AFP

AFP

FETÖ-nün  15 iyul (2016) hərbi çevriliş cəhdinin nəzarət altına alınmasından sonra - səhər tezdən- İstanbul aeroportunun Şərəf salonunda prezident Ərdoğana 1 metr məsafədə idim.

O vaxt İkinci ordunun, indi isə quru qüvvələrinin komandanı olan ordu generalı Ümid Dündar suallarıma cavab vermək istəməmiş, keçmiş prezident Abdullah Gül səthi cavab vermişdi. Heç danışmayan cənab Ərdoğan isə axşamüstü “Şərəf” salonundan ayrılar-ayrılmaz  “Türkiyə daha ağır bir dönəmə girdi: bu dəfə problemi məzhəbçi təriqətlər yaradacaq” məzmunlu yazımı yazmışdım.

50 ay boyunca proseslər 2 istiqamətdə cərəyan etdi: 1) İqtidar öz əmrindəki Dini İşlər İdarəsini maddi baxımdan ən güclü səviyyəyə gətirərək birbaşa siyasətə qarışmasına əngəl olmadı, hətta bunu təşviq etdi; 2)Radikal ideologiyalara sahib  təriqətlərin və təşkilatların ölkədəki nüfuz sahələrinin genişlənməsinə ən yumşaq ifadə ilə desək, göz yumuldu.

Yəni, bir vaxtlar dövlət  quruluşuna  təhdid kimi görülən bir çox təriqət artıq dövlət idarəçiliyinin ortağı halına gələrkən onların yerlərini bu günə qədər Türkiyədə həyat sahəsi tapa bilməyən radikal təşkilatlar tutdu.

Təsəvvür edin ki, çox yox, 20 il əvvəl məhkəmələrin göz açdırmadığı bir vaiz indi “sələfilərin 2 min dərnəyinin olduğunu, konvensional silahlarla silahlandıqlarını, İran tərəfdarı olan şiələrlə sələfilər arasında silahlı münaqişənin gözlənildiyini, bunun  isə Türkiyədə vətəndaş müharibəsinə səbəb ola biləcəyini” deyir. İctimaiyyətin Cübbəli Əhməd  kimi tanıdığı  vaiz bu sözləri nə üçün deyir?

Özünün də mənsub olduğu təriqətin (İsmayıl ağa) artıq dövlətdə kifayət qədər söz sahibi olmasına görə o dövlətə qarşı olan daha radikal təhdidləri ictimaiyyətlə bölüşmək üçün, yoxsa Səudiyyə Ərəbistanı mənşəli sələfilərin dünyəvi Türkiyə Cümhuriyyətinə düşmənçiliyindən narahat olduğuna görə? Narahat idisə, bu sualın cavabını da vermək onun öhdəsinə düşmürmü: necə oldu ki, indiyə qədər Türkiyə ictimaiyyəti tərəfindən rədd edilmiş sələfilər 50 ayda  2 min dərnək yaradaraq təşkilatlanmaqla qalmadılar, ölkəni  vətəndaş müharibiəsi nöqtəsinə gətirdilər? Şiələri müsəlman kimi qəbul etməyən Cübbəli Əhmədin “Səudiyyə Ərəbistanı tərəfdarı sələfilərlə İran tərəfdarı şiələr  vətəndaş müharibəsi çıxaracaqlar” sözləri  dövləti həm sələfilərə, həm də şiələrə qarşı səfərbər etmə strategiyasından irəli gələ bilərmi? Bu da mümkündür və Cübbəli kimi artıq siyasətin də, dövlət idarəsinin də pərdəarxasını  yaxşı bilən təcrübəlii bir təriqət adamının “bulanıq suda balıq tutmağa çalışmasını” da müasir  Türkiyədə normal qarşılamaq lazımdır.

Cübbəlinin (və ya başqa bir təriqət liderinin) hansı məqsədləri güdməsindən asılı olmayaraq, əgər Türkiyədə sələfilərin həqiqətən 2 min dərnəyi varsa və onlar İran tərəfdarı şiələrlə  həqiqətən silahlı münaqişəyə girmə niyyətindədirlərsə, bu durumun müzakirəsindən söhbət gedə bilməz. Dövlət bir an əvvəl bunun qabağını almaq üçün ən radikal tədbirləri görməlidir.

Təsəvvür edirsinizmi, Orta Şərqdə sələfi-vəhabi Səudiyyə Ərəbistanı ilə şiə İran arasında gedən qanlı məzhəb mübarizəsi ölkədəki   təriqət  liderlərindən birinin iddiasına görə, indi  bu qanlı mübarizənin  Türkiyə sərhədləri daxilinə daşınma təhlükəsi daşıyır.

Sələfi-vəhabi cərəyanının Türkiyənin cənub və cənubi-şərq bölgələrində son illərdə çox aktivləşdiyi (İslam Dövləti terror təşkilatının Suriyadakı ələvi rejimini devirmə hədəflərinin nəticəsi olaraq) məlum olduğu kimi, şiəlik məzhəbinin Cəfəri qanadına mənsub vətəndaşların Naxçıvanla sərhəddəki Iğdırda yaşadıqları, İstanbulun Halkalı bölgəsini  isə  Qum və Nəcəfin vəziyyətinə gətirdiklərini hamı bilir.

Cübbəli Əhmədin gündəmə gətirdiyi  “sələfilərlə şiələr arasında silahlı münaqişə və vətəndaş müharibəsi” iddiasının qeyri-ciddi tərəfi Iğdır və Halkalı şiələrinin  Sahib-əz-zaman Mehdi adına sələfilərlə silahlı münaqişəyə girəcəyidir.

Bəli, çoxuna bugünkü Ermənistan coğrafiyasından gedən Iğdır şiələrinin Türkiyədə müəyyən miqyasda təsir gücü qazandıqları məlumdur, İstanbulun Halkalı səmtindəki Zeynəbiyyə məscidində keçirilən aşura mərasimi şiələrin öz gücünü göstərə bildikləri rituallardan biridir.

Ancaq bu, Türkiyə şiələrinin silahlanaraq ölkədəki sələfilərlə vətəndaş müharibəsinə girəcəkləri mənasını  daşımaz. Əsla. Buradakı həssas nöqtə - sələfilərin təkcə şiələri müsəlman kimi görməmələri deyil, ümumiyyətlə, Türkiyə Cümhuriyyətini müsəlman bir ölkə kimi qəbul etməmələridir.

Türkiyə Cümhuriyyətinin dövləti ictimaiyyət arasında “artistik sözləri” ilə də məşhur olan Cübbəli Əhmədin son kəlamlarını hər şeydən əvvəl, bu baxımdan analiz edib təcili tədbir görməlidir. Yoxsa, mərhum Ərbakanın dediyi kimi, “döyməyə diz də tapılmayacaq”.

Mayis Əlizadə

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti