РИА Новости

РИА Новости

27 sentyabrda başlanan işğal altındakı ərazilərin  azad edilməsi uğrundakı savaş qəhrəman ordumuzun 4 rayonumuz  və 8 noyabrda Şuşanın azad etməsi ilə məntiqi sonluğa yaxınlaşdı. Şuşanın ardınca ordumuzun Xankəndinin həndəvərində dayanması, şəhərin azad və  Ermənistanın ordusunun tamam darmadağın edilməsi  bitməsi an məsələsi oldu. İndiyə qədər Azərbaycanın atəşkəslə bağlı çağrışlarını dinləməyən Ermənistan Rusiya vasitəsilə savaşı durdurmağa hazır olduğunu bildirdi və  Azərbaycan, Rusiya, Ermənistan arasında razılaşma imzalandı.  9 maddədən ibarət bu razılaşmada bizi qane edən məqamlarla yanaşı, qayğılandıran məqamlar da var. Cəmiyyəti narahat edən  bu məqamlara XİN və ya Prezidentin xarici siyasət  məslələləri üzrə köməkçisinin  aydınlıq gətirməsini faydalı  hesab edirik.

1.Münaqişə tərəflərinin öhdəlikləri və atəşkəsə nəzarət edəcək Mərkəzin funksiyasının nədən ibarət olacağı  dəqiqləşdirilməldir. Bu məsələ ilə bağlı Azərbaycan və Türkiyə tərəfinin mövqeyi  Rusiya tərəfindən verilən açıqlamalardan  fərqlənir. Rusiya XİN-nin sözcüsü  Zaxarova açıqlamlarında bildirib ki, Türkiyənin sülhməramlı əməliyyatlarla heç bir əlaqəsi olmayacaq.  O, zaman Türkiyə bu prosesdə hansı statusda iştirak edəcək? Hansı ki, bütün Azərbaycan 2+2  formatı əsasında Türkiyənin Rusiya ilə bərabər şəkildə sülhməramlı prosesdə iştirakını arzulayır  və gözləyirdi. Sülhməramlı müssiyada Türkiyənin Rusiya ilə bərabər hüquqlu olmaması maraqlarımıza uyğun deyil, Rusiyanın “özfəaliyət “ imkanlarını genişlədəcək.

2.Anlaşmanını 6-ci maddəsində “Ermənistanın 1 dekabradək Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizini 5 km enində özündə saxlamaqla, Laçını rayonunu  boşaltması”  nəzərdə tutululur və bu 5 km təsir zonası Şuşaya aid edilmir. Belə çıxır ki, 5 km-lik həmin ərazilər Ermənistanın nəzarətində qalmaqda davam edəcək? Bu məsələyə aydınlıq gətirilməlidir.  Bəs Xankəndinə gedən yolun üzərində yerləşən  Laçın şəhərinin taleyi necə olacaq? Anlaşmada  Laçın şəhərinin statusunun  dəqiqləşdirilməsi vacibdir.  Laçın dəhlizi Qarabağ ermənilərinin Ermənistana sərbəst səyahətləri üçün nəzərdə tutulduğuna görə, Azərbaycanın verdiyi  təhlükəsizlik təminatları yetərli sayılmalıdır. Hansı ki, bu   Azərbaycan prezidentinin dilindən  davamlı olaraq səsləndirilib. Anlaşmada adı keçən  Laçın dəhlizi ilə  Azərbaycanı  Naxçıvanla əlaqələndirəcək Mehri dəhlizinin statuslarındakı fərqin izahına ehtiyac var.  Əslində hər iki dəhlizin statusu eyniləşdirilməli, Mehri dəhlizinin eni 5 km olmaqla,  Azərbaycanın yurisdiksiyasına verilməli, yaxud Laçın dəhlizi də təhlükəsizlik təminatı ilə  yalnız hərəkət üçün nəzərdə tutulan yoldan ibarət olmalıdır.

  3. Anlaşmanın ən kritik hissəsi Rusiya  ordusunun sülhməramlı missiya adı altında münaqişə zonasına gətirilməsidir. Azərbaycan cəmiyyətini ən çox narahat edən də məhz bu məsələdir.Çünki Rusiya ordusunun 20 yanvarda törətdikləri, 1988-1994-cü illərdəki birinci Qarabağ savaşında oynadığı mənfi  rol, Xocalı soyqırımında birbaşa iştirakı hələ unudulmayıb. Bundan başqa  Gürcüstanın Abxaziya, Cənubi Osetiya və Moldovanın Dnestryanı bölgələrində “sülhməramlı” adı altında yerləşdirilmiş bu ordu problemin həllinə və həmin dövlətlərin ərazi bütövlüyünün təmin olunmasına yox, münaqişələrin dondurulmasına və  separatçıların daha ağır  tələblərlə çıxış etməsinə  səbəb oldu.   

1993-cü ilin mayında Azərbaycanı tərk etdiyi vaxtdan bəri Rusiya Dağlıq Qarabağ münaqişəsini bəhanə edərək  öz ordusunu müxtəlif variantlarla  geri qaytarmağa çalışıb. İndiyə qədər bununla razılaşmayan Azərbaycanın nəyə görə indi razılaşmasının səbəbləri cəmiyyətə izah edilməlidir. Nəzərə alınmalıdır   ki, Rusiya hərbçilərinin  indiki  formada Dağlıq Qarabağa yerləşdirilməsi, qəbulunda Rusiyanını iştirak etdiyi ATƏT-in 1994-cü il Budapeşt sammitinin “münaqişə zonasında  sülhməramlı  qüvvələrin yerləşdirilməsi” və bundan sonrakı  “həmsədr ölkələrin silahlı qüvvələrinin münaqişə zonasında yerləşdirlməməsi”  haqqında qərarları ilə ziddiyət təşkil edir.  ATƏT-in Minsk Qrupunun münaqişənin beynəlxalq hüquqa uyğun   həlli üçün  real addımlar atmaması Azərbaycanda  ona olan etimadı heçə endirib. Əvəzində son dövrlər sürətlə inkişaf edən və  bölgədə nüfuzu artan Türkiyənin bu prosesdə yer alacağı gözlənilirdi. Savaş başlanandan  Azərbaycan israrla  məsələni gündəmə gətirsə də, görünən o ki, regionda nüfuzunu artırmağı planlayan  Rusiya mövqeyindən vaz keçməyib. Bu səbəbdən  1960 hərbçi, 90 ədəd zirehli maşın, 380 ədəd avtomobil və xüsusi texnika ilə təhciz edilmiş “sülhməramlı” adlanan Rus hərbi birliyi hələ anlaşma imzalanmadan  münaqişə zonasının yaxınlığında gözləməkdə idi. Münaqişə  zonasına hələ də gəlməkdə olan bu qüvvələrin arsenalında nəzərdə tutulan döyüş maşınlarından başqa tankların da olduğu haqda məlumatlar Röyter agentliyi daxil, bəzi xəbər agentlikləri tərəfindən  yayılıb. Yayılan məlumatlar doğrulanarsa, o zaman bu sülhməramlı missiyaya aid olmayan ciddi skandal və işğal deməkdir.  

Digər tərəfdən  sülhməramlılar hər iki tərəflə yox, yalnız erməni tərəfi ilə təmasda olacaqsa, o zaman bizi 1988-ci ildə yaradılan növbəti bədnam  “Volski komitəsinin”  gözlədiyini bilməmiz lazım.  Bunun baş verməməsi üçün  Azərbaycan tərəfi  təşəbbüsü özündə saxlayıb, Türkiyə ilə bərabər  “sülhməramlıların” fəaliyyətini izləməlidir.  Diqqət ediləcək məqamlardan biri  “sülhməramlı” kontingentin Qarabağdakı terrorçu qurumla münasibətlərinin  necə olmasıdır. Rusiya onlarla erməni əhalisinin “legitim təmsilçi” kimi  əməkdaşlıq edəcək, ya yox?  “Sülhməramlı” kontingentin rəhbərliyi 32 il əvvəl olduğu kimi yenə ancaq ermənilərlə təmasda olub, Azərbaycan tərəfi  görməzdən gələcəksə, onda bizi ciddi problemlər gözləyəcəyi şəksizdir. Çünki  “sülhməramlı” kontigentin rəhbərliyinin əvvəlki dörlərdə olduğu kimi ermənilərin təşkil edəcəyi əyləncə  məclislərində iştirak edərək, rüşvət müqabilində özlərini muzdlular kimi aparmaları ciddi fəsadlar verər. Ona görə  Azərbaycanın hərbi komandanlığı onlarla davamlı təmaslarda  olub, yerlərdəki problemlərin həllini ermənilərə buraxmadan öz üzərinə götürməlidir. Hazırda Xankəndinə gələn Rusiya hərbçilərini yenə terrorçu başı Arayik Arutunyanmı qarşılayır,  prosesdə Azərbaycan hərbi komandanlığının iştirakı təmin olunurmu ?  sualının  cavabı mənə məlum deyil.

    Müharibənin qaydalarına görə münaqişə zonasında yerləşdirilən “sülhməramlı” kontingent münaqişə tərəfləri arasında insidentlərin qarşısını  almaqla  təhlükəsizlik məsələlərini tənzimləməli,qanunsuz hərbi birləşmələrin tərksilah edilməsini həyata keçirməlidir. Münaqişə zonasından çıxarılacaq Ermənistan ordusunun öz  silahlarını Qarabağda saxlayıb saxlamayacağı və Rusiyanın buna münasibətinin necə olacağı vacib məqamdır. Bu prosesə bizim nəzarətimiz necə həyata keçiriləcək? Hesab edək ki,  Laçın və Kəlbəcəri tərk edəcək işğalçı ordunun oz hərbi texnika və silahlarını Ermənistana aparması həll edildi (əslində bu rayonlarda Dağlıq Qarabağa nisbətdə çox az sayda silah və hərbi texnika yerləşdirilib). Bəs həddən artıq silahlandırılmış Ağdərə, Əsgəran,Xocavənd,Xocalı və Xankəndindəki hərbi arsenalın taleyi necə olacaq? Bunlar  Qarabağda saxlanılacaqmı, yoxsa Ermənistana aparılacaq?  Bundan başqa həmin ərazilərdə qurulmuş  hərbi istehkamlar, mühəndis qurğular və s. hərbi ovyektlərin taleyi necə olacaq? 

Azərbaycan işğal altındakı  bölgələrin tam silahsızlandırılmasında israr etməli,proses  başa çatandan sonra bu ərazilərdə təhlükəsizlik məsələlərini anlaşmada qeyd edilən  müddətdə “sülhməramlı”  qüvvə, sosial-iqtisadi və digər mülki məsələləri isə özü həll etməlidir. Bununla Qarabağda  yaşayan erməni əhalisinin problemlərini daha yaxşı həll etdiyini nümayiş etdirməlidir. Çünki bir müddət sonra hərbi məsələlərlə yanaşı, bu ərazilərdə yaşayan insanların sosial-iqtisadi və digər məsələlərinin həllində mülki-siyasi idarəçilərə ehtiyac duyulacaq. Bu idarəçilər erməni işğalı altında qalan rayonların Azərbaycan dövlətinə qarşı hərbi cinayətlərdə iştirak etmiş rəhbərləri olmamalıdır.

Hazırda işğal altında qalan ərazilərdəki hərbi cinayətkarlarla bağlı məsələ ciddi qoyulmalıdır. Başda Arayik Arutunyan olmaqla Azərbaycan xalqı və dövlətinə qarşı hərbi cinayətlərdə iştirak etmiş şəxslərlə bağlı aydın mövqe olmalıdr. Onların siyahıları müəyyənləşməli, bu hərbi cinayətkarlar Azərbaycan qanunlarına uyğun mühakimə edilməli, yaxud onların Dağlıq Qarabağdan çıxarılması təmin edilməlidir.  

Bir daha təkrar etməkdə fayda var ki, hazırda yaranmış eyforiyanı qısa zamanda geridə buraxıb, imzalnmış müqavilədə qaranlıq qalan məqamlara aydınlıq gətirilməli və Dağlıq Qarabağda hərbi əməliyyatlarda qazanılmış  təşəbbüs  əldən verməməli, masada da davam etdirilməlidir. Savaşda qazandığımızı, masada itirə bilmərik. 

Rəy yaz

Söz istəyirəm

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti