə müstəqil milli siyasətləri ilə əlaqədar Qərbin təzyiqinə məruz qalır.

https://ru.sputnik.az/radio/20180226/414203188/Ekspert-o-tom-pochemu-silnyye-igroki-pytayutsya-napryach-Rossiyu-i-Azerbaydzhan.html

"Münhendə sülh axtarışı: ABŞ əllərini yuyur, Rusiya bazarlıq etməyi öyrənib"
https://ru.sputnik.az/columnists/20180220/414114315/munhen-konferencija-mir-bezopasnost.html

"Siyavuş Novruzov: biz birdəfəlik taun epidemiyasından xilas ola bilərik". Məqalədə Azərbaycan hakimiyyətinin siyasi məhbusları amnistiya etməyə hazır olduğu deyilir.
https://ru.sputnik.az/politics/20180220/414131920/sijavush-novruzov-politzakljuchennye.html

"Məmmədyarov: insan hüquqlarının kütləvi şəkildə pozulması azərbaycanlıların BMT-yə etimadını sarsıdıb".
https://ru.sputnik.az/azerbaijan/20180227/414227182/azerbajdzhan-mamedyarov-hodzhaly-oon-armenija.html

Öz növbəsində, Azərbaycan və Rusiyanın informasiya əməkdaşlığına Rusiyanın nöqteyi-nəzərinin Azərbaycan informasiya məkanında azərbaycan dilində yayımlanması daxildir. Bu, Rusiya nöqteyi-nəzərinin Azərbaycan sakininə onun doğma dilində çatdırılması yolu ilə Rusiya təbliğatının səmərəliliyini artırır.

Bu həmrəylik və qarşılıqlı fəaliyyət təbiidir, belə ki, hər iki rejim avtoritardır, korrupsiyaya uğrayıb və demokratiyanın, qanunun aliliyinin bərqərar olmasını, insan hüquqlarının təmin edilməsini və s. istəmirlər. Buna görə Qərb bu dəyərlərə hörmət edilməsində israr etməklə, onlar üçün maneə təşkil edir.

Hökumətyönlü New Baku Post qəzetinin baş redaktoru Tofiq Abbasovun 28 sentyabr 2012-ci il tarixində Bakıda "Rusiya-Azərbaycan: 20 illik münasibətlər" mövzusunda Moskva-Bakı telekörpüsündə verdiyi bəyanat maraqlıdır: "Muzdlu dairələrin yaratdığı hərc-mərclik iki ölkə arasındakı münasibətlərin tarazlığını pozmamalıdır. İctimai əhval-ruhiyyə haqqında danışarkən işin bütün meydanlarda aparılmasını istərdik. Bəzən muzdlu dairələr münasibətlərdə hərc-mərclik yaradır, amma bu, münasibətlərimizin tarazlığını pozmamalıdır. Bu, təkcə Azərbaycanın deyil, rusiyalı həmkarlarımızın da vəzifəsidir. Əlbəttə, biz informasiya məkanında fəaliyyətimizi gücləndirməliyik". http://www.iarex.ru/news/29644.html

Bu qarşılıqlı fəaliyyətin necə gücləndiyi Təhlükəsizlik Şurasının katibi Patruşevin 29-30 sentyabr 2017-ci il tarixində Bakıya səfərindən sonra baş vermiş son hadisələrdən də görünür.

"Regional təhlükəsizlik, dini ekstremizmə və terrorizmə qarşı mübarizə üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi məsələlərinə, habelə beynəlxalq informasiya təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlıq mövzusuna baxılıb", deyə TASS-ın məlumatda bildirilir.

Aparılan məsləhətləşmələri şərh edən RF Təhlükəsizlik Şurası katibinin müavini Rəşid Nurqaliyev deyib: "Beynəlxalq informasiya təhlükəsizliyi sahəsində hazırki vəziyyət getdikcə daha çox narahatlıq doğurur. Bəzi ölkələr dünyaya informasiya məkanında yalnız onlara sərf edən oyun qaydalarını qəbul etdirməyə çalışır. Bununla əlaqədar beynəlxalq ictimaiyyətin səylərini informasiya-kommunikasiya texnologiyalarından istifadə sahəsində münaqişələrin qarşısının alınmasına, onun demilitarizasiyasına və dövlətin suverenliyinə hörmət, başqa dövlətlərin daxili işlərinə müdaxilə etməmə, əsas insan hüquq və azadlıqlarına riayət etmə prinsiplərinin onda təsbit edilməsinə yönəltmək lazımdır", deyə o qeyd edib.

Maraqlıdır ki, bu səfərdən dərhal sonra Azərbaycanda ən az 14 sayt misli görülməmiş şəkildə və qanunsuz bloklanmaya məruz qaldı və hakimiyyət internetdəki rəqiblərinə qarşı mübarizə üçün Rusiya nümunəsinə uyğun geniş trolley şəbəkəsi yaratdı.

Amma bu maraqlar mövcud olsa belə, rəsmi Bakı Moskva ilə arasında məsafə saxlamağa və Azərbaycanda onun informasiya təsirinin güclənməsinə yol verməməyə çalışır. Moskvanın informasiya iştirakına maraqların üst-üstə düşdüyü yerlərdə imkan verilir. Bu, əsasən Qərbin Azərbaycana təsirini genişləndirmək cəhdlərinə qarşı mübarizə, Qərb dəyərlərinin yayılmasına, demokratiya və açıq cəmiyyət qurulmasına qarşı mübarizədir.

Amma yenə də, Rusiyanın mənfi informasiya təsiri demokratiyanın inkişaf etdiyi, Azərbaycanın Qərbin siyasi-iqtisadi və informasiya məkanına inteqrasiyasının genişləndiyi təqdirdə zəifləyə bilər.

Rəy yaz

Analitika

Beynəlxalq Mətbuat Azadlığı günü: Azərbaycanda azad media varmı? – Xalid Ağəliyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti