Arxiv

Arxiv

Bakı/28.09.22/Turan: Azərbaycan Ədliyyə Nazirliyində, Azərbaycan televiziyasında yurisprudensiya sahəsində islahatlardan, ədalət mühakiməsinin humanistləşdirilməsindən, rüşvətxorluğa və proteksionizmə qarşı mübarizədən çox danışılır. Ancaq buna inanmamaq üçün iki fakt kifayətdir: gənc qadın Nelli Fabriçnayanın ev dustaqlığında olduğu və istintaq hərəkətlərində iştirak etdiyi bir il yarımlıq istintaqdan sonra sentyabrın 19-da onu Kürdəxan istintaq təcridxanasına (Bakı 1 saylı istintaq təcridxanası) salıblar.

Ağır Cinayətlər Məhkəməsinin hakimi  Faiq Qəniyev belə qərar verib. 

Bazar ertəsi Turan-ın müxbiri Bakı Ağır Cinayətlər Məhkəməsinin iclasında iştirak edib. Biznesmen Əfqan Zeynalovun “Dəmiryol” QSC-nin tikinti podratı müqavilələrini yerinə yetirən “MurovTSK” MMC şirkətinin kadrlar şöbəsinin müdiri Nelli Fabriçnaya qarşı iddiasına baxılıb.

Fabriçnaya özünü tamamilə günahsız hesab edir, bütün ittihamları rədd edir və bildirir ki, ibtidai istintaq zamanı müstəntiqin və ittiham edən tərəfin təzyiqi altında etirafedici ifadə verib. 

Bu əhvalatda hər dəfə açılan, hətta ilk baxışda əhəmiyyətsiz görünən fakt korrupsiyadan xəbər verir. Belə ki,  “Dəmiryol” QSC əvvəllər “Avtotransyol”un sahibi olmuş, 2015-ci ildə avtomobil yolunun tikintisi zamanı saxtakarlığa və oğurluğa (CM-in 179.3.2-ci, 308.2-ci maddələri) görə Lənkəran məhkəməsi tərəfindən 7 il müddətinə mühakimə edilmiş Əfqan Zeynalovla müqavilə bağlayıb. Asfalt layihədə nəzərdə tutulduğundan daha nazik döşənib və şirkətin sahibi Zeynalov saxta sənədlərlə ölən adamların imzalarını saxtalaşdırıb.

O vaxtından əvvəl azadlığa çıxaraq, məhkəmənin müəyyən etdiyi cəza müddəti başa çatana qədər “MurovTSK” MMC şirkətini yaradıb və deyildiyi kimi, Azərbaycan dəmir yolundan sifariş alıb. Sanki ölkədə sahibinin adı təmiz olan ikinci şirkət yox imiş.

Sonrakı hərəkətləri heyrət doğurur. Yaxın qohumlarının yanında mühafizə olunan ofisi və daşınmaz əmlakı olan “evsiz” şirkət sahibi öz tabeliyində olan Nelli Fabriçnayanın Bakıdakı mənzilinə qeydiyyata düşərək həmin mənzildə bahalı seyf quraşdırıb. Təbii ki, seyfin açarlarını və şifrəsini mənzil sahibinə verməyib, - Fabriçnaya Nəsimi Rayon Prokurorluğuna göndərdiyi ərizədə iddia edir.

Bu yerdə istənilən işdə çox olan xırda təfərrüatlara varmadan əsas hadisəyə keçirik: 2021-ci ilin iyulunda Zeynalov Nellini ona məxsus 300 min dolları oğurlamaqda ittiham edib. Sonra buna, indiyədək sübut olunmamış məbləğə daha 100 min dollar əlavə edib. Sonra isə Nelliyə göndərilən səsli telefon mesajlarında Fabriçnaya mənzili ona verməsə, bu məbləği 500 min dollara, bir milyon manata qədər artıracağı ilə hədələyib. Həmin mesajlarda o, tabeliyində olan şəxsi yüksək hüquq-mühafizə dairələrindəki şəxsi əlaqələrilə qorxudub.

Məhkəmədə baxılması xeyli vaxt və məhkəmə ekspertizasının sübutlarını, şahidlərin dindirilməsini, üzləşmələri və s. sübut tələb edən təfərrüatlar üzə çıxıb. Bütün bunlar proses zamanı baş verməlidir ki, bu da uzun sürəcək və maraqlı olacağını vəd edir.  Məhkəmə obyektiv olacaqmı? 

Bazar ertəsi prosesdə hakim Qəniyev Əfqan Zeynalova istədiyi qədər danışmağa imkan verib. İddiaçı və onun vəkili Konan Doylun hekayələri üslubunda maraqlı əhvalat danışaraq, guya şirkət rəhbərinə məxsus külli miqdarda vəsaitin oğurlanmasını gizlətməkdən ötrü Nelli Fabriçnayanın Zeynalovu öldürmək üçün gizlicə zəhərlədiyini deyiblər. Lakin Fabriçnayanın vəkili Qəzənfər Rzayev bu əhvalatın istintaq mərhələsində rədd edildiyini xatırladıb və ekspert tərəfindən təsdiqlənmiş saxta məktub (Nelli Fabriçnayanın saxta imzası olan) faktının araşdırılmasını tələb edib, hakim bu epizodun dinlənilməsini dayandırıb.

Həmçinin hakim Zeynalovun özü-özünü ifşa etdiyi səsli audiomesajlara baxmaqdan imtina edib. Hakim Zeynalovda köçürülən pulların ona məxsusluğunu təsdiq edən sənədlərin olmadığını nəzərə almayıb. Sanki söhbət itmiş beş manatdan gedir və sanki Azərbaycanda iş adamlarından böyük məbləğləri banklar vasitəsilə köçürmək tələb olunmur. Amma, yox. Vəkil Qəzənfər Rzayevin sualına cavabında Zeynalov ona qışqıraraq dedi ki, "mən bu pulları zibilxanadan tapdım". Sonra isə məhkəmə zalında hədələyərək qışqırdı və vəkilin qarşısında əllərini yellədi.

Məhkəmə zalında “zərərçəkmiş”in aqressiv davranışı onun müdafiəçisini dəfələrlə Zeynalovun emosionallığı barədə hakimə məlumat verməyə məcbur edib. “Emosionallıq” deyilən hal isə Zeynalovun tabeliyində çalışan Nelli Fabriçnayanı döyməsilə nəticələnib. Lakin yenə də hakim Zeynalovun tabeliyindəki işçini döyməsi faktı ilə bağlı məhkəmə araşdırmasının aparılması barədə vəsatətə baxmaqdan imtina edib.

Məhkəməyə təqdim olunan sənədlərdə və məhkəmə zalındakı çıxışında Zeynalov 44 günlük Qarabağ Müharibəsində öz hərbi xidmətlərindən danışdığı halda, Müdafiə Nazirliyi vəkil Rzayevin sorğusuna cavab olaraq bildirib ki, Zeynalov müharibədə iştirak etməyib. Lakin bu da hakim üçün maraqlı olmayıb. Dinləmələrin bu yerində Zeynalov yenidən emosionallıq nümayiş etdirərək qəzəblə deyib ki,  Müdafiə Nazirliyi tərəfindən medallarla təltif olunub.

Müdafiə Nazirliyinə sual yaranır: Orada medalları necə və kimə verirlər? Hakim Qəniyevə sual: Zeynalovun Lənkəran məhkəməsində mühakimə olunması faktı ilə yanaşı, ittihamçının şəxsiyyətini və onun ifadəsinin obyektivliyini xarakterizə edən bu epizodu niyə nəzərə almır? Məhkəmə dəfələrlə yalan söyləyən adama necə inana bilər?

Heç bir vəsatət, hətta vəkil Rzayevin ifadə belə hakim tərəfindən dinlənilməyib. O, Nelli Fabriçnayanın müdafiəçisinə danışmaq üçün  verilən imkandan daha çox danışıb.

Növbəti iclas oktyabrın 3-nə təyin edilib. Əgər Zeynalovun planı hakim Qəniyev tərəfindən təmin olunarsa, ittihamçı qadını 10-14 il müddətinə həbsə saldıracaq və Bakının mərkəzi hissəsindəki mənzilini əlindən alacaq. Bəlkə ondan 700 min manatın tutulmasına da nail ola bilər. Görünür, dəmir yolu tikintisi kimi çətin işlə məşğul olmaqdansa, üstəlik, avtomobil yollarının tikintisindən sonra Zeynalovla baş verdiyi kimi, yenidən müttəhimlər kürsüsündə oturmaq riski ilə üzləşməkdənsə, belə “biznesin” faydalı iş əmsalı daha yaxşıdır.-0--

Rəy yaz

Cəmiyyət

Quru sərhədləri, narkotacirlər, parkinq qiymətləri... - Natiq Cəfərli Çətin sualda



InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot


Əziz Bakı şəhəri sakini!

Siz də Qlobal İqlim Dəyişmələri ilə mübarizəyə öz töhfənizi verə bilərsiniz

Dear resident of Baku city!

You too can contribute to the fight against Global Climate Change

Дорогой житель города Баку!

Вы тоже можете внести свой вклад в борьбу с глобальным изменением климата

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti