t24.com.tr

t24.com.tr

Türkiyə siyasətinin 2001-ci ilə  “baş örtüsü” mübahisələriylə  başlaması əcnəbi jurnalistlərin çoxu kimi mənim üçün də təəccüblü olmamışdı, çünki 1990-cı illərin əvvəllərindən islamçı siyasətin gündəminə daxil edilən bu “instrument”dən 27 mart 1994-cü ildəki bələdiyyə seçkisi ərəfəsində də 24 dekabr 1995-ci ildəki parlament seçkisində də eninə-uzuna istifadə edilmiş və istər Recep Tayyip Erdoğanın 0.3% səs fərqiylə İstanbul bələdiyyə sədri seçilməsində istərsə də Refah Partiyasının 22.6% səslə məclisin birinci partiyası olmasında “başı örtülü bacılarımız zülmə məruz qalır”- deyiminin həlledici olmasa da önəmli dərəcədə rolu olmuşdu.

Bunun üstünə ordunun 28 fevral 1997-də verdiyi ultimatumdan sonra Erbakan hökumətinin istefa verməsi, bir neçə aydan sonra Refah Partiyasının qapadılması, oxuduğu şeirə görə Erdoğanın İstanbul bələdiyyə başqanlığından uzaqlaşdırılaraq həbs edilməsi və nəhayət, 18 aprel 1999-dakı seçkidə sadəcə adı dəyişmiş,seçici kütləsi yerində duran islamçı Fazilet Partiyası siyahısından məclisə baş örtüsüylə seçilən Merve Kavakçının(hal-hazırda Türkiyənin Kuala-Lumpur səfiridir) and içməsinə fürsət verilmədən salondan fitə basılaraq qovulması da əlavə edilincə islamçı-mühafizəkar qanadın mübarizə atributu qətiləşmişdi.

Bülent Arınç 18 aprel 1999-cu ildəki seçkidən ikinci yerdə çıxan  Milliyyətçi Hərəkat Partiyasının Antalya  millət vəkili Nersin Ünalın başını açaraq  and  içməsini “Bunlar baş örtüsü problemini başlarını açaraq həll etdilər”- deyə lağa qoyduqca islamçılar daha geniş təbəqəni öz ətraflarında  konsolidə edə bilirdilər.

Siyasi simvolun müəyyənləşməsi AKP-nin qurulmasını sürətləndirən, 19 fevral 2001-ci ildə meydana çıxan iqtisadi böhran isə təkbaşına iqtidara gəlməsini şərtləndirən faktorlar oldu. Amma əsas faktorun iqtisadiyyat olduğunu unutmayaq.

AKP İqtidarının birinci dönəmində baş örtüsünü ictimai yerlərdə,dövlət idarələrində, litsey və ali məktəblərdə sərbəstləşdirmək mümkün olmadı; buna qarşı çıxanlardan biri də prezident Ahmet Necdet Sezer idi.

2007-ci ilin aprelində məclisdə keçirilməsi planlaşdırılan prezident seçkisi ərəfəsində AKP, xarici işlər naziri Abdullah Gülü namizəd göstərdi. Gülün xanımı başı örtülü idi, 1998-ci ildə  universitetə tələbə kimi qeyd olunmaq üçün növbəti cəhdi də baş tutmayınca o vaxt müxalifət millət vəkili olan Gül, Türkiyə dövlətini AİHM-ə şikayət etmişdi.27 aprel 2007-ci ildə ordu “Dünyəvilik prinsiplərinə bağlı və xanımının başı açıq prezident istəyirik”- şəklində ultimatum verincə bu durum  islamçı seçicilərin həssaslığını yenidən qabartdı və bundan ustalıqla istifadə edən AKP seçkidən hakimiyyətini daha da gücləndirərək çıxdı.

Son 10 ildə dəfələrlə “İki addım irəli, bir addım geri”-prinsipindən məharətlə istifadə edən AKP,”başörtüsü məsələsi”ni tamamilə həll edərək Türkiyənin gündəmindən çıxardı.

Bu gün nazirdən tutmuş hakimə, bələdiyyə sədrindən  ali məktəb müəlliminə,millət vəkilindən tələbəyə qədər başörtüsünə görə heç bir problem yaşamayan təbəqə bunu AKP iqtidarına və birbaşa cənab Erdoğana borcludur. Ona görə AKP sədri və prezident Erdoğanın ilin ilk günündə Ayasofiya məscidində qıldığı cümə namazından sonra ana müxalifət partiyasını yenidən “baş örtüsü”ylə vurmağa çalışaraq başını örtənləri sadəcə öz seçici kütləsinə aid  etməsi təəccüblə qarşılandı.

Zira; 1) 2002-ci ildə AKP-nin təkbaşına iqtidara gəlməsində təzyiq ünsürlərindən biri olan “baş örtüsü”ndən ən az 5 ildən bəri siyasi islamın “narazılıq instrumenti”  kimi siyasi müntəxabatda istifadə edilmirdi; 2)AKP-nin yaradıldığı dövrdə və iştirak etdiyi ilk seçki ərəfəsində təbliğatın iqtisadiyyatdan sonrakı əsas vastəsi olan “baş örtüsü”nün o vaxt mühafizəkar təbəqə üzərində yaratdığı həyəcanın bu gün ən az 1 nəsli dəyişmiş eyni təbəqə üzərində eyni təsiri və həyəcanı yaradaraq bunu seçki qutusunda reytinqə çevirməsi nə qədər realist durumdur  ki, yenidən oraya qayıdılması cənab Erdoğan kimi Türk siyasətinin ən təcrübəli dövlət və siyasət adamı tərəfindən  uyğun görülür? 3) Bir daha xatırladaq ki, 2002-ci ildə AKP-nin qələbəsinin müəyyənləşdirici faktoru iqtisadi böhran idi.

Bundan məharətlə istifadə edən AKP, 34 yaşlı iqtisadçısı Ali Babacanın proqramını seçki meydanlarında elan edərək xalqın dəstəyini aldı.İqtisadi parametrlər bu günkü vəziyyətin 2002-ci ilin seçki dönəmindən heç də yaxşı vəziyyətdə olmadığını göstərdiyi halda “baş örtüsü”  həll edilməmiş bir problem kimi yenidən cəmiyyətin gündəminə  gətiriləndə iqtidar partiyasının reytinqini yüksəltməyə kömək edərmi? Seçki göstərəcək.

İşin  başqa maraqlı tərəfi də  budur ki,2002-ci ildə seçicilərə təqdim edilmiş  iqtisadi  proqramın memarı Ali Babacan,AKP-dən ayrılaraq qurduğu partiyasının 29 dekabrda keçirilən İ qurultayındakı çıxışında iqtisadiyyatdan çox “baş örtüsü”nü ön plana çıxarınca kəskin tənqidlərin hədəfi oldu...

Mayis Əlizadə

 

Rəy yaz

Dünyada

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti