Azərbaycan - 2021                                                            (birinci məqalə)

Sentyabrın 27-də Azərbaycan Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca hücuma keçərək, noyabrın 9-na qədər onillər boyu davam edən qarşıdurmanın qarşıya qoyduğu vəzifələrin çoxunu faktiki olaraq həll edib. İmzalanmış üçtərəfli saziş Cənubi Qafqazda tamamilə yeni vəziyyəti, Dağlıq Qarabağ münaqişəsində status-kvonun kökündən dəyişməsini, danışıqlar prosesində çıxılmaz vəziyyətdən çıxışı əks etdirib. Amma elə həmin saziş üç Cənubi Qafqaz respublikasının bir-birindən ayrılması, regionda xarici oyunçuların rolunun güclənməsi kimi təhlükəli təmayüllər yaradıb.

Müharibədən sonrakı vəziyyət müxtəlif düşüncə və davranış modelləri ortaya çıxaran üç süjetlə qarşılaşır: 1. Cəmiyyətin bir hissəsi tamamilə keçmişə qapılıb, yol verilmiş səhvləri və ya uğurun nəticələrini müəyyən etməyə çalışır; 2. Cəmiyyətin digər hissəsi müharibədən sonrakı vəziyyətin əsas yekunlarını üzə çıxarmağa çalışır; 3. nəhayət, cəmiyyətin qalan hissəsi gələcək haqqında düşünür və onun mümkün ssenarilərini qurmağa çalışır. Baxmayaraq ki, müharibədən sonrakı vəziyyətdən asılı olaraq modellərdən biri üstünlük təşkil edəcək, onların hamısını, habelə bir-birinə qarşı mübarizə aparan “qalib” və “məğlub” cəmiyyətlərin tamamilə zidd əhval-ruhiyyələrini nəzərə almaq lazımdır.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində tərəflər 1994-cü və 2020-ci ildə iki müharibənin yekunlarına görə tutduqları mövqeləri, demək olar ki, aynadakı kimi dəyişdiriblər. Bu rakursda 1992-1994-cü illərdə müharibədən sonra sülhə nail olmaq cəhdlərinin çıxılmaz vəziyyətə gətirib çıxarmasının, bu vəziyyətdən çıxış cəhdlərinin amansızca ikinci müharibənin başlamasına səbəb olmasının səbəblərini təhlil etmək lazımdır.

Uzun illər davam edən Qarabağ problemi, yəqin ki, Qərb ictimaiyyətini maraqlandırmırdı, buna görə heç kim onun həlli üzrə heç bir ciddi cəhd etmirdi, bu, ATƏT-in Minsk Qrupunun rolunun tədricən pisləşməsində özünü göstərib. Üçtərəfli sazişin imzalanmasından sonra vəziyyət tamamilə dəyişib. İndi bütün regional və regiondankənar qüvvələr müharibəsonrası vəziyyətdə iştirak etmək istəyirlər və ya ona reaksiya vermək məcburiyyətindədirlər.

Coğrafi cəhətdən Rusiya, Türkiyə və İran ilə həmsərhəd olan Qarabağ münaqişəsi, təbii ki, bu region dövlətlərinin milli maraqlarına toxunur, son vaxtlar onlar birlikdə və ya ayrı-ayrılıqda bütün regionun geosiyasi reallığını və bununla birlikdə hələ də tamamlanmış cizgilərə qovuşmayan dünya nizam-imtizamını dəyişdirməyə çalışırlar. Həddindən artıq böyük fikir ayrılıqları olduğu halda altı dövləti birləşdirən müxtəlif platforma modelləri irəli sürülür, bu platformalarda Rusiya-Gürcüstan və Ermənistan-Türkiyə münasibətləri maneə təşkil edir.

Bu gün Rusiyanın istənilən postsovet ölkəsinin işlərinə müdaxiləsi üçün yeganə səbəb bu ölkənin şüurlu şəkildə Qərbə qoşulmaq və NATO-ya daxil olmaq cəhdidir. Müvafiq olaraq, NATO üzvü olan hər hansı ölkə ilə xüsusi münasibətlər qurulması mümkünlüyü Moskva tərəfindən böyük xarici siyasət uğuru kimi qiymətləndirilir, bunun üçün hətta bəzi güzəştlərə və sazişlərə də yol verilə bilər. Bu rakursda son vaxtların nümunəsi təkcə Qərb və Rusiyanın maraqlarının kəsişməsində deyil, həm də Rusiyanın Ukrayna, Gürcüstan kimi ölkələrlə maraqlarının qarşıdurması ilə bağlı həddindən artıq əhəmiyyətli mövqe tutan Türkiyədir. Eyni zamanda, bütün xarici siyasəti ilə Qərbin regionda möhkəmlənmək meyllərinə mane olan İran kimi regional dövlətə müttəfiq olaraq baxıla bilər.

Bu gün Cənubi Qafqaz bütün dünya ilə birlikdə ABŞ-ın 2021-ci il yanvarın sonlarında fəaliyyətə başlayacaq yeni administrasiyasının siyasətinin və bir sıra ölkələrlə birlikdə birqütblü dünyanın dirçəlməsinə mane olmaq iqtidarında olan Çinin bu siyasətə cavabının necə olacağını təxmin etməyə çalışır. Pandemiyanın dağıdıcı nəticələrindən sonra analitiklər Çinin əvvəllər hesab olunduğu kimi 2033-cü ildə deyil, 2028-ci ildə dünyada ÜDM həcminə görə ən böyük iqtisadiyyat olacağını hesab etməyə başlayıblar. Aydındır ki, bu, dünya siyasətini və yeni siyasi, iqtisadi və hərbi alyansların formalaşmasının xarakterini nə cürsə dəyişdirə bilər.

 

Dar regional xarakterli risklər və təhdidlər

N.Paşinyan Rusiyaya düşmən olan rəngli inqilab nəticəsində hakimiyyətə gəlib və o qədər yad siyasətçi idi ki, Yerevanın Moskvaya yenidən bağlanması Ermənistanın böyük itkiləri hesabına baş tutub. Amma Moskvadakı erməni siyasətçilər vəziyyəti tamamilə əksinə şərh edir: “O, Ermənistanda hakimiyyətə gəlməsinin yeganə məqsədinə nail olub – NATO-ya daxil olmaq üçün Dağlıq Qarabağı verib”, deyə politoloq Sergey Kurginyan bildirib. “Birbaşa və açıq şəkildə demək olar ki, cənab Paşinyan Dağlıq Qarabağı təhvil verir və Dağlıq Qarabağ ermənilərinin satqını kimi çıxış edir”, deyə həmkarı Semen Baqdasarov onun dediklərini təkrar edir.

Ermənistanın müdafiə nazirinin texnoloji innovasiyaların inkişafına əsaslanan “2018-2024-cü illər üçün müasirləşmə proqramı”nı işə saldığını indi çox az insan xatırlayır. Maraqlıdır, Ermənistan bu proqramı davam etdirəcəkmi və bu, regiondakı vəziyyətə necə təsir edə bilər? Hərbi fəlakət, maraqlı da olsa, Ermənistana Rusiyadan böyük azadlıq verdi, eyni zamanda Azərbaycanı Dağlıq Qarabağın gələcəyi ilə bağlı Kremlin həyata keçirdiyi siyasətdən asılı vəziyyətə saldı.

İndi Paşinyan hökuməti tez bir zamanda, amma artıq yeni, qeyri-standart və səmərəli qərarlar əsasında, onun hakimiyyətdə olmasının Moskvanı qane etdiyi və Ankaranı və Bakını da qane etməli olduğu həddindən artıq qısa zaman kəsiyində yeni legitimlik qazanmalıdır. Variantlar az deyil. Ermənistanı regional və deməli, dünya iqtisadi əməkdaşlıq sisteminə qaytaran köhnə kommunikasiyaların açılmasından və yeni kommunikasiyaların qurulmasından sonra yaranan yeni iqtisadi reallıqdan istifadə etmək olar. Türkiyə və Azərbaycanla danışıqlara başlayaraq, Rusiyadan asılılığı azaltmağa çalışmaq olar ki, Rusiya Ermənistanda hakimiyyəti öz istəyinə görə dəyişdirmək imkanından məhrum olsun. Məlumdur ki, Ermənistanın müxalif qüvvələri həddindən artıq qisasçı əhval-ruhiyyədədirlər, Paşinyanı “satqınlıqda və Qarabağı qəsdən verməkdə” ittiham edirlər. Onlar üçün Paşinyanın gedişi Ermənistan üçün sərfəli olan həllər tapmaq və “Arsaxın öz müqəddəratını təyin etmək hüququnun” qəti şəkildə müəyyən edilməsi və həyata keçirilməsi üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri formatında danışıqları bərpa etmək məqsədilə imzalanmış bəyanatın qeyri-müəyyən müddəaları ilə bağlı danışıqlar başlatmaq imkanı verir.

Paşinyan Gürcüstanda de-fakto mövcud olan, eyni zamanda Dağlıq Qarabağda Rusiya sülhməramlıları bazasının yaradılmasından sonra de-yure rəsmiləşdirilə biləcək ABŞ-ın hərbi protektoratına arxalana bilər. Həmçinin, Gürcüstanın NATO-ya daxil olması proqramının ABŞ-ın israrı ilə qısaldıla biləcəyi və yaxın gələcəkdə bu Cənubi Qafqaz ölkəsinin Şimali Atlantika Alyansının üzvü statusu əldə edəcəyi və bu təşkilatın hərbi bazasının yaradılması üçün öz ərazisini verə biləcəyi istisna deyil. Aydındır ki, bu, Cənubi Qafqazda vəziyyətin kökündən dəyişməsinə şərait yaradacaq və Ermənistan dərk edəcək ki, Yerevan öz suverenliyini Moskva ilə deyil, Vaşinqtonla əlaqələndirərsə, Gürcüstanın Türkiyənin ambisiyalarına qarşı immunitetindən onda da ola bilər.

2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi nəticəsində Qərb (xüsusən ABŞ) Gürcüstanda müstəsna təsir əldə edə bilib. 2020-ci il hadisələri müxtəlif kombinasiyalarda bu təsiri gücləndirə bilər və burada çox şey Türkiyənin bu planlardakı rolundan və Bakının mövqeyindən asılı olacaq. Üç Cənubi Qafqaz dövlətinin Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramının iştirakçısı olduğunu unutmaq olmaz: Gürcüstan artıq “irəliləmiş tərəfdaş” statusu alıb, Ermənistan Aİ ilə hərtərəfli tərəfdaşlıq haqqında saziş imzalayıb, Azərbaycan isə, proqramda daha aşağı səviyyədə iştirak etsə də, onu Aİ ilə geniş miqyaslı Enerji Xartiyası birləşdirir. Bu Xartiya Cənubi Qafqaz regionunun formatı dəyişdikdən, İrana qarşı sanksiyalar ləğv edildikdən və s. sonra inkişaf üçün yeni təkan əldə edə bilər.

Necə olursa olsun, Azərbaycan yaxın gələcəkdə Rusiya və Qərbin Qarabağda yaxın və uzunmüddətli əsl məqsədlərinin nədən ibarət olduğunu aydınlaşdırmalıdır. Rusiya və Qərb ölkələrinin Qarabağda bir-birinə tamamilə zidd məqsədlərinin Qarabağa leqal beynəlxalq ayrıca ərazi vahidi statusu verilməsinə gətirib çıxara bilərmi? V.Putin yaxın gələcəkdə Qarabağa status vermək istəyirmi və niyə? Bu, Ermənistan və Azərbaycanın gələcək münasibətləri üçün nə demək olar? Ermənistan və Azərbaycan arasında sərhədlərin və ticarət yollarının açılması kimə və nə dərəcədə sərf edəcək? Ermənistan və Azərbaycan arasında ticarət yollarının açılması regionda necə sabitlik yarada bilər və ölkələr arasında gələcək müharibələrin qarşısını necə ala bilər?

Aydındır ki, istənilən halda Azərbaycan qaçqınların və köçkünlərin keçmiş yaşayış yerlərinə qaytarılması məsələsində tələsməlidir. Bunsuz Qarabağın tamamilə Azərbaycanın tərkibinə qaytarılması qeyri-mümkündür.

Bununla əlaqədar müharibədən sonra yaranmış vəziyyətə bir neçə qeyri-adi nöqteyi-nəzərdən baxaq. Müharibəni uduzan Ermənistan Qarabağla bağlı bütün problemləri öz üzərindən Rusiyanın üzərinə atıb, bu gün Rusiya bu regionun bütün iqtisadi və sosial problemlərini öz hesabına həll edir, eyni zamanda onun təhlükəsizliyinə zəmanət verir. Maraqlıdır, gələn il üçün Qarabağın büdcəsi Rusiyanın 2021-ci il büdcəsinə daxil edilsə, kimsə etiraz edəcək? Yəqin ki, Ermənistan etiraz etməz. O, asanlıqla boşa çıxan böyük vəsaiti müasirləşmə, o cümlədən hərbi müasirləşmə ehtiyaclarına yönəldə bilər.

Azərbaycan nəinki Ermənistana Qarabağın qeydinə qalmaq yükündən azad olmaqda kömək edib, həm də öz ölkəsində tamamilə Rusiya və qismən Ermənistan tərəfindən nəzarət olunan potensial qeyri-sabitlik zonası yaradılmasına şərait yaradıb! Kimin mövqeyi daha üstündür? İki ərazisini tamamilə itirmiş, amma faktiki olaraq Rusiyanın nəzarəti altından çıxmış Gürcüstanın, ya Azərbaycanın?

Əlbəttə, biz İkinci Qarabağ Müharibəsinin ölkəmiz və cəmiyyətimiz qarşısında açdığı yeni imkanları görməzdən gəlməməliyik, amma bütün məsələ ondadır ki, onlardan səmərəli istifadə ən qısa zamanda siyasət, iqtisadiyyat və sosial həyat sahələrində hakimiyyətin legitimliyini möhkəmləndirməyə və əhalinin bütün etnik təbəqələri üçün Azərbaycan vətəndaşlığının cəzbediciliyini artırmağa qadir olan islahatlar aparmaqla birləşmiş əhalisi olan güclü dövlət yaratmaq qabiliyyətindən ibarətdir.

Bu arada, mətbuatda 2021-ci il yanvarın 11-də Moskvada Rusiya prezidenti V.Putinin iştirakı ilə Azərbaycan prezidenti İ.Əliyevin Ermənistan baş naziri N.Paşinyanla görüşünün anonsu verilib. Bu görüşün üç ölkə rəhbərliyinin gələcəyə baxışlarına bir qədər aydınlıq gətirə biləcəyi təxmin edilir.

Əli Abasov


Üçüncü məqalə

İkinci məqalə


 

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti