euromoney.com

euromoney.com

BakI/19.06.20/Turan: Latviyanın hüquq-mühafizə orqanları ABLV Bank-ın hesablarından cinayət yolu ilə əldə edilmiş vəsaitlərin gizlədilməsi üçün istifadə edilməsi ilə bağlı 50 cinayət işi üzrə araşdırma aparır. Həm də proseslərin əksəriyyəti bankın RF, Ukrayna, Belarus və Azərbaycandan olan xarici müştərilərinin qanunsuz əməlləri ilə bağlıdır.

İstintaq materiallarına əsasən, “bir neçə dövlətdən olan şəxslərin mütəşəkkil qrupu 2015-ci ildən 2018-ci ilə qədərki dövrdə bu bank vasitəsilə cinayət yolu ilə əldə edilmiş vəsaitin leqallaşdırılması ilə məşğul olub”.

Araşdırma 2018-ci ilin fevralında başlayıb.

2018-ci il fevralın 13-də ABŞ Maliyyə Nazirliyinin maliyyə cinayətlərinə qarşı mübarizə qurumu (FinCEN) www.regulations.gov saytında bəyanat yayıb. Sənəddə, xüsusən, aşağıdakılar müəyyən edilib: “ABLV Bank-ın qanunsuz maliyyə fəaliyyəti, bəziləri Şimali Koreyadan ballistik raketlərin alınmasında və ya ixracında iştirak edən tərəflər üçün əməliyyatlardan ibarətdir. Bundan başqa, ABLV Bank milyardlarla dollarlıq tranzaksiyalara şərait yaradıb və saxta şirkətlərin hesabları vasitəsilə aktivlərin çıxarılmasını təmin edib. Belə ki, ABLV-də Ukrayna, Azərbaycan, RF ilə bağlı geniş miqyaslı qanunsuz fəaliyyət aşkar edilib. Məsələn, 2014-cü ildə Ukrayna maqnatı Sergey Kurçenko ABLV vasitəsilə ən az 9 saxta şirkətin hesablarına milyardlarla dollar göndərib. 2015-ci ildə Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) müəyyən edib ki, Kurçenko Ukraynanın dövlət aktivlərinin mənimsənilməsinə görə məsuliyyət daşıyır, bunda iştirak edib (birbaşa və ya dolayı yolla)... Digər bir hadisədə Azərbaycanın siyasi əhəmiyyətə malik, iri miqyaslı korrupsiya və pulların yuyulması ilə məşğul olan şəxsi (adı açıqlanmır) saxta şirkətə ödənişlər həyata keçirmək üçün ABLV-dəki hesabdan istifadə edib.

FinCEN-in bu bəyanatı “Terrorizmin qarşısının alınması və ona mane olmaq üçün tələb olunan vasitələrin təmin edilməsi yolu ilə Amerikanın birləşməsi və möhkəmlənməsi haqqında” Aktın (USA PATRIOT Act) 311-ci maddəsi əsasında verilib. 

Bundan dərhal sonra Avropa Mərkəzi Bankı ABLV-nin lisenziyasını ləğv edib və ABLV-ni “çətinliklər yaşayan və ya yaşaya biləcək (failing or likely to fail) maliyyə müəssisəsi” elan edib.

Bu Latviya bankı özü isə 2018-ci il fevralın 26-da özünüləğv prosesinin başladığını elan edib, 2018-ci ilin yayında Latviyadakı tənzimləyicidiən bunun üçün “razılıq” alıb.

Bankın ləğvi 2 ildir davam edir və bu prosesin uzun çəkməsi təkcə bank müştərilərinin böyük maliyyə iddiaları (bir neçə milyard avro) ilə deyil, həm də cinayət işlərinin mövcudluğu ilə bağlıdır ki, onların bəziləri beynəlxalq xarakter daşıyır.

Latviyanın hüquq-mühafizə orqanları dəfələrlə bankda və onun filiallarında axtarış aparıblar və sonuncu belə reyd 2020-ci il iyunun 13-də olub.

Bu zaman bir sıra Avropa KİV-lərinin mənbələri 300-ə yaxın polis əməkdaşının iştirak etdiyi (Latviya üçün misli görünməmiş) bu iyun axtarışlarının Malta işi - 2017-ci ildə məşhur jurnalist Avropa bankları, o cümlədən ABLV, Pilatus Bank, Danske Bank vasitəsilə pulların yuyulması üzrə bir neçə cinayətkar sxemi araşdıran Dafne Karuana Qalitsiyanın qətli ilə əlaqədar Aİ və Avropa Şurası tərəfindən Latviyaya təzyiqin güclənməsi ilə bağlı olduğunu bildirirdilər. 

“ABLV-dən Dubayda 2019-cu ilin sonlarında Dafnenin qətli haqqında iş üzrə həbs edilmiş Yorgen Fenekə məxsus “17 Black” cinayətkar qrupunun Noor Bank-dakı hesabına vəsait gedirdi”, deyə Latviya hüquq-mühafizə orqanlarındakı mənbə “Reuter”ə bildirib.

Fenek həbsinə qədər səhmlərinin 33%-i SOCAR-a məxsus olan “Electrogas Malta” konsorsiumuna rəhbərlik edirdi.

“17 Black” şirkəti Maltanın keçmiş turizm naziri Konrad Mitsiyə və keçmiş aparat rəhbəri Kitu Şembriyə məxsus Panama şirkətləri üçün “hədəf müştəri” adlandırılıb.

Maraqlıdır ki, 2017-ci ildə ABLV Bank-ın aktivləri məsələləri ilə məşğul olan hüquqşünas Martins Bankus Riqada qətlə yetirilib.

Qətlə yetirilmiş Dafne Karuana Qalitsiyanın ailəsi ötən həftəsonu “Avropol”a və Latviya hakimiyyətinə məktubla müraciət edərək, “ABLV BANK-la bağlı bütün dəlilləri nəzərə almağı və Dafne Karuana Qalitsiyanın Maltadakı, Latviyadakı sənədlərinin, “Panama sənədlərinin” mövcudluğunu nəzərə almaqla, ədalət naminə yolverilməz korrupsiya, qətl və sabotaj faktllarını araşdırmaq üçün Birləşmiş İstintaq Qrupu yaratmağı” xahiş edib.

Mərhum Maltalı jurnalistin ailəsinin məktubunda deyilir: Dubayda Fenekin “17 Black Ltd” şirkətinin Noor Bank-dakı gizli hesabına 1,1 mln. avro ölçüsündəki ödəniş 2015-ci ildə ABLV Bank-da Azərbaycan vətəndaşı Rüfət Baratzadənin açdığı hesabdan göndərilib. Bu ödənişlər Malta hökuməti, SOCAR və Electrogas arasında əhəmiyyətli sövdələşmələrin imzalanması ilə eyni vaxta təsadüf edir”.

Seyşellərdə qeydiyyatdan keçmiş Mayor Trans Ltd konsaltinq şirkəti 51 yaşlı Baratzadəyə məxsusdur, bu şirkət ABLV Bank vasitəsilə “17 Black”in hesabına bir neçə böyük ödəniş həyata keçirib.

Maraqlıdır ki, ABŞ-ın Mayor Trans Ltd ilə bağlı açıq normativ sənədlərinə əsasən, bu şirkətin göstərdiyi ünvan Bakıda kiçik bir ev imiş (2018-ci ildə Turan müxbiri orada olub).

Baratzadənin qonşuları isə onun metropolitendə, daha sonra isə inşaat obyektlərindən birində mühafizəçi kimi işlədiyini deyiblər.

“Reuter” Agentliyi bir il əvəl Rüfət Baratzadə ilə telefon əlaqəsi saxlamağa çalışıb və Mayor Trans Ltd-yə sahib olub-olmadığı barədə suala o, kifayət qədər qəribə cavab verib: “Bu mənəmsə, deməli, mənəm” və bundan sonra danışmaqdan imtina edib.

“Saxta şəxs” adlandırıla biləcək bu şəxsin taleyi hazırda məlum deyil.

Latviyanın hüquq-mühafizə orqanlarının ABLV Bank-la bağlı açdığı cinayət işlərində onun da adının keçdiyi istisna deyil.

Baratzadə və “Azərbaycanın siyasi əhəmiyyətə malik şəxsi”nin Latviya bankından istifadə ilə həyata keçirdiyi sövdələşmələrlə bağlı suallar çoxdur. Araşdırmanın nəticələrini gözləmək qalır.

 

Rəy yaz

Maliyyə

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti