Son yenilənmə

(1 saat əvvəl)
Açıq mənbələrdən foto.

Açıq mənbələrdən foto.

Son günlər Azərbaycanda koronavirus infeksiyasına yoluxmanın artım  səbəbləri, həftəsonu qadağalara münasibət, bu qadağalarla bağlı ərzaq ehtiyatı alınmasının qeyri-adekvat olması və s.məsələlər medianın aparıcı mövzuları sırasındadır.

Günahkar vətəndaş imiş?

“Azərbaycan” qəzeti  “Təəssüf ki, məsuliyyət hissi yoxdur” sərlövhəli məqalədə Azərbaycanda koronavirus pandemiyası ilə bağlı vəziyyəti dəyərləndirir.

Müəllif  deyir ki, sərt karantin rejimi dövründə virusa yoluxma və vəfat edənlərin sayı az olub, amma yumşaldılandan sonra isə yeni yoluxma hallarında artım qeydə alınıb.

Müəllifin deməsinə görə, hökumət sözçüləri  son günlər yoluxmanın artmasını vətəndaşların məsuliyyətsizliyi ilə izah edirlər.

İyunun 6-dan olmaqla iki ay müddətində hər həftə sonu günlərində sərt qadağalar tətbiq edilməsi də bununla əsaslandırılır: “Belə ki, cümə günü axşamdan bazar ertəsi səhərə kimi tam qapadılma tətbiq olunacaq. İctimai və fərdi nəqliyyat hərəkəti, küçəyə çıxmaq, iş rejimi məhdudlaşdırılacaq, mağazalar qapadılacaq. Bir sözlə, tam qapalı rejim yaradılacaq”.

Müəllifə görə, bəzi tibb qurumları da vətəndaşlara qaydaları kütləvi şəkildə pozmaq iddiası bildirirlər, odur ki, nəticədə rəqəmlər artır və tibb müəssisələrinin üzərinə böyük yük düşür.

Müəllif hesab edir ki, virusun yayılması səbəblərindən biri də əhalinin qoruyucu maskalardan istifadə etməməsidir, buna görə artıq maliyyə cərimələri müəyyən edilib.

Müəllifin fikrincə, pandemiya davam etdiyi, buna qarşı peyvənd tapılmadığı üçün virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir.

Məqalə müəllifi son olaraq Dünya Səhiyyə Təşkilatının xəbərdarlığını diqqətə çatdıraraq deyir ki, qurum hazırda vəziyyətin ilin əvvəli ilə müqayisədə heç də yaxşı olmadığını, virusa qarşı peyvənd, müalicə üsulu tapılmadığını bildirir.

Bu qərar yanlışdır

“Sfera.az” saytı “Ekspertdən istirahət günü qadağasına etiraz: “Bu, virus riskini artıracaq” sərlövhəli məqalədə müəllif koronavirus infeksiyasına qarşı mübarizədə iki ay olmaqla iyunun 6-dan həftəsonu günlərə sərt karantin qadağası tətbiq olunmasını ekspertlərlə müzakirə edir.

Ekspertlərə görə, həftənin istirahət günləri küçələrə çıxmağa qadağa qoyulması yanlış qərardır və bu, əslində virusun daha çox yayılmasına xidmət edəcək.

“Bu qadağalarla bağlı insanların marketlərə kütləvi axını başlayıb, belə də daha çox insanın bir yerə toplaşması baş verir ki, bu da virus riskini daha da artırır.

İstirahət günləri obyektləri bağlamaq olar. Məsələn, ticarət mərkəzləri, kafe və restoranları bağlamaq olar ki, insanlar bir yerə toplaşmasın.

Amma insanların küçəyə çıxmaması ilə virusun yayılması arasında birbaşa əlaqənin olmadığını artıq dünya sübut edib. Bəzi ölkələr heç bir karantin qaydası tətbiq etməyib. Amma onlarda virusun yayılma sürəti karantin tətbiq olunan ölkələrlə eynidir”, - ekspertlər belə deyirlər.

Ekspertlərə görə, əsas məsələ vətəndaşı yeni davranış qaydalarına öyrətməkdir, belə ki, ölkədə virusun olduğuna inanmayan hələ də milyonlarla insan var.

Onların fikrincə, virusa inanmayan insanı evdə oturtmaqla yoluxmanın qarşısını almaq mümkün deyil, çünki birinci günü işə getmək üçün küçəyə çıxanda onlar eyni davranış qaydalarını göstərəcəklər, vətəndaşın məsuliyyətli davranması üçün onlarla çalışmaq lazımdır.  

Ekspertlər mövcud qadağaları mənasız sayırlar: “Şənbə və bazar günləri insanları evdə saxlamağın heç bir mənası yoxdur. 1-5-ci günlər arasında insanlar eyni yerə gedəcək, eyni davranış qaydaları göstərəcəklərsə, istirahət günləri evdə qalmağın nə mənası olacaq? Bunun heç bir məntiqi izahı yoxdur”.

İkigünlük qadağa, yoxsa...

“Yeniavaz.com” saytı “İnsanlar səbətləri elə doldururlar, sanki müharibəyə hazırlaşırlar" – ekspert” sərlövhəli məqalədə iyunun 6-dan olmaqla iki ay müddətində hər həftə sonu günlərə qadağa tətbiq edilməsilə bağlı əhalinin marketlərdən ərzaq ehtiyatı almasına diqqət çəkir.

Müəllif vurğulayır ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda həftəsonu insanların evdən çıxmağı qadağan edilib, hətta market və apteklərin fəaliyyət göstərməsi də iki gün məhdudlaşdırılıb.

Müəllifə görə, bu səbəbdən insanlarda karantindən sonra ərzaqlarda bahalaşma və ərzaq qıtlığının olma ehtimalı düşüncəsi yaranıb.

Ekspertlər də tələbat artıqca qiymətlərdə yüksəliş olma ehtimalının olacağını bildirirlər: “Bir gözlənti formalaşıb ki, gələn həftə də bu qadağa tətbiq edilə bilər. Ona görə də ajiotaj əmələ gəlib. Dünəndən hətta marketlərdə ərzaq çeşidlərinin azalması müşahidə edilir. Yəqin ki, gələn həftə bu çeşidlərin yerini doldurmaq mümkün olacaq. Çünki rəsmi qurumlar bazalarda kifayət qədər ərzaq məhsulunun olduğunu deyirlər”.

Amma ekspertlər bunu da deyirlər ki, indiki vəziyyət bir daha təkrarlanarsa tələbatın yenidən artmasına səbəb ola bilər, tələbat artarsa həm topdan satış müəssisələri, həm də marketlərdə qiymət artımı ola bilər.

Ekspertin deməsinə görə, bu praktika digər ölkələrdə tətbiq edilən zaman ərzaqlarda qiymət artımı müşahidə edildi və Türkiyədə  bir aydan çox karantin rejimi elan olundu və ərzaqlarda təqribən 4% qiymət artımı oldu”.

Ekspertlər bunu da vurğulayırlar ki, əhalinin ərzaq ehtiyatı alması tələbdən çox yuxarıdır, iki günə görə hamı lazım olduğundan daha çox ərzaq almağa çalışırlar: “…Marketlərdə insanlar səbətləri elə doldururlar, sanki müharibəyə hazırlaşırlar. Bu da təbii ki, gələcəyə olan güvənsizlikdən irəli gəlir”.

 

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti