РИА Новости

РИА Новости

Bakı/23.03.21/Turan: Artıq bir müddətdir ki, ayrı-ayrı vətəndaşlar tərəfindən onlara ciddi xəstəlikləri olduğu halda əlillik dərəcəsinin düzgün tətin olunmamasını, bir çox hallarda isə ümumiyyətlə təyin edilməməsi barədə şikayətlər edilir.

Həmin iradlar İkinci Qarabağ müharibəsi zamanı müxtəlif xəsarətləri alan qazilərlə yanaşı digər vətəndaşlar tərəfindən də bildirilir.

Bəzi hüquq müdafiəçilər deyir ki, artıq belə halların sayı getdikcə artır.

Həqiqətənmi Azərbaycanda əlilliyi olan şəxslər dərəcə verilməkdən məhrum olunur? Bunun səbəbləri nədir?

Nazirlər Kabinetinin ötən ilə dair hesabatında bildirilir ki, 2020-ci ildə dövlət tibb müəssisələri tərəfindən rəsmiləşdirilmiş göndərişlər əsasında 13,2 min nəfər üzrə ilkin əlillik təyinatı aparılıb. Bu da 2019-cu illə müqayisədə 53,0% azdır. 

Qeyd olunub ki, onlardan, I dərəcə ilkin əlillik müəyyən olunmuş şəxslərin sayı 1,7 min nəfər, II dərəcə ilkin əlillik müəyyən olunmuş şəxslərin sayı 5,2 min nəfər, III dərəcə ilkin əlillik müəyyən olunmuş şəxslərin sayı isə 2,7 min nəfər olub. Bu isə 2019-cu illə müqayisədə, müvafiq olaraq, I dərəcə üzrə 46,0%, II dərəcə üzrə 51,0%, III dərəcə üzrə isə 49,0% azdır. Onlardan 3,6 min nəfər ilkin sağlamlıq imkanları məhdud uşaqlar olub ki, bu da əvvəlki illə müqayisədə 60,0% azdır. 

Bakı sakini İlqar Mehdiyev AzadlıqRadiosuna bildirib ki, dostu ağır zob fomasından əziyyət çəksə də əlillik dərəcəsini ala bilmir. «Ucdantutma hamını kəsirlər. Xəstə, əlilliyi olan adama deyirlər ki, xəstəxanada yatmadığına görə sənə əlillik vermirik. Yəni, xəstə olsaydın yatardın. Zobu olan, əməliyyat olan, gözləri zoba görə bərələn dostumun pensiyasın kəsdilər ki, xəstəxanada yatmamısan. Mehriban Əliyevaya yazdı, heç xeyri olmadı».

Ucar rayon sakini Z.Q. də deyir ki, yataq xəstəsi olsa da, ona əlillik dərəcəsini verməkdən imtina edirlər. «3 dəfə əməliyyat olunmuşam, ayağımın biri tutulub, bundan əlavə, həm də təzyiq və şəkər xəstəsiyəm. Amma mənə əlillik dərəcəsi vermək istəmirlər».

Şikayətçi deyir ki, dəfələrlə Ucar Rayon Mərkəzi Xəstəxanasına müraciət etsə də ona «sənədlərini göndərmişik, rədd cavabı gəlib» cavab verirlər. «Amma mən buna inanmıram, çünki həmin cavab rəsmi blankda deyil. Niyə mənə təqaüd düşməməlidir? Mənə də düşmürsə, bəs kimə düşür bu pensiya?»

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Turana bildirilib ki, Nazirlər Kabinetinin 2016-cı il 11 noyabr tarixli 446 nömrəli qərarı ilə «Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə»yə edilən dəyişikliklərə əsasən əlilliyin müəyyən edilməsi elektron qaydada aparılır. «Yəni əlilliyin qiymətləndirilməsi üçün göndərişin rəsmiləşdirilməsi barədə məlumat elektron qaydada ƏƏSMN-in Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminə (TSERAS) ötürülür».

Qurumdan bildirilib ki, bununla bağlı, vətəndaş həmin göndərişin tərtib edilməsi üçün qeydiyyatda olduğu yer üzrə səhiyyə müəssisəsinə müraciət edir. «Bütün məlumatlar TSERAS tərəfindən adsızlaşdırılaraq şifrə verilir. Bundan sonra sistem tərəfindən göndəriş əlilliyin qiymətləndirilməsi üçün elektron şəkildə hər hansı Tibbi-sosial ekspert komissiyasına (TSEK) göndərilir».

Nazirlikdən əlavə olunub ki, göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, əsas və yanaşı diaqnoz, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır.
Vurğulanıb ki, göndərişi elektron formada qəbul etmiş TSEK tərəfindən həmin sənəddə qeyd olunan xəstəliyin vəziyyəti barədə məlumatlar əsasında 3 iş günü müddətində əlilliyin təyin olunub-olunmamasına dair qərar qəbul edilir. «Həmçinin onun aid olduğu şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olub-olmamasına dair tibbi göstəriş verilir və əmək zəmanətinə dair məlumatlar müəyyənləşdirilir. Bu məlumatlar gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir, TSEK-in sədri və üzvlərinin gücləndirilmiş elektron imzası ilə təsdiqlənir».

Nazirlikdən əlavə olunub ki, bir çox beynəlxalq təşkilatlar elektron sistem vasitəsilə əlilliyin təyin olunmasını müsbət dəyərləndirir. «Elektron sistemin üstünlüyü ondadır ki, müraciət edən şəxslə qərarı qəbul edənlərlə canlı ünsiyyəti yoxdur və bu müəyyən neqativ halların qarşısını alır. Problem sistemdə deyil, sistemin iştirakçılarındadır. Hər hansı bir səhiyyə işçisi məlumatı bilərəkdən və ya bilməyərəkdən düzgün doldurmursa, burada günahkar sistem deyil, həmin şəxslərdir. Hazırda bu məlumatlar manual şəkildə doldurulur və bunları dolduran şəxs nə istəsə ora yaza bilər».

Nazirlikdən qeyd olunub ki, həmin şəxslərə qarşı mübarizə metodları üzərində iş gedir. «ƏƏSMN sistemin digər iştirakçısı – İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə işləyirlər və yaxın vaxtlarda metodlar təkmilləşdiriləcək ki, tam obyektiv informasiya mübadiləsi təmin edilsin və obyektiv qərarlar qəbul edilsin. Hazırda iş gedir ki, göndərişin doldurulması tam avtomatlaşdırılsın və bununla da subyektivlik aradan qalxsın. Sistem təkmilləşdiriləcək ki, haqqı olan insanlar heç bir problemsiz əlillik dərəcəsini alsın, haqqı çatmayanlar isə bunu heç bir halda əldə edə bilməsin».

Qurumdan vurğulanıb ki, hazırda əlilliyin təyin olunması ilə bağlı müraciətlər həddindən artıq çoxdur və çoxusunda şişirdilmiş məlumatlar və həqiqətə uyğun diaqnozlara rast gəlinir. «Məsələn, qan analizin nəticələri diaqnozu ilə üst-üstə düşmür və s. Yəni qeyd olunmuş məlumatlar paradoksan ziddiyyət təşkil edir. Hazırda yoxlamalar aparılır və illik maliyyə yükü 35 mln. manatdan artıq olan 7 mindən çox saxta əlillik təyinatı ləğv edilib».

İqtisadçı Natiq Cəfərli AzadlıqRadiosuna bildirib ki, əvvəl Azərbaycanda əlilliyi olan şəxslərin sayı proporsiya olaraq əhalinin sayına nisbətən kifayət qədər yüksək rəqəm təşkil edirdi. «Məsələn, Belarusun əhalisinin sayı bizimlə təqribən eynidir, amma bizdə əlilliyi olan şəxslərin sayı onlardan 4 dəfə çoxdur».

Ekspert hesab edir ki, bu saxta əlilliyin təyin edilməsi ilə bağlıdır. «2018-2020-ci illərdə saxta əlillik təyinatı ilə bağlı həbslər olub. Rayon qurumların sədrləri, müavinləri bu məsələyə görə həbs olunub. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini çıxış edib deyib ki, əlilliyin təmin edilməsində problemlər olub. Əvvəl pul müqabilində camaata əlillik dərəcəsini verib bu rəqəmini şişirtmişdilər indi isə bunun qarşısını almaq istəyirlər».

N.Cəfərli deyir ki, bunun da öz mənfi nəticəsi olub. «Saxta əlillik təyinatı azalsa da nəticə etibarilə bu qurunun oduna yaş da yanıb. Prosedurları o qədər çətinləşdiriblər ki, bəzi insanların əlillik dərəcəsini almağa haqqı çatır, amma hamı özünü həbsdən sığortalayır deyə çox çətin prosedurlar yaradıblar və insanlar bundan əziyyət çəkir».

 

Rəy yaz

Cəmiyyət

Кто стоит за терактом в «Крокус сити», и каковы его последствия для России? - беседа с политологом Аркадием Дубновым в "Çətin sual"



InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot


Əziz Bakı şəhəri sakini!

Siz də Qlobal İqlim Dəyişmələri ilə mübarizəyə öz töhfənizi verə bilərsiniz

Dear resident of Baku city!

You too can contribute to the fight against Global Climate Change

Дорогой житель города Баку!

Вы тоже можете внести свой вклад в борьбу с глобальным изменением климата

Audio xəbər

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti