Hadi Şəhriyar və Mayis Əlizadə

Hadi Şəhriyar və Mayis Əlizadə

İstanbulda 110 illiyi qeyd edilən böyük Azərbaycan  şairi Məhəmməd Hüseyn Şəhriyarın oğlu Hadi Şəhriyarın  Turan agentliyinə  müsahibəsi

“Əbülfəz Hüseyni demişdi ki,yeganə arzum Hoşginaba gedib var səsimlə “Anaaa”- çağırmaqdır”

Turan: Neçənci ildə anadan olmusunuz?

Şəhriyar: Mən 1959-cu ildə dünyaya gəlmişəm.Evin ən kiçiyi  mənəm.

Turan: Ustad Şəhriyarın barəsində  Türkiyədə ilk yazını  ömrünün son aylarında Məhəmməd  Əmin Rəsulzadə yazıb.Atanızın o yazıdan xəbəri var idimi?

Şəhriyar: Doğrusu, mən o barədə heç bilmirəm, eşitməmişəm.Məhəmməd Əmin İranı yaxşı bilirdi.Şəhriyar uzun müddət Tehranda yaşayıb,Təbrizə 1953-cü ildə gəlib.Rəsulzadənin yazısından atamın xəbərinin olub-olmamasına dair qulağıma heç nə gəlməyib.

Turan: 1960-cı illərin axırlarından başlayaraq Bakıdan ustadı görməyə gedənlər olmuşdu.Məsələn,Rüstəm Əliyev.Siz onları xatırlayırsınızmı?

Şəhriyar: Əlbəttə.Şəhriyarın Türkiyədə Əhməd Atəş ilə yaxın dostluğu vardı.Amma təəssüf ki, o tez vəfat edib, mən ilk dəfə Türkiyəyə gələndə o vəfat etmişdi.Bizə birinci   Rahimin məktubu gəlmişdi.

Turan: Məmməd Rahimin.

Şəhriyar: Məmməd Rahimin.1967-ci ildə gəlmişdi.

Turan: “Ağ göyərçin”.

Şəhriyar: Atam o məktubun cavabında “Ağ göyərçin” şeirini yazmışdı.Məmməd Rahim ilə Süleyman Rüstəm 1946-dan əvvəl,Pişəvəri dövründə, onlar Təbrizdə yaşamışdılar.Bizim əlifbamızı da qəşəng yazırdılar.Onlar Şəhriyarla məktublaşanda ərəb əlifbasıyla yazırdılar.Məmməd Rahimin də çox gözəl şeiri vardı, 3-4 səhifədə.Ərəb əlifbasında da bizim üçün çox rahat yazırdı.”Yenə coşdu təbim, mənə saz verin”.1967-ci ildə Vaqifin yubileyinə atamı dəvət etmişdilər.O vaxt dedilər ki, səhv etmişik, dəvəti aparıb Pakistanda Şəhriyar adında bir adama vermişdilər.Yubileydən 6 ay keçəndən sonra məktub bizə yetişdi.Sonralar Şəhriyar onlarla məktublaşırdı.Ancaq bir dəfə özü gözəl xətlə yazdı,qələmlə yazardı, zərfə qoyub möhürlədi, zərfə başqa möhürlər də vurmuşdular,  bir neçə aydan sonra şəxsən Şəhriyarın özünə qaytardılar,getməmişdi.Çox narahat idi.Yadımdadır.

Turan: 1969-da professor Rüstəm Əliyevin Tehrana getməsi və Şəhriyarı görmək üçün təkid etməsi təsirli hadisədir.Onu xatırlayırsınızmı?

Şəhriyar: Yaxşı xatırlayıram.Biz 3 uşaq idik, bir az böyümüşdük.Onu bilirəm ki, bizi Təbrizdə qoyub anamla ikisi Tehrana getdilər.Bir dostu da onlarla getdi.

Turan: Dövlətabadi..

Şəhriyar: Yox.Rüstəm Əliyevlə atam Səhəndin Tehrandakı evində görüşmüşdülər.Şəhiryar Rüstəm Əliyev üçün deyərdi ki, bu, 6 dildə professordur, yəni, 6 dili professor səviyyəsində bilir, tərifləyərdi.Şəhriyarla görüşən birinci Bakılı idi.Ondan bir az əvvəl və ya sonra Şəhriyar Rusiyanın Türk dilli şairi Rəsul Həmzətovla  Təbrizdə görüşmüşdü.Bir də Gürcüstan alimiylə görüşmüşdü.Ancaq Azərbaycanlı yeganə Rüstəm Əliyev idi.O dövrdə Səhəndin (Bulud Qaraçorlu) Bakıya gediş-gəlişi  vardı, orda 2 trikotaj zavodu tikmişdi,Rusiyaya mal ixrac edirdi.İqtisadi əlaqəsinə görə gedib-gələrdi və demək olar ki, körpü kimiydi.Bakının şairlərini Şəhriyara tanıtdıran adam Səhənd olub.Məmməd Rahimin məktubundan sonra əlaqələri təkmilləşdirdi.

Turan: Bir də 1968-ci ildə yaxın qohumu Əbülfəz Hüseyni atanıza məktub yazır....

Şəhriyar: Ay sağ ol.Hüseyni orada filologiya elmləri namizədi olub, bir müddət də Bakının Astarasında işləyib, mənə gömrükdə dedilər.Əbülfəz Hüseyni bizimlə qohumdur.Bizim 3  qohumumuz Pişəvəri dövründə gedib: biri  Əbülfəz Hüseyni Həsrət,biri  Həmzə Fəthi Xoşginabi, “İki qardaş” romanını yazan, Moskvada yaşayıb, biri də Seyid Hüseyn Nur Azəridir ki, o, həkim işləyirdi.Gələndən sonra deyirdi ki, mənim 200 rubl maaşım vardı.O yazıq Təbirzə gələndən sonra qardaşıyla ana yurdu Xoşginaba gedərkən təsadüfən qəzaya düşdü.Əbülfəz Hüseyni anasını görmədi, həsrət qaldı.Deyirmiş ki, yeganə arzum kəndimizə gedib var səsimlə “Anaaaa” çağırmaqdır.

Turan: Şəhriyar da “El bülbülü” şeirində ona yazıb ki,həsrət qaldı sənə Əmirxan bala.

Şhəriyar: O Şəngilavalıydı.Heydərbabaya ən yaxın kənd Şəngilavadır.Oralıydı, atası Əmirxan da bizimlə qohum idi.Onlar Bakıda təhsil almışdılar.

Turan: 1979-cu il inqilabında Şəhriyardan bir müddət səs gəlməyəndə Süleyman Rüstəm ona həyəcanlı məktub yazmışdı.

Şəhriyar :”Millət qalxıbdır ayağa; Səsin gəlmir, a Şəhriyar”.O ki, “Ədəbiyyat” qəzetində çap olunmuşdu,  bir nəfər həvəskar adam (özü də kitabçıdır) ərəb əlifbasına çevirdi,gətirib qapıdan Şəhriyara verdi.Şəhriyar da ona cavab yazdı.

Turan: Bəs onda nə baş vermişdi ki, Süleyman Rüstəm həyəcana qapılaraq məktub yazmışdı?

Şəhriyar: Süleyman Rüstəm yazırdı ki, niyə inqilaba qoşulmursan?Şəhriyar da ona cavab yazır.O dövrdə partiyaçılar və sovetdə yaşayanlar şaha zidd idilər, inqilaba müsbət baxırdılar.İran inqilabından sonra bəzi ailələr imkan tapıb geri qayıtdılar.Biri Qulamhüseyn Bəydili idi.Həmid Məmmədzadə rəhmətlik çox böyük insan idi, çox yumşaq təbiətli.İkisi də gəlib Şəhriyarı gördülər.Bir-birləriylə çox maraqlandılar, betər  görüşüb-öpüşdülər.Şəhriyara mumiya gətirmişdilər.Həmid Məmmədzadə Təbrizdə bacısıgildə qalırdı, bizə gəlməmişdən mən Rəhim Rəisniya ilə gedib onu orda gördük.Hamısı təhsil almış insanlar idi.Yoldaşı Pirniyalardan idi.Qızı vardı ki.Mayakovskini əzbər bilirdi, istedadlı uşaqları vardı.Böyrəyində problem vardı, Təbrizin suyu ağır olduğuna görə, Tehrana köçdü.Orda vəfat etdi.Çox böyük və şərəfli  adam idi.

Turan: “Heydərbabaya salam” 1979-da Təbrizdə çap ediləndə kitaba illüstrasiyaları Ordubaddan olan rəssam Fəxrəddin Məmmədvəliyev çəkmişdi.O vaxt Əbülfəz Elçibəy o  kitabı bəhanə edərək “Haqqın  da bükülməz qolu, dönməz üzü vardır”- adlı məqalə yazmışdı.Bunlar barədə atanıza məlumat çatırdımı?

Şəhriyar:Bəli, bəli. Qulamhüseyn Bəydilinin də çəkdiyi yağlı boya tablosu vardı, indi o tablo bacımgildədir.Atamın cavanlıq, orta yaş şəkilləri və o tabloların hamısı indi atamın muzeyindədir.O rəssamı Bakıda görmüşdüm, çox möhtərəm insandır.

Turan: 18 sentyabr 1988-ci ildə  vəfat edəndə Azərbaycanda böyük yas mərasimləri oldu.Şəhriyar haqqında 100-ə yaxın vida məqaləsi yazıldı.Onları bir yerə toplayıb çap etdirməyi düşünürsünüzmü?

Şəhriyar: Şəhriyarın vəfatına İrandakı şairlərin dedikləri bir kitabda toplanıb.Amma Azərbaycandakıları Bakıda toplamaq llazımdır.Doktor Hüseyn Düzgün var, özü də tədqiqatçı-şairdir.”Heydərbaba”ya  yazılmış 250-dən çox nəzirə toplamışdı,bəlkə indi sayını daha da çoxaldıb.Çox ağır kitab almalıdır,onu çapa hazırlamaq üçün maddi problem də həll edilməlidir.Nəzirələr onun əlindədir.

Turan: Azərbaycana nə sözünüz var?Şəhriyarın vəfatında Hacı Mayıl 40 gün ehsan verdi, Xəlil Rza “Sanki bir dağ yıxıldı” adlı yazı yazdı...

Şəhriyar: Xəlil Rza çox gözəl şairdir.Oğlu ki, cəbhədə o cür oldu,ürəyi tab gətirmədi.Əjdər Qiyaslı adlı şairiniz də var.”Bizim vətən çörəyi” onun şeiridir.Yaşar Səfərov oxuyur: “Bizim vətən çörəyi,bizim vətən çörəyi”...

Rəy yaz

Sual-cavab

Quru sərhədləri, narkotacirlər, parkinq qiymətləri... - Natiq Cəfərli Çətin sualda



InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot


Əziz Bakı şəhəri sakini!

Siz də Qlobal İqlim Dəyişmələri ilə mübarizəyə öz töhfənizi verə bilərsiniz

Dear resident of Baku city!

You too can contribute to the fight against Global Climate Change

Дорогой житель города Баку!

Вы тоже можете внести свой вклад в борьбу с глобальным изменением климата

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti