www.dreamstime.com

www.dreamstime.com

Dövlət Statistika Komitəsi bir neçə gün əvvəl yaydığı məlumatda 2021-ci ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini başa çatmaq üzrə olduğunu və 2020-ci ilin dekabr ayının 24-ü vəziyyətinə ölkədə 976 730,7 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpildiyini bildirmişdir. Həmin məlumatda səpin aparılmış sahənin 98,5 faizini və yaxud 962 402,7 hektarını dən üçün payızlıq bitkilər təşkil etdiyi və onun da 594 896,6 hektarı buğda, 367230,1 hektarı arpa, 276,0 hektarı isə çovdar əkinlərinin olduğu qeyd edilmişdir. Həmçinin o da qeyd edilmişdir ki, ötən ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 4,8 faiz, o cümlədən buğdanın səpin sahəsi 7,2 faiz, arpanın səpin sahəsi 0,6 faiz, çovdarın səpin sahəsi 21,1 faiz azalmışdır. Beləliklə, 2021-ci il üçün payızlıq buğda əkini sahəsi əvvəlki ilə nisbətən 41,3 min hektar azalıb. Qeyd etməliyəm ki, ölkədə dənlilərin və dənli paxlalı bitkilərin səpini əsasən payız aylarında aparılır (Cədvəl1).

Cədvəl 1. Dənlilərin və dənli paxlalı bitkilərin əkin sahəsi (min hektar). Mənbə DSK     

 201520162017201820192020
Dənlilər və dənli paxlalı bitkilər - cəmi952,1997,5977,21083,11072,31019,2
payızlıq dənli bitkilər888,9937,7907,11006,1998,11002,7
yazlıq dənli və paxlalı bitkilər63,259,870,177,074,2?

Təəssüflə qeyd etməliyəm ki, payızlıq dənli və paxlalı bitkilərin əkin sahələri haqda DSK tərəfindən təqdim olunan statistik məlumatlar il ərzində bir neçə dəfə dəyişir, gah artır, gah da azalır. Belə ki, DSK 2019-cu ildə dekabr ayının 24-nə 2020-ci ilin məhsulu üçün 1 002 745,5 hektar sahədə dən üçün payızlıq taxıl əkini haqda məlumat vermişdi. Onun da 636 217 hektarını buğda, 366 178,5 hektarını arpa və qalanlarını isə digər bitkilər təşkil etmişdir.

 2020-ci ilin aprel ayında kənd təsərrüfatı naziri İnam Kərimov 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə çıxış edərək demişdir: “Respublika üzrə 2020-ci il üçün 1 milyon hektardan çox sahədə taxıl əkini aparılıb. Əkin sahələrinin 641 min hektarını buğda, 369 min hektarını arpa (cəmi 1 milyon 10 min hektar V,M.) əkinləri təşkil edir”. DSK-nın təqdim etdiyi məlumatdan fərqli olaraq, nazirin çıxışında 2020-ci il üçün buğdanın əkin sahəsinin 5 min hektar, arpa sahəsinin isə 3 min hektar çox olduğu qeyd olunur. DSK-nın mətbuata ötürdüyü digər bir məlumatda isə qeyd edilir ki, cari il (2020-ci il V.M.) iyunun 1-i vəziyyətinə keçirilmiş əkin sahələrinin qəti uçotunun nəticələrinə əsasən ölkə üzrə əkin sahəsinin 1002,7 min hektarını və yaxud 61 faizini dənlilərin və dənli paxlalı bitkilərin əkin sahələri təşkil edib[1]. Həmin məlumatda o da qeyd edilir ki, 1002,7 min hektar sahədə əkilmiş dənlilərin və dənli paxlalı bitkilərin 598,2 min hektarını buğda, 347,9 min hektarını arpa qalanını isə digər dənli bitkilərin əkin sahələri təşkil edib. Bu məlumatda isə DSK-nın əvvəl təqdim etdiyi məlumatdan fərqli olaraq, buğda sahəsinin 38 min hektar, arpa sahəsinin isə 18,2 min hektar azaldığını görürük. Nəhayyət DSK 2020-ci ilin avqust ayının 13-də dənli və dənli paxlalı bitkilərin biçininin başa çatmaq üzrə olduğunu bildirir və  2020-ci il avqust ayının 10-na olan operativ məlumata əsasən payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş sahənin 968,1 min hektar olduğunu göstərir.

Beləliklə, DSK-nın təqdim etdiyi məlumatların dolaşıq və bir biri liə ziddiyyət təşkil etdiyini görürük. 2020-ci ildə payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilər üzrə nə qədər sahədə dəqiq səpin aparıldığı hələ də bəlli deyil. Belə ki, DSK 2019-cu ilin dekabr ayının 24-ə kimi 2020-ci ilin məhsulu üçün 1 002,7 min hektar sahədə dən üçün payızlıq bitkilər səpildiyi haqda məlumat versə də, kənd təsərrüfatı nazirinin açıqlamasında 1010,2 min hektar sahədə (641 min hektar buğda, 369 min hektar arpa) taxıl əkini aparıldığı bildirilir. Bununla yanaşı yaz mövsümündə dənli və dənli paxlalı bitkilərin səpini həyata keçirilsə də DSK bu haqda heç bir məlumat verməyib. Komitə son (10 avqust 2020-ci il) məlumatında payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş sahənin 968,1 min hektar olduğunu göstərir. Yəni DSK heç bir əsas gətirmədən əvvəlcədən elan etdiyi əkin ərazisini ən azı 34,6 min hektar azaltmışdır.

Cədvəl 2. Dən və yaşıl yem üçün payızlıq əkinlər

 2018201920202021
Dən və yaşıl yem üçün payızlıq bitkilər;8790408913061 019200976730
dən üçün payızlıq bitkilər8645938761631 002745962402
                                               buğda584132577252636217594896
                                               arpa280383298702366178367230

Onu da qeyd etməliyəm ki, 13 iyun 2020-ci ildə kənd təsərrüfatı nazirliyinin saytında 2020-ci ildə Azərbaycanda 1010218 hektar sahədə payızlıq taxıl əkildiyi, bunlardan 640977,6 hektarı buğda, 369240,4 hektarı arpa sahələri olduğu haqda məlumat yayılmışdır[2]. Bundan sonra necə olur ki, DSK “payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş” sahənin 968,1 min hektar olduğu haqda məlumat yayır? Əslində vələmir, çəltik, paxlalılar və digər dənli bitkilərin əkin sahələrinin ərazilərini də nəzərə alsaq, dənli və dənli-paxlalılar əkin sahələri 1 milyon 30 min hektardan çox olmalı idi. Bəs necə olub ki, birdən-birə əkin həyata keçirilmiş sahələrin ərazilərinin həcmi 60 min hektardan çox azaldılıb. Rəsmi məlumata görə bu il payızlıq dənli bitkilərin 67,4 min hektarı tamamilə məhv olub. Bu o deməkdirmi ki, bu qədər ərazi ümumi əkin sahəsinin hesabından çıxarılıb? Bu necə olub? Hesab edirəm ki, DSK bu məsələyə aydınlıq gətirməlidir.

 2020-ci il başa çatsa da, taxıl biçini 5 ay əvvəl yekunlaşsa da, hələ də buğda və arpa əkini, məhsul istehsalı ilə bağlı dəqiq məlumat əldə etmək mümkün deyil. Baxmayaraq ki, DSK-nın açıqladığı məlumatda o da qeyd edilmişdir ki, “sahələrdən 2903,6 min ton məhsul toplanmış, məhsuldarlıq 30,7 sentnerə bərabər olmuşdur. Məhsulun 1860,2 min tonunu və yaxud 64,1 faizini buğda, 1018,7 min tonunu (35,1 faizini) arpa, 24,7 min tonunu (0,8 faizini) isə digər dənli və dənli paxlalı bitkiçilik məhsulları təşkil etmişdir”. Bu il ərzində taxılın əkin sahəsi və istehsal göstəriciləri ilə bağlı təqdim olunan məlumatları nəzərə aldıqda, məhsuldarlıqla bağlı fərqli nəticələr alınır. Belə ki, 640977,6 hektar sahədən 1860,2 min ton buğda əldə olunub ki, bu da hər hektardan 29 sentner məhsul deməkdir. 369 min hektar arpa sahəsindən isə 1018,7 min ton məhsul əldə edilmişdir. Bu da o deməkdir ki, hər hektardan orta hesabla 27,5 sentner arpa əldə olunub. Təəssüflər olsun ki, hələ də digər dənli və dənli paxlalıların məhsuldarlığı ilə bağlı məlumatlar açıqlanmayıb. Buna baxmayaraq, birmənalı olaraq demək olar ki, bu il taxıl istehsalında çox ciddi geriləmə var. Əvvəlki ilə nisbətən cari ildə buğda istehsalı 311 min ton azalmışdır. 2020-ci ildə əsаs ərzаq məhsulu olan və ölkədə əkin sаhəsinə görə birinci yеri tutan buğda istehsalı 2 milyon 210 min ton nəzərdə tutulmuşdur. 2020-ci il dövlət büdcəsinin zərfinə istinadən Kənd Təsərrüfatı Nazirliyinin verdiyi məlumata görə, 2020-ci ildə Azərbaycanda 2 milyon 210 min ton buğda istehsalı gözlənilirdi. DSK-nın məlumatında isə bu il buğda istehsalı 1 milyon 860,2 min ton təşkil etmişdir. Bu da 2020-ci il üçün nəzərdə tutulduğundan 350 min ton, yəni 18,8% az olmuşdur. 2020-ci ildə 2019-cu ilə nisbətən buğda istehsalı 311,3 min ton, yəni 16,7% azalmışdır. Onu da qeyd etməliyəm ki, əsas ərzaq məhsulu olan buğdanın istehsalı dayanıqlı deyil. 2009-cu ildə ilkin çəkidə 2131,5 min ton buğda istehsal olduğu halda, sonrakı 2010-cu ildə istehsal 38,7% azalaraq 1308,9 min tona düşmüşdür. 2013-cü ildə buğda istehsalı 1892,2 min tona çatdırılsa da, sonrakı 2014-cü ildə istehsal 23,4% azalaraq 1449,0 min ton təşkil etmişdir. 2019-cu ildə ilkin çəkidə buğda istehsalı 2171,5 min ton göstərildiyi halda, 2020-ci ildə istehsal 14,3 faiz azalaraq 1860,2 min tona enmişdir (Diaqram 1).

Diaqram 1. Buğda istehsalı (ilkin çəkidə), bütün təsərrüfat kateqoriyaları üzrə. Mənbə DSK

DSK-nın məlumatına görə, 2020-ci ildə 2019-cu ilin ilin eyni dövrü ilə müqayisədə dənli və dənli paxlalı bitkiçilik məhsullarının (qarğıdalı da daxil olmaqla) istehsalı 8,3 faiz azalmışdır.

Azərbaycanda rəqabətqabiliyyətli ərzaq buğdası istehsalı üçün çox münbit şərait olduğu halda, ölkə özünün bu strateji məhsula olan təlabatının az bir hissəsini (2019-cu ildə 31%-ni) daxili istehsal hesabına ödəyə bilir. Təsəvvür edin, 2019-cu ildə ölkəyə 340,5 milyon dollar (578 milyon manat) dəyərində 1 milyon 584 min ton (təlabatın 69%-i qədər) buğda idxal olunmuşdur.

Əvvəllər də qeyd etdiyimiz kimi taxılçılıqda keyfiyyətli toxum, suvarma suyu çatışmazlığı sahənin inkişafında çox ciddi problemlər yaradır. Bu gün taxılçılıqla məşğul olan fermerlərə keyfiyyətli toxum materialı təklif olunmur. Yaranmış vəziyyətdən istifadə edən işbazlar istehsal etdikləri məhsul üçün saxta yolla keyfiyyət sənədləri əldə edərək adi taxıl məhsulunu kəndlilərə toxum materialları kimi baha qiymətə satırlar. Bu da məhsuldarlığın və məhsulun keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Fermerlərin min bir əzab-əziyyətlə əldə etdikləri məhsul ərzaq buğdası standartına uyğun gəlmir. Kəndlilər istehsal etdikləri məhsulu məcburiyyət qarşısında qalıb heyvandarlıqda yem kimi istifadə edirlər.

 Taxılçılıqda mövcud olan problemlərin aradan qaldırılması istiqamətində hökumət konkret addımlar atmalıdır. Kənd təsərrüfatı məhsulu istehsalçılarının suvarma suyuna, texnikaya, keyfiyyətli toxuma, mineral gübrələrə, pestisidlərə və digər istehsal vasitələrinə olan ehtiyaclarının vaxtlı-vaxtında ödənilməsini öz üzərilərinə götürə biləcək sahibkarlara şərait yaradılmalıdır. Həmçinin hökumət taxıl istehsalı ilə məşğul olan fermerlər üçün dövlət büdcəsindən ayrılan subsidiyaların əkin sahələrinin həcminə görə deyil, əmtəəlik məhsullara görə verilməsi mexanizmi hazırlamalıdır.

Vahid Məhərrəmov


[1] https://musavat.com/news/aqrar-sahede-veziyyet-sigorta-mexanizmi-ise-salinir_727912.html

[2]https://agro.gov.az/az/news/taxil-sahelerinin-18-3-faizinde-bicin-yekunlasib  

Rəy yaz

Bazarların icmalı

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti