Ölkədən oğurlanmış pulları necə qaytarmalı?

 

Bakı/06.06.20/Turan: “Azərbaycanda korrupsiyaya qarşı mübarizə və ölkədən oğurlanmış pulların qaytarılması”, cümə günü axşam ölkənin müstəqil ekspertləri və vətəndaş cəmiyyəti fəallarının iştirakı ilə keçirilən videokonfransın mövzusu belə olub.

Görüş “Azad söz” platformasında  keçirilib.

Görüşün təşəbbüsçüsü Demokratiya və Rifah Uğrunda Hərəkatın sədri Qubad İbadoğludur.

O qeyd edib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində müzakirələr bir tərəfdən rayon rəhbərlərinin və yüksək vəzifəli məmurların həbsləri fonunda mərkəzi idarəetmə orqanları səviyyəsində, digər tərəfdən isə Böyük Britaniyada bədnam məmurların çox böyük sərvətinin üzrə çıxarılması fonunda aparılır.

Cəmiyyəti narahat edən vacib məsələlərdən biri odur ki, oğurlanmış pulları Azərbaycanda qaytarmaq mümkün olacaqmı? 

İbadoğlunun qeyd etdiyi  kimi, Azərbaycanda korrupsiya sistemli xarakter daşıyır və onunla mübarizə də sistemli xarakter daşımalıdır.

Korrupsiyaya qarşı mübarizəyə yol hakimiyyətin qollarının müstəqilliyinin təmin edilməsindən keçir.

Hesablama Palatasının təftişi vasitəsilə dövlət büdcəsi vəsaitlərindən istifadəyə nəzarətdə parlamentin rolunun artırılması vacibdir.

Parlament də vacib qanunlar paketini qəbul etməlidir.

Onların tətbiqini isə yalnız müstəqil məhkəmələr təmin edə bilər.

Məmurlar vəzifəyə şəxsi rifah əldə etmək mənbəyi kimi baxmaqdan imtina etməsi lazımdır.

Bundan ötrü, nəhayət, məmurların gəlirləri və əmlakları haqda məlumatları ilə bağlı bəyannamə praktikasının tətbiqi vacibdir.

Oğurlanmış pulların qaytarılması korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq ixtisaslaşmış qurumlarla sıx əməkdaşlıq şəraitində təmin edilə bilər.

Turan agentliyinin direktoru Mehman Əliyev deyib ki, yerli səviyyədə korrupsiyanın aradan qaldırılması üçün ASAN, DOST kimi qurumlar yaradılıb.

Lakin qlobal səviyyədə heç nə dəyişməyib.

Azərbaycanın mədən sənayesində şəffaflığın artırılması üzrə beynəlxalq koalisiyalarda, “açıq hökumət”də iştirakının dayandırılması hökumətin korrupsiyaya qarşı mübarizə aparmağa hazır olmadığını göstərir.

Ayrı-ayrı rayon rəhbərlərinin həbsinə korrupsiyaya qarşı effektiv mübarizə kimi baxmaq olmaz.

Korrupsiyaya qarşı mübarizə üçün ən yüksək səviyyədə siyasi iradə ortaya qoyulmalıdır.

 Rəhbərlik proqramı təqdim etməli və korrupsiyaya qarşı mübarizə ilə bağlı problemlərə və tədbirləri öz baxışlarını ifadə etməlidir.

O, Honkonqu nümunə göstərib. 1974-cü ildə ölkədə general-qubernator yalnız ona tabe olan və vətəndaşlarla birbaşa əlaqədə olaraq bütün strukturlara nəzarəti həyata keçirən 6 nəfərdən ibarət Antikorrupsiya Komissiyası yaratmışdı. 20 ildən sonra Honkonq korrupsiya liderindən korrupsiyanın səviyyəsi aşağı olan ölkələr sırasına daxil oldu.

Azərbaycanda da vətəndaş cəmiyyəti, biznes nümayəndələrini cəlb etməklə analoji struktur yaratmaq olar.

Ukraynalı politoloq Elxan Nuriyev deyib ki, Ukraynada da iki il öncə hakimiyyətin bütün qollarından təyin edilmiş şəxslərin iştirakı ilə antikorrupsiya strukturu yaradılıb.

Onun ilk nəticələrindən biri alternativ energetika sahəsində layihənin reallaşdırılması zamanı keçmiş ekologiya naziri tərəfindən oğurlanmış 120 mln. dolların qaytarılması olub.

Amerika Azərbaycanlıları təşkilatı (AZAD) sədrinin müavini, ekspert Qorxmaz Əsgərov hesab edir ki, ölkədən çıxarılmış vəsaitlərin geri qaytarılmasına nail olmaq lazımdır. Bunun üçün hökumət özü xarici dövlətlərin müvafiq qurumlarına müraciət etməlidir.

Lakin hakimiyyəti buna sövq etmək üçün cəmiyyətin təzyiqi vacibdir və cəmiyyət məqsədlə səfərbər olmalıdır.

“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev hesab edir ki, məmurlara dövlət qulluğunda olduqları müddətdə xaricdə aktivlərin alınması qadağan olunmalıdır.

O həmçinin maraqların toqquşması haqqında qanunun qəbulunun sürətləndirilməsinin vacibliyini qeyd edib.

Dövlət xidmətlərinin göstərilməsi səviyyəsində korrupsiya artıq yoxdur.

Korrupsiya inzibati səviyyədə və dövlət satınalmaları sahəsindədir.

Siysai vəzifələr tutan şəxslərin həbsi siyasi iradənin göstəricisidir.

Nazim Bəydəmirli bildirib ki, Azərbaycanda korrupsiya həyat tərzinə çevrilib. Onun sözlərinə görə, korrupsiyanın səbəbləri kadrların təyinatı zamanı qohumnazlıq, yerlibazlıq, klançılıqdır.

Bəydəmirli qeyd edib ki, oğurlanmış pulları necə qaytarmaq barədə düşünməzdən əvvəl ölkə daxilində korrupsiyanın necə yarandığına diqqət yetirmək lazımdır.

İri vergi ödəyicilərinə müşahidə  şuraları şəklində nəzarətin tətbiq edilməsinə nail olmaq üçün lazımdır.

Əgər SOCAR-ın tenderlərində daha 300 şirkətin hüquqi ünvanı göstərilən ikiotaqlı mənzildə qeydiyyatdan keçmiş firmalar iştirak edirsə və  milyardları mənimsəyirsə korrupsiyanı uzaqda  axtarmaq lazım deyil.

Keçmiş müstəntiq Rüfət Səfərov hesab edir ki, Azərbaycanda hakimiyyətin mənbəyi nə qədər ki xalq olmayacaq, korrupsiyaya qarşı real mübarizə olmayacaq.

O hesab edir ki, indiki hakimiyyətin korrupsiyaya qarşı mübarizə aparmaq istəyi yoxdur.

Buna misal olaraq, o, ABŞ-da bahalı mənzillərin Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovun övladlarına məxsus olması faktlarının üzə çıxarılmasını və hakimiyyətin buna reaksiyanın olmamasını göstərib.

Hüquqşünas Aslan İsmayılov pulların qaytarılması üçün maliyyə amnistiyasının elan edilməsini vacib sayır.

Bununla yanaşı, o hesab edir ki, mübarizə tədrici xarakter daşımalıdır və hakimiyyətə ultimatumlar verməklə problemi həll etmək olmaz.

Respublika Alternativi Partiyası Məclisinin rəhbəri Natiq Cəfərli  də hesab edir ki, maliyyə amnistiyasının elan edilməsi vacibdir.

Bu zaman leqallaşdırılmış əmlakın 30 faizi təhsil, elm və investisiya sahəsində layihələrinin maliyyələşdirilməsi üçün yeni İnkişaf Fonduna köçürülməlidir.

Onun fikrincə, bu tədbirləri ancaq koalisiya hökuməti həyata keçirə bilər. Çünki hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının ideologiyası yoxdur və bütün bu illər ərzində onun loyallığı korrupsiya mexanizmləri hesabına təmin edilib.

ABŞ-dan olan araşdırmaçı  jurnalist Ələkbər Raufoğlu pulların Azərbaycana qaytarılması üçün vətəndaş cəmiyyəti koalisiyasının yaradılması məsələsində Qorxmaz Əsgərovu  dəstəkləyib.

ABŞ Ədliyyə Nazirliyi bu sahədə Azərbaycan QHT-ləri ilə əməkdaşlığa hazırdır.

Qazaxıstan təcrübəsi var. Ölkədən qeyri-qanuni yollarla çıxarılmış pullar xüsusi Fondda toplanıb və vətəndaş cəmiyyəti layihələri maliyyələşdirilib.

Araşdırmaçı  jurnalist Hafiz Babalı qeyd edib ki, adətən korrupsiya qalmaqalları xarici KİV-də dərc edilən yazılardan sonra diqqəti cəlb edir. Halbuki, yerli mediada da maraqların toqquşması, tender prosedurlarında şəffaflığın olmaması, dövlət vəsaitlərindən effektiv istifadə olunmaması kimi mövzularda çoxlu araşdırmalar dərc olunur.

O həmçinin diqqəti ona yönəldib ki, pulların yuyulması xaricdə də maraqlı tərəflərin iştirakı ilə baş verir.

Politoloq Hikmət Hacızadə cəmiyyətin korrupsiya əleyhinə mübarizəsinin proqram sənədi olacaq Antikorrupsiya manifestinin qəbul olunmasını təklif edib. O, yarızarafatla Marks və Engelsin kommunist manifestini xatırladıb. “Axı onlarda alındı”, - Hacızadə qeyd edib.

Təşəbbüsçü kimi ona manifesti tərtib etmək və müzakirəyə çıxarmaq həvalə olundu. 06D-

 

 

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti