Son yenilənmə

(43 d. əvvəl)
Тигран Хзмалян

Тигран Хзмалян

Erməni cəmiyyətində xəyanət sözü ötən ilin payızında hərbi münaqişənin eskalasiyasından sonra tez-tez təkrarlanır. Hələ də siyasi leksikonda ən çox istifadə olunan söz olaraq qalır. Əksəriyyət Ermənistanın Azərbaycanla müharibədə məğlub olmasının səbəblərini məhz bunda görür. Böyük anlama malik bu yığcam sözün arxasında nə dayanır? Bu və bəzi digər məsələlər barədə  Turan agentliyinin Ermənistan Avropa Partiyasının sədri Tiqran Hzmalyan ilə müsahibəsində.

Sual: Bu gün Ermənistanda çoxları Paşinyanı xəyanətdə, Şuşanı verməkdə və Azərbaycanla razılaşmada ittiham edir. Bildiyim qədərilə siz də müharibə günlərində cəbhədə olmusunuz, xəyanət baş verdiyini təsdiq edə bilərsinizmi?

Cavab: Bəli, mən 13 oktyabr 2020-ci ildən könüllü dəstənin tərkibində cəbhədə olmuşam və yeri gəlmişkən, bizim dəstə Mardakert rayonunda öz mövqelərindən bir addım geri çəkilmədi. Bunu ona görə vurğulayıram ki, dialoqumuz abstrakt-politoloji dialoq yox, predmetli olsun. Çünki mən öz əqidəmə görə təkcə siyasi reputasiyamla yox, həm də həyatımla cavab verirəm.  

Hamının və ya çoxlarının adından danışmaq mənasızdır – çoxdankı bir deyim var, qələbənin atası çox olur, məğlubiyyət isə həmişə yetimdir. Həqiqətən də müharibədən sonra Ermənistanda "xəyanət"sözü tez-tez səslənir. Bu, şübhəsiz ki, baş verib. Lakin fikir ayrılıqları və ziddiyyətlər məhz burada başlayır. Bütün ölkələrin Cinayət məcəllələrində "dövlətə xəyanət" maddəsi var, burada bir vətəndaşın və ya bir qrup vətəndaşın başqa ölkənin maraqları naminə öz dövlətinə xəyanət etməsi nəzərdə tutulur. Lakin heç bir qanunvericilikdə belə bir maddə yoxdur ki, dövlətin özü, daha doğrusu, onun hökuməti başqa ölkənin mənafeyi naminə öz vətəndaşlarına xəyanət edir.

Mənim fikrimcə, məhz bu, Ermənistanda baş verib, həm də 2020-ci ilin payızında yox, daha öncə, ən azı 20 il öncə. Konkret olaraq, 27 oktyabr 1999-cu ildə. O vaxt parlamentdə terror aktı və baş nazirin, parlamentin spikerinin, deputatların və nazirlərin qətlə yetirilməsi nəticəsində Yerevanda Rusiya xüsusi xidmət orqanlarının təşkil etdiyi dövlət çevrilişi baş verdi və onların əlaltıları və agentləri hakimiyyətə gəldilər. 9 noyabr 2020-ci il, sadəcə, bu dramın finalı oldu. Ona görə də bütün bunlarda Paşinyanın rolu şübhəsizdir, amma ikincidir. O, ancaq satqınlar və kollaborasionistlər arasında ikinci dərəcəli personajdır.

Sual: Siz dəfələrlə Rusiyanı Ermənistanın işğalında və onun suverenlikdən məhrum edilməsində ittiham etmisiniz. Bu yaxınlarda baş vermiş müharibədə Moskva hansı rolu oynadı? Siz Rusiyanın Ermənistana xəyanət etməsi fikrilə razısınızmı, əgər belədirsə, niyə?

Cavab:  Gerçəkdən, mən bütün bu illər ərzində inamla və ardıcıl olaraq bildirmişəm ki, Rusiya Ermənistanı işğal edib və müstəmləkələşdirib, bizi nəinki siyasi suverenlikdən, həm də iqtisadi müstəqillikdən məhrum edib. Əsrin son dörddə birində Rusiya Ermənistanda bütün energetika, sənaye, dəmir yolu, mobil rabitə, qaz infrastrukturu və elektrik şəbəkəsi, xüsusi xidmət orqanları, HHM, informasiya resursları və bir sıra siyasi partiyaları ələ keçirib və indiyədək  nəzarət edir. Bu, bizdə Rusiyanın hərbi bazasını və FTX qoşunlarını yerləşdirən Levon Ter-Petrosyanın dövründə başladı, daha sonra Köçəryan və Sarqsyanın dövründə tam sürətlə davam etdi, Paşinyan dövründə isə artıq başa çatdı.

2020-ci ilin payızında döyüş meydanında və arxa cəbhədə Ermənistan tərəfdən ötən əsrin silahları ilə silahlanmış, Rusiya hərbi məktəblərinin sovet düşüncəli kəmsavad məzunlarının komandanlığı və müstəmləkə administrasiyasından seçilmiş lakeylərin siyasi rəhbərliyi altında fəaliyyət göstərən Sovet-Rusiya silahlı qüvvələri vardı. Bütün bunlar Moskvanın Birinci Qarabağ Müharibəsindən sonra apardığı 25 illik seleksiyanın və "təmizləmə"nin nəticəsi idi. Ermənistanın imperiya nəzarətindən çıxdığını görərək  milli, demokratik, müstəqil dövlət qurmağa başladı.

Bütün narazılar ya öldürüldü, ya ölkədən çıxarıldı, ya da azadlıqdan, işdən və səsdən məhrum edildilər. Odur ki, Ermənistanın məğlubiyyəti əslində Rusiya müstəmləkəsinin, Rusiyanın postsovet modelinin məğlubiyyəti, Rusiya siyasətinin və ümumilikdə Rusiyanın özünün məğlubiyyəti oldu. Bu mənada bu müharibənin çoxminlik itkiləri Ermənistanın bədəlli qurbanlarıdır, Rusiya müstəmləkəçiliyindən qurtulmaq,  cəmiyyətimizin bir hissəsinin Rusiyanın müttəfiqliyi və himayədarlığı haqda illizüyası üçün ödədiyimiz ağır əvəzdir.

Bizdə belə illüziyalar olmayıb və biz illərlə Rusiyanın müstəmləkəçi hökmranlığının fəlakətli nəticələri barədə xəbərdarlıq edirdik. Bəzən olduğu kimi, Rusiya özü bizim haqlı olduğumuzu sübut etdi. Müstəmləkəçilik zəncirlərini qanla qıran Gürcüstan, Moldova, Ukrayna, Belarusla yanaşı, Ermənistan da növbəti postsovet ölkəsinə çevrildi.

Bu, Rusiya tərəfindən xəyanətdirmi? Mənim fikrimcə, daha da vulqarcasına və həyasızcasınadır – sadəcə, Putin xuntası Azərbaycan oliqarxlarının Bakının adından təklif etdiyi bir neçə milyard dollara Ermənistanı satdı. Bu "sövdələşmə"nin nə qədər uğurlu, sərfəli və uzunmüddətli olacağını hamımız tezliklə görəcəyik. Düşünürəm ki, bütün bunlar "parlaq qələbə" termini ilə təsvir olunur. Üstəlik, həqiqətən də “Taun zamanı ziyafət”ə dəng gəlir, ümumdünya pandemiya günlərində, bütün bəşəriyyətin bir növ barışıq elan etdiyi və həyatın xilas edilməsilə məşğul olduğu bir vaxta. Həmin günlərdə müharibə və kütləvi qətllər hələ siyasi və mənəvi qiymətini alacaq və tezliklə bu, müharibənin nəticələrini güclü şəkildə dəyişəcək.

Sual: Müharibənin nəticələri Ermənistan-Rusiya münasibətlərinin gələcəyinə necə təsir göstərəcək?

Cavab: Bizim sizinlə söhbətimiz Rusiyada yalana, zorakılığa və korrupsiyaya əsaslanmış Putin rejiminə qarşı ümummilli üsyan zamanı baş verir. Təbii ki, aydındır ki, Rusiya ilə gələcək münasibətlər bu prosesin nəticələrinə əsaslanacaq, özü də təkcə Ermənistanda deyil, bütün dünyada. Zənnimcə, biz hamımız başa düşürük ki, yaxın vaxtlarda Rusiyada nə baş verəcək.

Mən sizə 1991-ci ilin avqustunda, Bakının  DFHK-nın qiyamını tələsik dəstəklədiyi, Yerevanın isə uzaqgörənliklə pislədiyi bir vaxtda Moskvadakı vəziyyəti xatırlatmaq istərdim. Bunun Yeltsin Rusiyasının Azərbaycanla və Ermənistanla gələcək münasibətlərinə nə kimi təsir göstərdiyini əlbəttə də ki, siz də xatırlayırsınız. Putin rejiminin qaçılmaz məğlubiyyəti ilə bağlı bəzi analogiyalar mənə aydın görünür. Ancaq onu qeyd edim ki, qəribə görünsə də Paşinyanın Yerevanda hakimiyyətini hələ də məhz Putinin dəstəyi saxlayır. Guya Putinlə Paşinyan arasında "münaqişələr" haqda bütün söhbətlər Moskvanın Bakı ilə sövdələşməsi üçün görüntü idi. Əslində, Paşinyanın Kremlə loyallığı bu davranışın cinayətkarcasına səhvi kimi lap əvvəldən bizə aydın idi.

Yeri gəlmişkən, məhz buna görə də 2018-ci ildə biz  Yerevandakı moskvalı  çekistləri ört-basdır etməyə və onların nəzarətini uzatmağa yönəlmiş "məxməri inqilab"ın saxta və qurama olduğuna əmin olaraq Ermənistan Avropa Partiyasını yaratdıq. Müharibənin nəticəsi isə Ermənistanın Rusiyadan qoparılması olacaq, necə ki, bu, Gürcüstan, Moldova, Ukrayna və Belarusda analoji proseslər nəticəsində baş verdi. Ermənistan rusiyapərəst kollaborasionistlərin hakimiyyətini devirəcək və Cənub-Şərqi Avropanın tərkibində Avropa İttifaqına və NATO-ya inteqrasiya olunmağa başlayacaq.

Sual: 2019-cu ilin fevralında Ermənistanda olarkən siyasətçilərin, hərbçilərin və sıravi vətəndaşların Qarabağ münaqişəsinin çoxdan həll edildiyinə, Azərbaycanla barışığa, bir-birinə doğru addımlar atmağa ehtiyacın olmadığına əminliyi məni təəccübləndirmişdi. Bu gün erməni cəmiyyəti Azərbaycan və Türkiyə ilə barışığın əldə olunmasının və münasibətlərin normallaşdırılmasının ədavətdən daha üstün olduğunu anlayırmı?

Cavab: Barışıq və münasibətlərin normallaşdırılması həmişə düşmənçilikdən daha üstündür və bunu Ermənistanda heç kimə sübut etmək lazım deyil. Qarşılıqlı sual vermək olardı - Azərbaycanda və Türkiyədə bu aksiom göz önündədirmi, burada ermənilərə qarşı düşmənçilik və nifrət dövlət siyasəti səviyyəsində inkişaf edir, uşaq bağçaları və məktəblərdən başlayıb futbol, opera, ordu və prezident Əliyevin çıxışları ilə bitir.

Amma mən bu sualı sizə verməyəcəm, bilirəm ki, siz Ermənistana getmisiniz və əlinizi ürəyinizin üstünə qoyun, yəqin ki, özünüzə qarşı nifrət və düşmənçilik hiss etməmisiniz.

Ermənistan siyasətçiləri, hərbçiləri və sıravi vətəndaşlarının Qarabağ probleminin həllilə bağlı əqidəsi bizim mövqeyimizin haqlı olmasına və tarixi ədalətə əsaslanır. Bizim haqlı olmağımızın səssiz şahidləri və sübutlar – e.ə. 1-ci əsr Tiqranakert qalasıdır, Amaras, Dadivank, Qandzasar monastr və kilsələri, 2 min il ərzində bu torpaqda ucaldılmış onlarla digər erməni məbədidir.

Barışıq və münasibətlərin normallaşdırılması qarşılıqlı prosesdir. Lakin bir xüsusiyyəti qeyd edim ki, uzunmüddətli və davamlı sülh, xüsusən də mehriban qonşuluq və əməkdaşlıq tarixdə heç zaman diktaturalar arasında mövcud olmayıb.

Məsələn, iki ildən sonra Stalin və Hitler tərəfindən pozulmuş Molotov – Ribbentrop paktı. Başqa variant -  diktatura və demokratiya arasında etibarlı barışıq yalnız demokratik tərəfin qüdrətli müttəfiqin qücüilə müdafiəsi şərtilə mümkündür.

Məsələn, Şimali və Cənubi Koreya və ya Çin və Tayvan, burada ikincilər birincilərin hücumlarından yalnız ABŞ-ın hərbi gücü ilə qorunur.

Və  nəhayət, üçüncü variant, ən üstün və yeganə realist variant - iki demokratiya arasında barışıq və ittifaq. Məsələn, əsrlər boyu döyüşmüş Almaniya və Fransanın indiki münasibətləri. İspaniya və Niderland. Britaniya və İrlandiya. Necə düşünürsünüz, ölkəmizin Avropaya inteqrasiya, demokratiya və azadlıq istiqamətində irəliləyəcəyini nəzərə alaraq, Ermənistanla Azərbaycanın indiki və gələcək münasibətləri bu üç variantdan hansına bənzəyir?…

Sual: İkinci Qarabağ Müharibəsi başlamadan öncə Ermənistanda və Qarabağda azərbaycanlılarla birgə yaşamaq ideyası rədd edilmişdi. Qarabağ erməniləri bu gün buna hazırdırmı, yoxsa bunu real hesab etmirlər? Niyə Bakının Qarabağ ermənilərinə bütün hüquqları verməyə və onların normal yaşayışını təmin etməyə hazır olması barədə vədləri mənfi qarşılanır? Azərbaycan vətəndaşlığı ideyası qarabağlıları niyə belə qorxudur?

Cavab: Ümid edirəm ki, sizin suallarınız da mənim cavablarım qədər səmimidir. Lakin azərbaycanlı əsgərlərin özləri tərəfindən gülüşlə və hamının təqdirilə çəkilmiş və sosial şəbəkələrdə yerləşdirilmiş erməni hərbi əsirlərə və dinc sakinlərə  qarşı işgəncələr, zorakılıqlar, alçaltmalar, köməksiz erməni qocaların kəsilmiş başları, müdafiəsiz əsirlərin dərisinin soyulması ilə bağlı çoxsaylı videomateriallar var. Bütün bunlardan sonra siz məndən ciddi şəkildə ermənilərin və azərbaycanlıların Qarabağda birgə yaşaması ideyasının reallığı barədə soruşursunuz?

Azərbaycanda erməni tarixi və psixologiyasının mühüm bir özəlliyini anlamırlar - Ermənistanda Qarabağ münaqişəsi erməni soyqırımının davamı və bir hissəsi kimi qəbul edilir. Ciddi desək, bu, elə belədir. Məhz 1921-ci il rus– türk müqaviləsi və onun ardınca Qarabağın Ermənistanın tərkibindən Azərbaycana verilməsi haqda Stalinin qərarı soyqırım və Patriasidin - erməni xalqının məhv edilməsi və onun vətənindən məhrum edilməsinin final aktı oldu. Və bu1915-ci ildən 1921-ci ilədək Türkiyə və Rusiya tərəfindən birgə həyata keçirildi.

"Zərərsiz" repressiyaları yada salmayacam, lakin hətta bu günlərimizdə də erməni idmançılara, musiqiçilərə, sahibkarlara, xarici turistlərə, şərait səbəbindən Azərbaycanda dövlət təqibinin, adam oğurluğunun və həbslərin qurbanı olanlara qarşı repressiyaları  xatırlatmaq istəyirəm. Düşünürəm ki, Bakı hakimiyyəti bu cür "vədləri" öncə özünə, öz xalqına, sonra isə bizə təqdim etməli və sübut etməlidir. Əslində məhz əsrin əvvəllərində baş vermiş xalqların bölünməsi daimi gərginliyə, şübhəyə, qorxuya və yeni müharibələrə qarşı ən təsirli və etibarlı vasitədir. Bunun əksi xalqların iradəsi ilə deyil, öz maraqları, cəzasız və nəzarətsiz olaraq ölkəni, xalqı talan etmək imkanları naminə qəsdən düşmənçilik və nifrət toxumu səpən, onu  dəstəkləyən hakimiyyətlərin pis niyyəti səbəbindən baş verir.

Sual: Bu gün Ermənistanda ayrı-ayrı siyasətçilər itirilmiş ərazilərin qaytarılmasının vacibliyindən və revanşdan danışırlar. Belə əhval-ruhiyyə Ermənistanın ictimai rəyini nə dərəcədə əks etdirir?

Cavab: Gəlin, sualınızı dəqiqləşdirək, əks halda mənim cavabım tam olmayacaq. Mənə elə gəlir ki, müharibənin gerçək, hətta aralıq nəticələri barədə obyektiv təsəvvür nə şokdan ayılmayan Ermənistanda, nə də zəfərdən məst olan Azərbaycanda hələ ki yoxdur. Hazırda nəinki əraziyə, həm də regionda bütün hərbi-siyasi vəziyyətə hansı ölkə nəzarət edir, üstəlik 44 günlük müharibədən öncə olduğundandaha aydın və effektiv şəkildə? Əlbəttə, bu, Ermənistan deyil. Amma siz əminsiniz ki, bu, Azərbaycandır?

Düşünürəm ki, ayıq təhlil göstərir ki, xeyr. Növbəti müharibənin qan çanağında və onun müvəqqəti yekunlarından maksimum istifadə edərək bölgəmizə girən ölkə Putin Rusiyasıdır. Məhz hazırda onun qoşunları Rusiyanın nəhəng hərbi bazasına çevrilən Qarabağda dayanır, məhz Rusiya trikoloru (üçrəngli) Murov yamacından Araza qədər strateji aşırımlar və yollar üzərində dalğalanır. Məgər Əliyev müharibəni məhz bu məqsədlə başladı və 5000 erməni gənci öldürdü? Hücum edən tərəf nə qədər itirib, bilmirəm.  

Ermənistan 44 gün ərzində təkcə Azərbaycanla yox, həm də müharibədə pilotsuz uçuş aparatları, təlimatçılar və generallarla iştirak  etmiş Türkiyə ilə, həmçinin mütəmadi olaraq erməni HHM-in qarşısını alan və Paşinyanı Qərbin təklif etdiyi istənilən diplomatik, siyasi və hərbi yardımdan imtina etməyə məcbur edən Rusiya ilə vuruşub.Ermənistan hərbi məğlubiyyətdən çox, son 20 ildə Putin, imperiya, müstəmləkə Rusiyası ilə yaxınlaşmağa yönəlmiş ideologiyanın,siyasətin, iqtisadiyyatın iflasına uğrayıb. Lakin paradoks ondadır ki, Rusiya bu "qələbə"dən əldə etdiyindən daha çoxunu uduzub. Rusiya Qarabağa təbii ki, "sülh naminə" yox, regionda permanent və idarə olunan müharibəyə nəzarət və onun konservasiyası üçün qoşun yeritməklə  Ermənistanı birdəfəlik və qəti şəkildə itirib. Eynilə 2008-ci ildə Gürcüstanı, 2014-cü ildə Ukraynanı, 2020-ci ildə Belarusu itirdiyi kimi. Bəs onda Rusiya nə əldə etdi? Abxaziya, Dnestryanı, Krım, Donbass, Qarabağı? Xeyr, ancaq müharibə, nifrət, beynəlxalq təcrid və sanksiyalar. Və bu, yaxın gələcəkdə nəinki o "qazanılanları", həm də Şimali Qafqazda, Volqaboyu və Uzaq Şərqdə vəziyyəti nəzərə alaraq, Rusiyanın özünün indiki sərhədlərində mövcudluğunu sual altına alacaq. Və burada Azərbaycan sual qarşısında qalır - bəs o, nə "qazandı"?

Ermənistan heç vaxt və heç bir halda Qarabağda öz hüquq və öhdəliklərindən əl çəkməyəcək. Rus xidmətindəki ayrı-ayrı siyasətçilər nə desələr də, bununla bağlı cəmiyyətdə və erməni diasporunda mütləq konsensus var. Bunun sübutu müharibə günlərində mənim də iştirak etdiyim böyük könüllü hərəkatdır, Rusiya xüsusi xidməti və onun yerli agentləri tərəfindən çətinliklə neytrallaşdırılan diaspor və arxa cəbhəni böyük dəstəyidir.

Onu demək kifayətdir ki, müharibə zamanı bütün "qəribə geri çəkilmələr" hərbi hissələr və könüllülər tərəfindən deyil, Rusiya FTX və BKİ-nin nəzarət etdiyi xüsusi bölmələr tərəfindən həyata keçirilirdi. Belə ki, oktyabrın 3-də Milli Təhlükəsizlik Xidmətinin bir hissəsi "qəflətən" cəbhə xəttindən getdi, noyabrın əvvəlində isə eyni “qəribə” əmrə əsasən Ermənistan DİN batalyonlaru Şuşadan getdi.

Lakin Qarabağın işğaldan azad edilməsi barədə ilk dəfə Ermənistanda danışılmayıb. Bu ifadə Fransa Senatının 25 noyabr qətnaməsində səslənib, daha sonra Belçika və Niderland parlamentləri tərəfindən təkrarlanıb. Hazırda Putin, Əliyev və Paşinyanın 9 noyabr tarixli üçtərəfli razılaşmasının qanunsuz, qəbuledilməz və həyata keçirilməz  olması barədə Yerevanda və Moskvada danışmırlar. Bu barədə Parisdə və Vaşinqtonda danışırlar. Beləliklə, Bakı indi Minsk Qrupunun, daha dəqiqi, Fransa və ABŞ-ın birbaşa və qarşısıalınmaz təzyiqi altındadır. İndi Putinə ümid etmək ciddi deyil - onun 700 avroluq tualet fırçasından aldığı zövqünbitməsinə az qalıb. Ərdoğana da ümid etməyə dəyməz. Hazırda Türkiyə NATO və Aİ, BVF və AŞPA, Yunanıstan və Fransa, ərəblər və kürdlərin çağırışları və təzyiqləri qarşısındadır. Suriyalı cihadçılardan istifadə də prezident Əliyevin populyarlığını artırmır. Neft və qaz  günbəgün ucuzlaşır. Reallıq budur, ən azı 2021-ci ilin əvvəlində Ermənistanda bu, bizim üçün belə görünür.

Sual: İkinci Qarabağ Müharibəsinə qədər Qarabağın statusu müqabilində 7 rayonun verilməsi təklifi qəti şəkildə rədd edilirdi və bunu təklif edənlər tənqid olunurdu. Bu gün adamlar necə düşünürlər? Əgər fikirlər dəyişibsə, niyə?

Cavab: Mən 20 il öz xalqına və dünyaya yalan söyləyən,  ölkəsini talayan və öz xəyanətinin müqabilində Moskvaya xərac verən yalançı erməni siyasətçilərin sözlərini şərh etməyəcəm. Tezliklə Ermənistanda hakimiyyəti və məsuliyyəti öz üzərinə götürəcək milli-demokratik qüvvələr ilk dekretlərdən biri kimi bizim dövlətin 1918-1921-ci illərdə mövcud olmuş ilk respublikanın hüquqi varisliyini elan edəcəklər. Yeri gəlmişkən, vaxtilə bunu Azərbaycan və Gürcüstan da ediblər. 

1990-cı ildə Ter-Petrosyanın təzyiqi ilə Müstəqillik bəyannaməsinə Sovet Ermənistanına hüququ varislik haqqında maddə daxil edilmişdi. Biz bu cinayətkarcasına səhvi düzəldəcəyik və o zaman artıq söhbət Qarabağ ermənilərinin özünütəyin hüququndan yox, Ermənistan Respublikasının ərazi bütövlüyündən gedəcək.Yeri gəlmişkən, istənilən beynəlxalq məhkəmə diqqəti ona yönəldəcək ki, sizin indiki Konstitusiyanızda bəyan edilən ilk Azərbaycan Demokratik Respublikasının tərkibində Qarabağ olmayıb.Odur ki, bu cür məsələləri kifayət qədər dəyişkən olan güc hüququ ilə yox, dəyişməz olan hüququn gücü ilə həll etmək olar və lazımdır. Bizim gələcək hakimiyyətimiz də məhz bunu təklif edəcək. Sülh və mehriban qonşuluq silahla deyil, hüquqla əldə edilir.

Sual: 10 noyabrdan sonrakı dövrdə Ermənistan mətbuatında 2-3 material vardı (Jirayr Liparityanın müsahibəsi, Eduard Naqdalyanın məqaləsi). Bu yazıların mahiyyəti ondan ibarət idi ki, erməni cəmiyyəti strateji və sistemli səhvlərə yol verib, həm də təkcə Azərbaycanla münaqişədə yox. Bu məqalələrin mahiyyəti həm də ondan ibarət idi ki,  cəmiyyətin ideologiyası qüsurludur, real dividendlər olmadan Ermənistanı və erməniləri qonşularla mənasız düşmənçiliyə təhrik edir. Bu rəylər Ermənistanda necə qarşılandı? Azərbaycanla sülh bağlanmasının və diplomatik münasibətlərin qurulmasının zəruriliyilə bağlı deputat Andranik Köçəryanın təklifinin əksəriyyət tərəfindən süngü ilə qarşılanması nə ilə əlaqədardır?

Cavab: Sizin iki sualınızı birində birləşdirmək istərdim, çünki hər ikisində söhbət Ter-Petrosyan dövründəki kiçik məmurlardan gedir. Onların fikirləri əslində onların ideya lideri, ölkəmizdə dörddə bir əsrlik deqradasiyasının və durğunluğun təməlini qoymuş ilk prezidentin mövqeyini əks etdirir.İdeologiyanın, siyasətin və diplomatiyanın qüsurlu olması, sistemli və strateji səhvlər tamamilə başqa idi- Ermənistanın əvvəlki hakimiyyətinin Avropa inkişaf yolundan,  Qərblə hərbi-siyasi tərəfdaşlıqdan qəti şəkildə imtina etməsində idi ki, bu da ölkəmizi postsovet müstəmləkəçiliyinə və 2020-ci ilin hərbi-siyasi fəlakətinə gətirib çıxardı. İndi onlar bütün günahı Paşinyanın üstünə atırlar, sanki biz unutmuşuq ki, Nikol 2008-ci ildən həmin Ter-Petrosyanın yaxın silahdaşı və sadiq davamçısıdır. Onların erməni cəmiyyətilə manipulyasiyanın sevimli üsulu rus çəkməsini türk xəncərilə qarşı-qarşıya qoymaq və erməniləri ikincidən qaçmaq üçün birinci ilə barışmağa razı salmaqdır.Bəzən ekzotika və inandırıcılıq üçün bu saxtakarlıq Türkiyə ilə dostluğun parlaq perspektivləri barədə Liparityanın nağıllarına qarışır. İstanbulda Qrant Dinki öldürmüş türk şovinistlər, yaxud bu günlərdə Marneulidə ermənilərin yük maşınlarına daş atmış azərbaycanlı igidlər paradiqmanı ənənəvi rus-türk tələsinə çevik qaytarırlar.

Biz bu çoxdankı yalana qarşı sadə və aydın çıxış yolu göstəririk – Ermənistanın Avropaya inteqrasiyası, Aİ-yə və NATO-ya daxil olması. Ukrayna və Gürcüstan artıq bu seçimi ediblər. Növbə bizimdir.

Sual: Ağır hərbi faciə yaşayan istənilən cəmiyyət səbəb və günahkarlar axtarır. KİV-in məlumatlarına görə, Ermənistanda əksəriyyət baş verənlərdə əsas günahkar Paşinyanı hesab edir. Bu, nə dərəcədə doğrudur? Cəmiyyət müharibənin səbəblərinin və bundan necə qaçmaq olardı sualının ciddi və obyektiv təhlilinə hazırdırmı?

Cavab: Sizin birinci, mənim təfsirimdə isə sonuncu olan sualınızı cavabsız qoyacağam, çünki mən sizə əvvəlki mülahizələrimin əsasında qərar verməyi təklif edirəm - erməni cəmiyyəti baş verənlərin obyektiv təhlilinə hazırdırmı? Mən obyektiv və səmimi olmağa çalışdım. Suallarınıza və bu çətin vaxtda dialoq qurmağa çalışdığınıza görə sağ olun.

26 yanvar

Müsahibəni Şahin Hacıyev götürüb

Redaksiyadan:

 

Bu material dərc edildikdən sonar bəzi oxucular qarşı tərəfin Azərbaycan üçün “qəbuledilməz bəyanatlar” səsləndirən nümayəndəsinə tribuna verilməsinə narazılıq bildirib. Bu cür bəyanatların tirajlanmasını yolverilməz və zərərli hesab olunub.

  Bununla əlaqədar qeyd etmək istəyirik ki, müsahibənin dərc olunması Turan agentliyinin Hzmalyanın fikirlərini, qiymətləndirmələrini və iddialarını dəstəkləməsi demək deyil.

  “Onda düşmən mövqeyinı dərc etmək nəyə lazımdır?” sualına cavab olaraq bildiririk ki, müharibə şəraitində olduğumuz ölkədə real əhval-ruhiyyəni bilmək üçün bu vacibdir.Orada baş verənləri təxmin etmək başqa, dəqiq bilmək başqadır. İlkin mənbədən öyrənmək - düzgün proqnozlaşdırmaq və gələcəkdə doğru qərarlar qəbul etmək deməkdir.

  Həm söhbətimizin Azərbaycan tərəf üçün qəbuledilməz olan "Arsax", "Tiqranakert" kimi sözlərdən və ya Azərbaycan SQ-nin və ölkə rəhbərliyinin ünvanına əsassız ittihamlardan istifadə etməsinə gəlincə bildiririk ki, müsahibə üslub və ifadələrin redaktə edilmədən saxlanılması şərtilə verilmişdi.

  Nəhayət, müsahibə birbaşa söhbət zamanı deyil, elektron poçt vasitəsilə göndərilmiş suallara cavab yolu ilə götürülüb. Bu isə, düzəliş etmək, dəqiqləşdirmək və sadəcə olaraq əlavə sual vermək imkanını istisna edir.

   Ümid edirik ki, bu açıqlamalar oxucularımızı qane edəcək.

 

Rəy yaz

Sual-cavab

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti