Photo TURAN.

Photo TURAN.

Bakı/17.06.22/Turan: İyunun 15-16-da Bakıda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi Karen Donfrid cümə axşamı bir qrup jurnalist üçün brifinq keçirib.

Giriş sözündə və sualların cavablandırılması zamanı o, mövzuların əhatəsini məhdudlaşdırıb. Bunlar regional təhlükəsizlik və əməkdaşlıq məsələləri, Ukraynada  müharibə, həmçinin bu proseslərdə Azərbaycanın rolu və əhəmiyyətidir.

Digər yüksək vəzifəli amerikalı diplomatlardan fərqli olaraq, Donfrid suallara cavab vermək əvəzinə sanki mühazirə oxuyub.  Konkretlikdən qaçaraq ümumi ifadələrlə keçinməyə çalışıb.

Prezident İlham Əliyevlə səmərəli görüşü barədə məlumat verərək, onun məzmununu açıqlamayıb. İnsan hüquq və azadlıqlarının pozulması faktlarını müzakirə edib-etməməsilə bağlı Turan-ın sualına Donfrid aydın cavabdan yayınaraq, fundamental azadlıqların ABŞ-ın prioriteti olduğunu qeyd edib.

Son vaxtlar Rusiyanın müxtəlif siyasi dairələrindən Azərbaycanın unvanına  təhdidlər, o cümlədən neft infrastrukturuna nüvə zərbəsi endirilməsi çağırışı səslənib. Belə bir təcavüz olacağı təqdirdə ABŞ Azərbaycana kömək etməyə hazırdırmı? Bu suala da yayındırıcı cavab gəldi və  onun mahiyyəti ondan ibarətdir ki, Ukraynaya qarşı təcavüz səbəbsiz olub, dəhşətlidir, Azərbaycan isə Kiyevə mənəvi və humanitar dəstək göstərməklə düzgün iş görür.

Qarabağ münaqişəsinin nizamlanması perspektivləri, Azərbaycanla Qərb arasında enerji əməkdaşlığının inkişafı ilə bağlı suallara verilən cavablar dinc yanaşı yaşamaya çağırış kimi səslənib, Avropanın və regionun enerji təhlükəsizliyində Azərbaycanın oynadığı böyük rolu əhatə edib.

Görüş barədə təəssüratları yekunlaşdıraraq belə qənaətə gəlmək olar ki, Karen Donfridin regional səfərində məqsəd qaldırılan məsələlərdən xeyli genişdir və Vaşinqtonun Cənubi Qafqaz ölkələrinə çatdırmaq istədiyi mesajlar təxminən belədir:

1) Cənubi Qafqaz ölkələrinə aydın olmalıdır ki, onların rifahı və suverenliyi daha çox yerli münaqişələrin, ilk növbədə Qarabağda münaqişənin həllindən asılıdır. Eyni zamanda, Qərbi də vasitəçilərin sırasından çıxarmaq lazım deyil.

2) Belə olan halda Qərbin kollektiv və effektiv köməyinə ümid etmək olar.

3)Bayden administrasiyası Cənubi Qafqaz regionunda fəallaşıb və Vaşinqtonun yüksək vəzifəli məmurlarının müntəzəm səfərləri, dövlət katibi Blinkenin üç ölkənin liderlərilə şəxsi ünsiyyəti, həmçinin prezident Baydenin mesajları bunu təsdiqləyir.

4) İnsan hüquq və azadlıqlarının pozulması faktları prioritet olaraq qalmaqla yanaşı, indiki halda arxa plana keçir və Vaşinqton tərəfindən təzyiq predmeti olmayacaq.

5) ABŞ Ukraynanın məğlubiyyətinə yol vermək niyyətində deyil və Kiyevə dəstək verən ölkələrin koalisiyasını maksimum genişləndirməyə çalışır.

Digər mühüm nəticə ondan ibarətdir ki, Tramp administrasiyasından fərqli olaraq, ABŞ-ın hazırkı rəhbərliyi Cənubi Qafqazdakı vəziyyəti öz məcrasına buraxmaq istəmir.

Rəsmi Bakı üçün bu, əlverişli vəziyyətdir, çünki Moskva və Vaşinqton arasında tarazlığa imkan verir. Lakin ABŞ ilə münasibətlərin yaxşılaşdırılması demokratiya ilə vəziyyətin yaxşılaşdırılmasını və Qarabağ məsələsində daha yumşaq mövqe tələb edir. 02B

Rəy yaz

Siyasət

Audio xəbər

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti