Hakimiyyət siyasətində dəyişiklik etməsə "Qarabağ Komitəsi" əhalini etirazlara və itaətsizliyə çağırmaq niyyətindədir

Bakı/04.06.20/Turan: ictimai "Qarabağ Komitəsi" bəyanat yayaraq, Azərbaycan hakimiyyətinin ölkənin ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində apardığı siyasəti tənqid edib.

Xüsusən, bəyanat müəllifləri qeyd edirlər ki, "Ermənistanla DQ seperatçı rejimi arasında müasir tipli kommunikasiya xətlərinin yaradılması, işğal altında olan rayonlarda ermənilər üçün yeni və müasir tipli qəsəbələrin salınması və məskunlaşdırma siyəsəti və s. halların qarşısının alınmasına Azərbaycan hökuməti tərəfindən cəhd edilməməsi və əksinə, bu məsələyə loyal münasibəti ilə şərait yaratması, xüsusilə, son aylarda baş verənlər – müəmmalı Xudafərin sazişi, işğal bölgəsində keçirilən seçkilər, Ermənistan rəhbərliyinin istənilən vaxt, heç bir maneə görmədən Azərbaycan ərazisinə keçib, bu və ya digər tədbirlərdə iştirak etməsi, xüsusilə, qondarma rejimin "Şuşa inauqurasiyası" mərasimini təşkil etməsi və bu tədbirin baş tutmaması istiqamətində Azərbaycan tərəfinin diplomatik və hərbi müstəvidə heç bir tədbir görməməsi xalqda ciddi narazılıq yaradıb.

İctimai "Qarabağ Komitəsi" yuxarıda deyilənləri nəzərə alaraq, Azərbaycan hakimiyyətinin ölkənin ərazi bütövlüyünün təmin edilməsinə dair konstitusion öhdəliyini yerinə yetirmək iqtidarında və istəyində olmadığı barədə nəticə çıxarır.

Sənəddə hakimiyyətin işğal edilmiş ərazilərin azad edilməsini tələb edən vətəndaşlara qarşı "amansız" münasibəti pislənir.

Xüsusən, "Şuşa inauqurasiyası" mərasiminə etiraz olaraq Ermənistan bayrağını ayaqqabısına dolamış fəal Sarvan Kərimova polis bölməsində məhz əslən Şuşadan olan polis tərəfindən işgəncə verdirilməsi şiddətlə pislənir.

Bəyanat müəllifləri deputatlardan birinin (Vahid Əhmədov) müdafiə nazirinin fəaliyyətini tənqid etməsinin parlament zalında süngü ilə qəbul edilməsi ilə bağlı təəssüflərini bildirir və bunun "hakimiyyətin Qarabağın azad edilməsi mövzusuna qeyri-rəsmi qadağa qoymasının" sübutu kimi görür.

"Qarabağ Komitəsi" hesab edir ki, hakimiyyətin Qarabağ probleminin həlli üzrə 27 illik siyasəti uğursuzdur və milli maraqlara və Azərbaycanın suverenliyinə ziddir.

Bəyanat müəlliflərinin fikrincə, hökumət sülh danışıqları adı altında xalqı təslimçiliyə hazırlayır.

Onlar qeyd edirlər ki, hakimiyyət siyasətində dəyişiklik etməsə və siyasətini Azərbaycan xalqının, dövlətinin və suveren dövlətçilik prinsiplərinin müdafiəsinə uyğunlaşdırmasa, komitə xalqı kütləvi etiraza və itaətsizliyə dəvət etmək məcburiyyətində qalacaq. -06D-

 

Rəy yaz

Siyasət

Beynəlxalq Mətbuat Azadlığı günü: Azərbaycanda azad media varmı? – Xalid Ağəliyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti