2020-ci ildə KİV-in fəaliyyəti məhdudlaşdırılıb

***

-Ələsgər bəy, 2020-ci il media sahəsində hansı hadisələrlə yadda qaldı?

Ələsgər Məmmədli -2020-ci il media sahəsində o qədər ciddi yadda qalan, fərqlənən hadisə olmadı. Rutin olaraq 2018, 2019-cu illərdə mövcud olan problemlər 2020-ci ildə də yaşandı. Eyni zamanda medianın, ümumiyyətlə, həm hüquqi, həm də praktik mühiti ilə bağlı ciddi şəkildə dəyişən bir şey olmadı. Tək dəyişən medianın dövlət, rəsmi qurumlar tərəfindən kurasiyasını həyata keçirən şəxsin vəzifədən getməsi oldu. Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun vəzifədən getməsindən sonra medianın fəaliyyətində və keyfiyyətində hər hansısa bir dəyişiklik baş vermədi.

-Yola saldığımız ildə media azadlığı ilə bağlı müsbətə dair hansısa dəyişikliklər olubmu?

-Media azadlığı ilə bağlı durum stabil ağır olaraq qaldı. Ümumiyyətlə, beynəlxalq sıralamada Azərbaycan media azadlığına görə 166-cı yerdən 168-ci yerə gerilədi. Bunun da obyektiv səbəbləri var. Çünki fəaliyyətin hüquqi aspektlərində yeni məhdudiyyətlər gətirildi. Xüsusilə pandemiya, habelə hərbi vəziyyət rejiminin tətbiqi ilə bağlı. Həm də ki praktik olaraq xüsusən diskriminativ şəkildə jurnalistlərə qarşı əsasən informasiya toplama və informasiya axtarma aspektində fərqli rejimlər tətbiq olundu ki, bunlar da müəyyən mənada media azadlığının hər hansısa bir formada pozitiv dəyişikliyinə səbəb olmadı.

-2020-ci ildə növbədənkənar parlament seçkiləri keçirildi. Seçkidə medianın fəaliyyətinə yaradılan şəraiti necə qiymətləndirirsiniz? Fəaliyyət üçün normal şərait var idimi?

-2020-ci ildə dediyiniz kimi, növbədənkənar, bir az da gözlənilməyən parlament seçkiləri keçirildi. Hər zamankı kimi seçkidə media iki istiqamətdə fəaliyyət göstərir. Bunlardan biri medianın siyasi prosesləri maarifləndirmə, cəmiyyəti məlumatlandırma istiqamətidir. Yəni, informasiya dəstəyi. Digəri isə siyasətçilərə platforma olma xüsusiyyətidir. Yəni, siyasətçilərə efir vaxtının verilməsi. Birinci aspektdə hər zamankı kimi yenə də media, əsasən televiziyalar rəsmi tərəfləri işıqlandırdılar. Monitorinqlər, xüsusən Demokratik Təşəbbüslər İnstitutunun apardığı monitorinqlər açıq şəkildə göstərdi ki, əzici çoxluqla dövlət mediası birtərəfli təbliğat aparıb. İnformasiya yayımı baxımından isə qismən sosial şəbəkələrdə, o cümlədən, onlayn mediada geniş informasiya plüralizmi oldu. Amma bu, ənənəvi medianı və onun onlayn versiyasını ciddi şəkildə fərqləndirmədi. Sosial mediada olan müzakirələr təəssüf ki, digər medialarda, yəni nə ənənəvi, nə də onlayn mediada geniş əksini tapdı.

-Bu il həm də pandemiya ili oldu. Pandemiya şəraitində icazələrin tətbiqi jurnalistlərin fəaliyyətinə maneçilik yaratdı. Bu, hansısa formada medianın fəaliyyətinə təsir etdimi?

-2020-ci ilin ən böyük yadda qalan hadisəsi hələ də davam edən pandemiya və onunla mübarizə şəraitində məhdudlaşdırılmış iş rejimi idi. Məhdudlaşdırma hər kəs üçün idi, o cümlədən də media üçün. Burada yadda qalan ən böyük problemlərdən biri Nazirlər Kabinetinin heç bir hüquqi dayağı olmadan medianın fəaliyyətini də tənzimləmə və məhdudlaşdırmasıdır. Konstitusiyaya görə, yalnız fövqəladə vəziyyət rejimində medianın fəaliyyəti məhdudlaşdırıla bilər. Amma pandemiya ilə mübarizə çərçivəsində ölkədə fövqəladə vəziyyət elan edilməsə də Nazirlər Kabineti fəaliyyəti tənzimlənənlər arasında jurnalistləri və televiziya-radionu da əlavə etmişdi. Bu, bu gün qüvvədə olan bütün qanunvericiliyə zidd bir addım idi. Çünki Nazirlər Kabinetinin belə bir səlahiyyəti yoxdur. Təəssüf ki, bu qanunsuzluq Konstitusiyaya zidd olsa da praktik olaraq həyata keçirildi və diskriminativ şəkildə tətbiq olundu. Xüsusən də bəzi media orqanlarının jurnalistlərinə rahat dolaşma və informasiya toplama imkanı verilərkən müstəqil və frilans fəaliyyət göstərən jurnalistlərin Bakı şəhərinin giriş-çıxışına, rayonlardan Bakıya gəlişinə, eyni zamanda icazə almadan, iki səbəbdən sms icazəsi olmadan öz işi üçün fəaliyyət göstərməsinə ilkin tətbiq dönəmlərində, xüsusən aprel-may aylarında çox ciddi məhdudiyyətlər tətbiq olundu. Sonradan bəzi müstəqil şəxslər vergiödəyicisi olduqları üçün icazə portalında qismən icazə alıb fəaliyyət göstərə bilsələr də bu, çox məhdud idi. Həm də polis jurnalistlərin ictimai yerlərdə informasiya toplamasına rəsmi, bəzənsə qeyri-rəsmi olaraq sırf öz təşəbbüsündən istifadə edərək məhdudiyyətlər tətbiq edirdi ki, bu da əlbəttə ki, yadda qalan neqativ proseslərdən biridir.

-Bu il həm də media sahəsində yüksək vəzifələr tutmuş şəxslər vəzifəsindən uzaqlaşdırıldı. Amma medianın illərdir davam edən bir mərkəzdən idarə olunması məsələsi hələ də qalmaqdadır.  Bu kadr dəyişikliklərinin medianın fəaliyyətinə təsiri hiss olundumu?

-Bayaq dediyim kimi, ictimai-siyasi sektoru yönləndirmə adı altında medianı və vətəndaş cəmiyyətini yönləndirən Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdirinin vəzifədən yola salınması hər hansı keyfiyyət dəyişikliyinə səbəb olmadı. Təəssüf ki, sadəcə, həmin iş başqa şəxsə tapşırıldı. Yenə də eyni mərkəzdən idarə olunma trendi davam etdirildi. Xüsusən də bu, rəsmi media qurumlarına, o cümlədən hökumətə yaxın və yaxud da hökumət mənbələrindən maliyyələşən, özəl görünsə belə əslində özəl olmayan medialarda çox geniş şəkildə hiss olundu. Bu, onu göstərir ki, dövləti idarə edən şəxslərin mediaya münasibəti dəyişməyib. Medianı kontrol altında görmək istəyirlər. Medianın gerçək ictimai nəzarət funksiyasını qəbul edə bilmirlər. Bu proses təəssüf ki, 2020-ci ilin sonuna qədər davam etdi.

-Televiziyaların fəaliyyətində az da olsa yeni dinamikanın yarandığı hiss olunur. Amma ciddi baxdıqda hələ də müəyyən çərçivələrin olduğu görünür. Siz televiziya kanalların  fəaliyyətini necə qiymətləndirirsiniz?

-Mən də deyərdim ki, müəyyən dinamika hiss olunur. Xüsusən televiziyalarda uzun müddətdir tətbiq olunan qara siyahıların keyfiyyəti bir az dəyişib. Bəzilərində həmin siyahılar qalsa da bəzilərində soyadlar qismən fərqliləşib. Ən azından daha öncə heç görmədiyimiz simaları televiziyalarda qismən görmək imkanı yaranıb. Mən bunu məsələyə yanaşma ilə deyil, gündəmdə olan olayların çəkisi ilə əlaqələndirirəm. Çünki pandemiya dönəmində çox ciddi şəkildə cəmiyyətdə sözünə dəyər verilən insanlara ehtiyac duyulurdu. Bu baxımdan televiziyalar artıq məcbur qalmışdılar ki, fərqli simaları da efirə dəvət etsinlər. Bu, bir az məcburi addım idi. İkinci məcburi addım isə televiziyalarda ölkənin öz ərazilərini azad edilməsi uğrunda apardığı mübarizə zamanında, xüsusən sentyabrın 27-dən başlayan işğala qarşı təmizləmə əməliyyatından sonra fərqli simaların və canlı yayımların görünməsi idi.  Amma bunlar ölkənin ictimai siyasi problemlərinin birbaşa müzakirəsi yox, daha çox xarici problemlərin, yəni içəridən doğmayan, pandemiya kimi, işğal kimi kənardan gələn məsələlərin müzakirəsinə daha çox hədəflənmişdi. Amma, məsələn, milli barışığı necə qura bilərik, siyasi diskriminasiyanı necə önləyə bilərik, siyasi fəaliyyət rahatlığını necə təmin edə bilərik, vətəndaş cəmiyyətinin ictimai nəzarətini daha effektiv necə qura bilərik kimi müzakirələr təəssüf ki, hələ də televiziyalarda yoxdur. Amma müqayisə üçün desək, 2019-cu illə müqayisədə 2020-ci ildə xüsusən AZTV-nin rəhbərliyinin dəyişməsi televiziyada novator addımlara meyl edən, jurnalist yaradıcılığına qismən də olsa töhfə verən bir vəziyyətə gəlib. Amma hələ də gediləcək çox böyük yol var. İctimai televiziyada isə rəhbər dəyişsə də format dəyişməyib. İTV, ümumiyyətlə, ictimai olmaqdan çıxıb daha çox bir şəxsin yönəltdiyi televiziya halına gəlib. İctimai yayım şurasının fəaliyyəti, ümumiyyətlə, bilinmir. Hətta sayta girdikdə onların kim olduğunu bilmək olmur. Onların son bir ildə toplandığına da əmin deyiləm. Yəni, İTV-də geriyə getmə daha çox hiss olunur, nəinki dövlət televiziyasında.

-Müharibə dövründə medianın fəaliyyətini necə qiymətləndirirsiniz? Bu dövrdə hərbi vəziyyət elan olundu. Və “Hərbi vəziyyət haqqında” qanuna uyğun olaraq medianın fəaliyyəti kısıtlandı. Eyni zamanda sosial şəbəkələr məhdudlaşdırıldı. Bu dövrdə medianın fəaliyyətində nələri müşahidə etdiniz? Azərbaycan mediası informasiya müharibəsində Azərbaycana qarşı birtərəfli yazılar dərc edən medialara cavab verə bilirdimi?

-Müharibənin başlanmasından bir gün sonra ölkədə hərbi vəziyyət elan olundu. “Hərbi vəziyyət haqqında” qanun Konstitusiyaya zidd olaraq senzuranı nəzərdə tutur. Bu, qanunda çox açıq şəkildə qeyd olunub. Medianın fəaliyyətinə çoxsaylı məhdudiyyətlər gətirilib. Xüsusən əməliyyatların sonuna yaxın bölgələrə getmək, istərsə də əməliyyat bölgələrindən kənarda bombardmana məruz qalan bölgələrə səyahət məsələsində xeyli məhdudiyyətlər yaşandı. Xüsusən bu məsələlərdə diskriminativ yanaşma oldu. Ayrı-seçkiliyə yol verilərək jurnalistlərə fərq qoyuldu. Bu, heç də yaxşı hal deyil. Eyni zamanda Azərbaycanda olan jurnalistlərin əməliyyatlar aparılan yaxın bölgəyə getməsinə bəzi televiziyalar istisna olmaqla icazə verilmədi. Halbuki, bu dönəmdə xarici, əsasən Türkiyədən olan televiziya kanalları daha operativ xəbərləmə funksiyası həyata keçirdi. Bunu mən daha çox bizim jurnalistlərin qeyri-peşəkar olması ilə əlaqələndirirəm. Ümumiyyətlə, bu istiqamətdə təcrübələrinin olmaması, yəni ekstremal situasiyada informasiyanı necə çatdırmaq və nə qədər operativ çatdırmaq məsələsində türkiyəli jurnalistlərə xeyli uduzduq. İkinci önəmli məqam isə jurnalistlərin özünün zaman-zaman kraldan daha çox kralçı olması, yəni, ümumiyyətlə, xəbər dəyəri olan məlumatları yaymaqdan daha çox rəsmi məlumatlara istinad etmək düşüncəsi oldu. Halbuki, jurnalistlər ictimai əhəmiyyət daşıyan və operativ informasiyaları özləri ilkin mənbədən də yaya bilərdilər. Bunlar konkret olaraq cəmiyyətin ehtiyacı olan informasiyalar idi. Amma bizdə belə olmadı. Daha çox Müdafiə Nazirliyinin yaydığı informasiyalar və bir də prezidentin tvitləri tirajlandı. Bu isə sosial şəbəkəyə çıxışı olan hər kəsin ala bildiyi informasiyalar idi. Yəni, bu informasiyanı üçüncü əldən öyrənməyin heç bir mənası yox idi. O baxımdan Azərbaycan mediasında ciddi şəkildə hiss olundu ki, mühitdəki problemləri kənarda qoysaq peşəkarlıq problemi də ciddi şəkildədir. Üçüncü önəmli məqam medianın mərkəzləşdirilmiş şəkildə koordinasiya olunması məsələsidir ki, bu sahədə də proseslər eyni istiqamətdə gedir. Yalnız icazə verilmiş jurnalistlər və icazə verilmiş yerlər. Yəni, icazələr daha çox önə çıxdı. Baxmayaraq ki, dekabrın 11-dən sonra hərbi vəziyyət ləğv olundu. Amma dekabrın sonuna qədər hərbi vəziyyət ləğv olunsa belə jurnalistlərin azad edilmiş və həmin ərazilərə yaxın yerlərdən sərbəst şəkildə informasiya toplaması asan deyil. Yenə də nəzərdə tutulmayan icazələr hələ qüvvədədir.

-Jurnalistlərin həbsi, təqibi ilə bağlı, qapadılmış media orqanlarının yenidən fəaliyyətə başlamasında hansısa müsbətə doğru addımlar oldumu?

-2020-ci ilin ən başağrılı problemlərindən biri hələ də məhkəmələrdə diffamativ iddialara görə jurnalistlərə qarşı cinayət ittihamlarının olması və hətta bununla bağlı məhkəmə qərarlarının olmasıdır. Jurnalist Anar Məmmədova qarşı, digər sosial media aktivlərinə qarşı bir neçə məhkəmə qərarları oldu. Bu, onu göstərir ki, “Diffamasiya haqqında” qanunun qəbul olunmaması və diffamativ ifadələrin hələ də cinayət məsuliyyəti yaratması aktiv şəkildə məhkəmələr tərəfindən də dəstəklənir. Eyni zamanda bu iddiaları qaldıran ictimai şəxslər tərəfindən də aktiv şəkildə gündəmdə tutulur.  İkinci digər məqam bəzi jurnalistlərin, təəssüf ki, daha çox tənqidi jurnalistlərin pandemiya qaydalarını pozma adı altında və yaxud da başqa səbəblərdən tez-tez polis şöbələrinə, prokurorluğa çağırılması ənənəsi də davam etdi. Təəssüf ki, bunların heç biri qanunvericilikdə nəzərdə tutulmuş media azadlığı çərçivəsində olmadı. Sonuncu məqam isə bu günə qədər hər hansı səbəbdən qapadılmış media orqanlarının yenidən fəaliyyətə başlamamasıdır. Burada ilk ağıla gələn ANS televiziyası ola bilərdi. Amma ANS televiziyası müharibə dönəmində onlayn qaydada, yəni televiziya kimi yox, onlayn media kimi fəaliyyətini bərpa etməyə cəhd etdi. Eyni zamanda onun keçmiş əməkdaşları fərqli formada onlayn media üzərindən öz tamaşaçılarına çıxmağa çalışdılar. Amma baxsaq, ənənəvi qaydada nə “Azadlıq” radiosunun, nə “Azadlıq” qəzetinin, nə “Meydan” Tv-nin blokları qaldırılmadı. Bunların tamaşaçılarına və izləyicilərinə qoyulan məhdudiyyət götürülmədi.

Yekun olaraq deyim ki, 2020-ci il pandemiya və 44 günlük müharibə kimi çox önəmli hadisələrlə yadda qaldı. Bu dönəmdə Azərbaycan mediası təəssüf ki, yenə də əl-qolunu məhdudlaşdıran proseslərlə üzləşdi. Və nəinki media azadlığına şərait verilən maksimum zəmində. Bu aspektdən düşünürəm ki, həm medianın fəaliyyətinə nəzarət edən, onu tənzimləməli olan dövlət qurumlarının qanunvericiliyə yenidən baxması zəruridir, həm də jurnalistlərin özünün ciddi şəkildə peşəkarlıq və bəzi kriteriyalar baxımından standartlarını inkişaf etdirməsinə böyük ehtiyac var. Hər ikisi çox açıq şəkildə görünür.

Rəy yaz

Sual-cavab

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti