www.aa.com.tr

www.aa.com.tr

***

-Elxan bəy, Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinin genişmiqyaslı olması, eləcə də Azərbaycan-Ermənistan sərhəddində vəziyyətin gərginləşməsindən dərhal sonra keçirilməsi geniş müzakirələrə səbəb olub. Sizcə, budəfəki hərbi təlimlərin məhz bu vaxt və bu formatda keçirilməsi əvvəlcədən planlaşdırılmış addım idi, yoxsa təsadüfdür?

-Əslində bu təlimlər əvvəlcədən planlaşdırılan hərbi təlimlər idi. Bu ilin əvvəlində, fevral ayında Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyev də vurğulamışdı ki, il ərzində bir neçə birgə hərbi təlimlər keçiriləcək. Sadəcə, Tovuzda baş verən insident hərbi təlimlərə olan marağı təbii olaraq artırdı. Açığı bu vaxta qədər hərbi təlimlərə qarşı belə ajiotaj görməmişdik. Illərdir ki, Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilir. Amma budəfəki hərbi təlimlər xeyli müzakirələrə səbəb oldu. İlk dəfədəri ki, iki ölkə arasındakı hərbi təlimlər Azərbaycan, Türkiyə, Rusiya və Ermənistanda, o cümlədən bölgədə marağı olan uzaq ölkələrdə bu qədər böyük maraq doğurub. Bunun iki səbəbi var.

Birinci səbəb odur ki, Azərbaycan cəmiyyəti işğal altındakı torpaqların boşaldılmasını sürətləndirmək istəyir və bu zaman Ermənistanla aparılan danışıqların fayda verəcəyinə inanmır. Azərbaycan prezidenti və cəmiyyəti müharibənin qaçılmaz olduğunu anlayırlar. Tovuz istiqamətindəki döyüşlər və ondan sonra Azərbaycanla Türkiyənin birgə hərbi təlimləri istər-istəməz belə təəssürat yaradıb ki, iki qardaş dövlət işğal altındakı torpaqların azad olunması üçün birgə addım atmağa hazırdılar.

Birgə hərbi təlimlərə olan marağın ikinci səbəbi Türkiyənin bölgədə artan rolu ilə əlaqəlidir. Türkiyə 15 və ya 20 il bundan əvvəlki ölkə deyil. Türkiyə bölgənin aparıcı gücünə çevrilib. Türkiyə heç kimlə, o cümlədən ABŞ, Rusiya və ya Avropa İttifaqı ilə hesablaşmadan və məsləhətləşmədən istənilən istiqamətdə hərbi əməliyyat həyata keçirir və bu əməliyyatları Türkiyənin milli və təhlükəsizlik maraqları ilə izah edir. Suriya, Liviya, İraq, Aralıq dənizi hövzəsində güclənən Türkiyə Cənubi Qafqazı da öz maraqları siyahısına daxil edib. Bununla artıq Rusiya da hesablaşmaq məcburiyyətində qalıb.

-Bu hərbi təlimlərin kimlərə hansı mesajı var? Bunu kimlərəsə qarşı əzələ nümayişi hesab etmək olarmı?

-Bu təlimlərlə həm Ermənistana, həm də Rusiyaya mesaj verilir. Ermənistana mesaj verilir ki, Azərbaycan və Türkiyə işğal faktına çox da seyrçi qalmayacaqlar, qəti addımlara artıq hazırlıq, planlama gedir. Rusiya münaqişəni elə də sürətləndirmədi. Ona görə də Azərbaycan və Türkiyə qəti addımlar atmağa məcburdurlar. Rusiya buna mane ola bilməz. Çünki Ermənistana hücumdan söhbət getmir. Söhbət Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından gedir ki, Rusiya özü belə Azərbaycanın ərazi bütövlüyünü sözdə də olsa tanıyır.

Ermənistanın baş naziri Nikol Paşinyan isə elə bilir ki, Türkiyə əvvəllər olduğu kimi Azərbaycan torpaqlarının işğalına seyrçi qalacaq. Ancaq əgər Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla son telefon söhbəti zamanı bu ölkənin Azərbaycan-Ermənistan qarşıdurmasındakı rolunu qəbul etdiyinə dair fikirlər söyləyibsə, kiçik və kasıb Ermənistan buna qarşı heç nə edə bilməz. Paşinyan bunu qəbul etmək istəmirsə, onun əsas rəqibi, eks-prezident Robert Köçəryan anlayıb.

Köçəryan iki gerçəyi anlayıb. Köçəryan deyib ki, Azərbaycan cəmiyyəti müharibə istəyir və bu amillə hesablaşmaq lazımdır. Köçəryan həm də onu anlayıb ki, Türkiyəni artıq Cənubi Qafqazdan uzaq saxlamaq mümkün deyil. Əslində bunu Paşinyan da anlayır, sadəcə, səsləndirməyə qorxur ki, zəif görünməsin. Ancaq reallıqdan qaçmaq mümkün deyil.

-Ermənistan bu hərbi təlimlərdən narahatlığını gizlətmir. Ən azından ölkə mətbuatına nəzər saldıqda bunu demək olar. Ermənistanla vəziyyət gərginləşərsə, Dağlıq Qarabağda yenidən müharibə şəraiti yaranarsa Türkiyə ordusunun Azərbaycana dəstək vermək səlahiyyəti varmı? Çünki Türkiyə NATO ölkəsidir, Azərbaycansa deyil.

Savaş başlayacağı halda və Azərbaycanın müraciət edəcəyi halda Türkiyənin Azərbaycana hərtərəfli dəstək verəcəyinə inanıram. Çünki keçmişdə imzalanan hərbi anlaşmalar da bundan xəbər verir ki, Azərbaycanın dəvəti, istəyi olarsa Türkiyə Azərbaycana hər bir dəstəyi verməyə hazırdır. Elə Türkiyə prezidentinin, xarici işlər nazirinin, müdafiə nazirinin son açıqlamaları da ondan xəbər verir ki, Türkiyə hər zaman Azərbaycana hərbi dəstək verməyə hazırdır. Və bu zaman bütün riskləri göz önünə alır. Yəni, əlbəttə ki, Rusiya ilə münasibətlər soyuqlaşa bilər. Amma Türkiyə buna rəğmən Azərbaycana hərbi dəstək verməyə və hərbi əməliyyatlarda iştirak etməyə hazırdır.

Reallıq budur ki, Türkiyə hakimiyyəti və cəmiyyəti Dağlıq Qarabağı artıq özününkü sayır. Yəni, Dağlıq Qarabağ və ətraf rayonların işğalı Azərbaycan üçün nədirsə, Türkiyə üçün də odur və qardaş dövlət özünə də aid olduğunu hesab etdiyi torpaqların növbəti illər üçün işğal altında qalmasına dözüm nümayiş etdirmək istəmir. Bu, yaxşı mənada Azərbaycana da bir təzyiq mənası daşıyır ki, torpaqları işğaldan azad etmək əməliyyatını sürətləndirmək lazımdır və bu zaman Türkiyə heç nədən və heç kimdən çəkinmədən Azərbaycanın yanında olacaq.

-Məsələnin digər tərəfi. Ermənistan KTMT üzvüdür və adətən bu təşkilatda Rusiyaya güvənib. Ermənistanda hələ də Rusiya hərbi bazaları mövcuddur. İndiki şəraitdə Rusiyanın bu hərbi təlimlərə reaksiya verməməsi maraq doğurur.  Əgər dediyimiz kimi, regionda, yəni Ermənistan-Azərbaycan arasında münasibətlər gərginləşərsə, müharibə şəraiti yaranarsa və Türkiyə ordusu Azərbaycana dəstək verərsə, Rusiya hansı mövqedən çıxış edəcək? Hansı addımlar atacaq?

-Düşünmürəm ki, Rusiya prosesə sərt  müdaxilə edəcək. Rusiya nə zaman proseslərə müdaxilə edib? Sərhəddinə yaxın ərazilərdə.  2008-ci ildə Gürcüstanla savaş nəticəsində Cənubi Osetiya və Abxaziyada yerləşdi. 2014-cü ildə Ukraynada yerləşdi. Amma Dağlıq Qarabağla onun birbaşa sərhəddi yoxdur. Rusiya Ermənistanın təhlükəsizliyinə təminat verir. Amma Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Azərbaycanın Ermənistanda hərbi əməliyyat keçirmək fikri yoxdur. Dağlıq Qarabağı azad etmək üçün əməliyyat keçirə bilər. Ona görə Rusiyanın rəsmən bu prosesə müdaxilə etmək hüququ yoxdur. Uzaqbaşı Ermənistana hərbi dəstəyini artıra bilər.

-Ümumiyyətlə, Azərbaycan-Ermənistan arasında müharibə qığılcımı yenidən alovlana bilərmi? Son günlər bu barədə çox danışılır. Sizcə, doğrudan vəziyyət buna aparır, yoxsa baş verənlər, sadəcə, bu ölkələrdən hansısa birinə qarşı bir siyasi təzyiq vasitəsidir?

-Bölgədə müharibə riski var. Bu risk əvvəlki illərə baxanda daha böyükdür. Çünki Azərbaycan cəmiyyəti və rəsmiləri artıq anlayıblar ki, bundan sonra danışıqlar hələ 25 il də aparılsa, heç bir faydası olmayacaq. Ermənistan öz istəyi ilə torpaqları boşaltmayacaq. Mütləq mənada təzyiq yolu ilə Azərbaycan öz torpaqlarını azad etməlidir. Prosesi ancaq bu sürətləndirə bilər. Əlbəttə, bunun da riskləri var. 1990-cı illərdə biz bu risklərlə üzləşmişdik. Bu risklər yaranmasın deyə, Azərbaycan daha təhlükəli vəziyyətlə üzləşməsin deyə Türkiyə ilə hərbi ittifaqı daha da gücləndirməlidir. Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında 2010-cu ildə imzalanan anlaşma hər iki dövlətə imkan verir ki, hərbi əməkdaşlığı üst səviyyəyə qaldırsın. Həmin sazişə əsasən tərəflərdən biri üçüncü dövlət və ya bir qrup dövlət tərəfindən silahlı basqın və ya hərbi təcavüzə məruz qaldıqda tərəflər kollektiv özünümüdafiə hüququndan istifadə edə bilərlər. Sazişin digər maddəsinə görə, Azərbaycan və Türkiyə silahlı qüvvələrinin güc və idarəetmə strukturlarının əlaqələndirilməsi üçün lazımi planlaşdırma həyata keçirə bilərlər. Ancaq mənə elə gəlir ki, bu sazişi gücləndirməyə ehtiyac var. Yaxşı olardı ki, hərbi təlimlərin davam etdiyi müddətdə qardaş ölkənin hərbi bazalarının Azərbaycanda yerləşdirilməsinə dair danışıqlara başlanılsın. İlk növbədə Naxçıvanda hərbi baza yaradılmalıdır. Bu bizə təminat verər ki, Dağlıq Qarabağ və ətraf rayonların geri qaytarılması uğrunda hərbi əməliyyatlara başlasaq, düşmən Naxçıvan istiqamətində bizə təhlükə yarada bilməyəcək. Azərbaycanla Türkiyənin öz aralarında imzalayacağı yeni sazişə görə, Qars müqaviləsinin əhatə dairəsi bütün Azərbaycana inikas etdirməlidir. Bununla işğalçı ölkə daima qorxu və panika içində olacaq. Necə ki birgə təlimlər zamanı Türkiyənin hərbi təyyarələrinin Ermənistan sərhəddinə yaxınlaşması İrəvanda güclü panika yaratmışdı. Azərbaycana da bu lazımdır.

 

Rəy yaz

Sual-cavab

Beynəlxalq Mətbuat Azadlığı günü: Azərbaycanda azad media varmı? – Xalid Ağəliyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti