Hikmət Sabiroğlu

Hikmət Sabiroğlu

Azərbaycanlıların tarixi və mədəni yaddaşında Şuşa şəhərinin çox özəl yeri var.

Mən Şuşada bir dəfə, 1999-cu ilin yayında 6 azərbaycanlı jurnalistin arasında, erməni polisin və xüsusi şəxslərin əhatəsində olmuşam. Bakıdakı həmkarım,  "Azadlıq" qəzetinin əməkdaşı, Şuşa şəhərindən köçkün Hikmət Sabiroğlu (bax: foto) yavaş səslə məndən xahiş etdi ki, ona doğma torpağından gətirim. ANS-in telemüxbiri Eldəniz Elgünlə birlikdə Şuşa məscidinin girişinin sol tərəfində çöməlib qaçqın ailəsi üçün torpaq yığdıq. Torpaq deyəndə xırda daş, tikinti tozu, şüşə qırıntısı, tikan... Çətin yığılırdı, əlimiz abırdan çıxırdı, quru torpağı qazıb torbaya tökürdük. Ermənilər başımızın üstünü kəsdirmişdilər, mühafizəçilər və təsadüfən bu məbədin həyətinə gələnlər idi. Eldəniz də, mən də qan-tər içində idik, sərt torpağı qazırdıq, ağrı hiss etmirdik, istehzaları eşitmirdik. Qarabağın polis rəisi bizi göstərərək qəhqəhə çəkdi, Azərbaycan dilində “Torpaqdan pay olmaz” çığırdı. O vaxtlar Azərbaycanda belə bir siyasi şüar vardı: “Torpaqdan pay olmaz!” Biz isə 1992-1993-cü illər müharibəsinin yekunlarına əsasən “pay vermişdik”.

Ermənilər gülürdülər, bəziləri dinməz-söyləməz bizə baxırdılar, yəqin ki, xalqın faciəsinin dərinliyini anlayırdılar: hələ iki il bundan öncə qardaşlıq edirdik, toylarda bir yerdə içirdik. Həmin gün mən ilk dəfə qocaldım.

Mən torbanı Bakıya gətirdim və o vaxtlar Xaqani, 33 ünvanındakı tarixi binada yerləşən "Azadlıq" qəzetinin redaksiyasına gəldim, onu Hikmətin qarşısına qoydum. O da yazı masasının siyirtməsinə. Heç nə danışmadıq.

Bir həftə sonra Fiziologiya İnstitutunda birlikdə işlədiyim müsavatçı Sevinc Hüseynova metro vaqonunda gördüyü qadından danışdı. Qadın oturub  "Azadlıq" qəzetində Hikmətin məqaləsini oxuyurmuş. Sevinc boylanıb baxıb: "Masamın üstündəki torpaq torbası"... Qadın ağlayırmış...

2020-ci ildə gənclərimiz millətin otuz illik stresini aradan qaldıra bildi, dərdimizi ovundurdu, natamamlıq, məyusluq kompleksini, xalqın öz rəhbərlərinə qəzəbini dağıtdı. Dünən televiziyada yol göstərirdilər, Azərbaycan Ordusu başqa istiqamətdə yayındırıcı döyüşlər apararaq sıx dağ meşəsi ilə yarğandan keçib qayaları aşaraq arxa cəbhədən Şuşaya girmək mümkün olsun deyə yol çəkibmiş. 20 kilometrə yaxın yol minimum tikinti texnikası, yoruldum demədən, ölüm təhlükəsi altında cəhənnəm əzabı ilə çəkilib.

Noyabrın 6-9-da hava uçuş üçün əlverişli deyildi, aviasiya uçmayıb. Xüsusi təyinatlılar komandir - general Hikmət Mirzəyevin sürətli planını yerinə yetirdilər (bax: foto). Snayperlər, ələ keçirmə qrupları, həmlə qrupları  dəqiq hərəkət edirdilər, bu istiqamətdəki azsaylı düşməni təşvişə salırdılar, sonra özününkülərə atəş açan düşməni buraxaraq şəhərin dərinliyinə getdilər. Bundan sonra həmin qaya ilə xüsusi təyinatlıların əsas heyəti qalxmağa başladı, bıçaqla, tapança və əlbəyaxa döyüşlə öz işini gördü.

Belə amansız döyüşlə geri qaytarılan şəhər daha heç vaxt özgənin olmayacaq. İndi Şuşa həm də Azərbaycan qəhrəmanlığının, vətənpərvərliyinin rəmzidir. Bundan sonra 8 noyabr Azərbaycanda Zəfər Günü kimi qeyd olunacaq. Yeni müharibəyə başlamağa çağıran erməni revanşizminin ideoloqlarına məsləhət görürəm ki, erməni xalqının ehtiyaclarını düşünsünlər. Başqa şeyi ağıllarına gətirməsinlər. Torpaqdan pay olmaz.

Rəy yaz

Söz istəyirəm

Beynəlxalq Mətbuat Azadlığı günü: Azərbaycanda azad media varmı? – Xalid Ağəliyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti