Açiq mənbələrdən foto.

Açiq mənbələrdən foto.

Bakı/04.11.20/Turan: Azərbaycan hüquq- müdafiə təşkilatlarının monitorinq qrupu (AHMTMG) sentyabrın 27-dən oktyabrın 30-dək Ermənistan Silahlı Qüvvələrinin cəbhə xətti boyunca və ondan kənarda Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmasının nəticələri barədə “Dinc əhali atəşə tutulub” adlı hesabat hazırlayıb.

Araşdırmada əhalinin tətbiqi qadağan olunmuş ballistik raketlərdən, RZS və kaset bombalarından atəşə tutulduğu göstərilir.

Hesabatı Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin rəhbəri Novella Cəfəroğlu, İnsan Hüquqları və Qanunçuluğa Əməl Edilməsi üzrə Büronun rəhbəri Səidə Qocamanlı, Beynəlxalq İnsan Hüquqları Təşkilatının Azərbaycan bölməsinin rəhbəri Səadət Bənanyarlı, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə, Humanitar Araşdırmalar Cəmiyyətinin rəhbəri Əvəz Həsənov, Ermənistan-Azərbaycan Sülh Platformasının direktoru Dilarə Əfəndiyeva, AHMTMG katibi Yeqev Tarverdiyeva tərtib ediblər.

29 səhifəlik hesabatda Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulması, onların dağıdıcı nəticələri ətraflı əks olunur və buna beynəlxalq hüquq normaları baxımından qiymət verilir.

Atəş nəticəsində ən çox ziyan dəymiş rayonlardan biri Tərtər və onun mərkəzi Tərtər şəhəridir.

Tərtərdə Kəlbəcər, Ağdam, Laçın, Cəbrayıl və Şuşadan olan 1170 məcburi köçkünün məskunlaşdığı Şıxarx qəsəbəsi intensiv atəşə tutulub. Burada atəş nəticəsində üç mülki şəxs həlak olub, 34 çoxmərtəbəli yaşayış binasına, musiqi məktəbinə, orta məktəb, inzibati binaya ciddi ziyan dəyib.

Rayonu 36 kəndi də atəşə məruz qalıb.

Artilleriya və raket atəşləri nəticəsində 118 ev dağılıb, 646 fərdi evə və 64 çoxmərtəbəli binaya, 19 sosial obyektə, 44 ticarət mərkəzinə və 18 inzibati binaya ziyan dəyib.

Rayonun 36 yaşayış məntəqəsinə 14 min mərmi düşüb.

Hesabatda həmçinin yaşayış məntəqələrinin dinc sakinlərinin, o cümlədən cəbhədən uzaqda yerləşən iri şəhərlərin atəşə tutulmasına diqqət yetirilir.

Əsasən oktyabrın 11-də iri sənaye mərkəzi olan Mingəçevir şəhəri atəşə tutulub.

Cəbhə xəttindən 100 km. məsafədə yerləşən bu şəhərdə iki böyük elektrik stansiyası və su anbarı yerləşir.

Raketlərin əksəriyyəti Azərbaycan HHM qüvvələri tərəfindən zərərsizləşdirilib. Bununla belə, bir neçə raket Azərbaycan İES-in həyətinə düşüb, amma partlamayıb.

Oktyabrın 18-də cəbhədən 300 km, Bakıdan isə 60 km. şimalda yerləşən Xızı rayonu ballistik raketlərlə atəşə tutulub.

Azərbaycan HHM sistemi raketləri havada zərərsizləşdirsə də onların partlayıcı tərkibinin bir hissəsi Bakı-Novorossiysk neft kəmərindən 250 metr aralıya, Sitalçay qəsəbəsindən keçən hissəyə səpələnib.

Oktyabrın 22-də Siyəzən rayonu istiqamətində üç raket zərbəsi endirilib. Onlar HHM tərəfindən vurulub, lakin qəlpələri beş nəfəri yaralayıb, insanların əmlakına və əkin sahələrinə ziyan dəyib.

Həmin gün Qəbələ rayonuna iki raket zərbəsi nəticəsində cəbhədən 150 km. aralıda Mamaylı kəndində beş evə ziyan dəyib və bir yeniyetmə yaralanıb. Hücumların məqsədi Oğuz-Bakı su kəməri olub.

Bərdə şəhəri güclü hücuma məruz qalıb.

Oktyabrın 5-də, 26-da və 28-də Bərdə şəhəri və rayonun Qarayusifli kəndi iki dəfə “Smerç” RZS zərbələrinə məruz qalıb.

Ümumilikdə 27 nəfər, o cümlədən 8 qadın və 1 uşaq öldürülüb, 86 nəfər yaralanıb.

Human Rights Watch və Amnesty Intertnational beynəlxalq hüquq- müdafiə təşkilatları oktyabrın 28-də Bərdənin atəşə tutulması zamanı kaset bombalarının tətbiqini təsdiqləyiblər.

Oktyabrın 4-də, 11-də və 17-də ölkənin ikinci böyük şəhəri Gəncənin “Skad” kompleksindən ballistik raketlərlə atəşə tutulması nəticəsində 26 nəfər, o cümlədən 10 qadın və 6 uşaq həlak olub. 142 nəfər, o cümlədən 57 qadın və 32 uşaq yaralanıb.

Hesabat müəllifləri qeyd edirlər ki, yaşayış məntəqələrinin atəşə tutulması hərbi cinayətdir.

Bundan əlavə, Ermənistan 1949-cu il 4-cü Cenevrə Konvensiyasının 3-cü bəndini pozaraq həmin yaşayış məntəqələrini qadağan edilmiş döyüş sursatı ilə atəşə tutaraq onun normalarını pozub və insanlığa qarşı cinayətlər törədib.

Müəlliflər erməni tərəfinin dinc əhaliyə qarşı aşağıdakı cinayətlərini təsnif ediblər:

Müxtəlif vaxtlarda cəbhədən kənarda yerləşən 13 şəhər “Smerç” və “Qrad” RZS-dən atəşə tutulub.

Tərtər rayonu və rayonun 36 kəndinə böyük ziyan dəyib:

Ermənistan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan boru kəmərlərini hədəfə götürüb.

Hədəf kimi məktəblər, xəstəxanalar və digər sosial təyinatlı obyektlər seçilib.

87 dinc sakin, o cümlədən 18 qadın və 14 uşaq həlak olub.

Daha 400 nəfər, o cümlədən 69 qadın, 32 uşaq yaralanıb.

Müəlliflər yerli və beynəlxalq təşkilatlara bir sıra tövsiyələr irəli sürüblər.

Əsasən  ATƏT-in Minsk Qrupu həmsədrlərinə Ermənistanın hərbi cinayətlərinin motivləri haqda hesabat hazırlamaq tövsiyə olunub. O, Azərbaycan hakimiyyəti ilə birlikdə bu cinayətləri sənədləşdirməlidir.

BMT institutları Azərbaycanla əməkdaşlığı genişləndirməli, dinc əhali arasında ölümə səbəb olan atəşin nəticələrini və dəyən ziyanı araşdırmalıdırlar.

Beynəlxalq hüquq- müdafiə təşkilatları və analitika mərkəzləri mülki əhaliyə qarşı cinayətlərin araşdırılması üzrə missiyalar göndərməlidirlər.

Azərbaycan QHT və hüquq-müdafiə təşkilatları dinc əhaliyə qarşı cinayətlərin araşdırılmasına fəal kömək etməlidirlər.—06D

 

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti