Turan-ın informasiya sorğuları üzrə yazışmalar

Turan-ın informasiya sorğuları üzrə yazışmalar

Bakı/26.01.23/Turan: Yanvarın 25-də Bakı İnzibati Məhkəməsində Turan İnformasiya Agentliyinin direktorunun “Azərişıq”a qarşı iddiası üzrə məhkəmə iclası keçirilib.

İddianın mahiyyəti ondan ibarətdir ki, “Azərişıq” ASC agentliyin informasiya sorğusuna “İnformasiya əldə etmək azadlığı haqqında” qanunla müəyyən edilmiş müddətdə cavab verməyib.

Beləliklə, mahiyyəti üzrə: Oktyabrın 10-da Buzovna qəsəbəsinin (Buzovna inzibati ərazi vahidinin köhnə, köklü hissəsidir, buraya qəsəbə, çoxmənzilli binaları kompleksi və son 20 ildə əsasən qanunsuz tikilmi fərdi yaşayış evlərindən ibarət yeni massivlər daxildir) bir qrup sakini uzun illərdir ki, qəsəbənin elektrik enerjisi ilə təchizatındakı müntəzəm fasilələrin davam etməsilə bağlı “Azərişıq”a yazılı şikayətlə müraciət edib. Amma heç kim onlarla əlaqə saxlamayıb.

Oktyabrın 13-də Turan agentliyinin direktoru Mehman Əliyev elektrik enerjisində yaranan fasilələrin səbəbləri və problemin aradan qaldırılması üçün planlaşdırılan tədbirlərlə bağlı suallarla informasiya sorğusu göndərib. Sorğunun preambulasında vətəndaşların şikayəti göstərilib və Turan-ın informasiya sorğusu ilə yanaşı, “Azərişıq”a abunəçi vətəndaşların 10 oktyabr tarixli məktubu da göndərilib.

Cavab almayan Turan noyabrın 15-də “Azərişıq”dan cavab almağa yardım etmək xahişilə insan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyevaya müraciət edib. Noyabrın 29-da Ombudsman Aparatı Turan-a yazılı şəkildə bildirib ki,  “Azərişıq”dan 10 gün ərzində Turan agentliyinin informasiya sorğusuna cavab verməsini xahiş edib.

Bundan sonra agentliyə “Azərişıq” ASC Hüquq İdarəsinin müdiri Arif Lazımzadənin imzası ilə 4 noyabr tarixli məktub daxil olub. Məktubda bildirilib ki, profilaktiki işlərlə əlaqədar elektrik enerjisinin verilməsindəki fasilələr qısamüddətli xarakter daşıyıb. Faktiki olaraq “Azərişıq” bir qrup abunəçinin və Turan agentliyinin qaldırdığı sualı cavablandırmaqdan, eləcə də çoxillik xarakter daşıyan problemin həllindən yayınıb.

Məhkəmə iclasında Mehman Əliyev bütün bunlar barədə hakim Səlma Salahovaya məlumat verib.

“Azərişıq”ın nümayəndəsi Turan-ın mahiyyəti üzrə suallarına cavab verə bilməyib, çünki məlumatlı deyildi.

Buna baxmayaraq, hakim “Azərişıq”ın agentliyin informasiya sorğusuna cavab verdiyini əsas gətirərək, Turan-ın iddiasını təmin olunmaması barədə qərarı elan edib.

Beləliklə, hakim “Azərişıq” ASC-nin qarşısında İnzibati Xətalar Məcəlləsinin 374-cü (informasiya əldə etmək haqqında qanunvericiliyin pozulması), 382-ci (jurnalistlərin hüquqlarının pozulması) maddələrinə uyğun olaraq informasiya sorğusunda göstərilən bütün suallara ətraflı cavab verilməsi öhdəliyini qoyan qərarın qəbul edilməsi və  mövcud qanunvericiliyin tələblərini kobud şəkildə pozan vəzifəli şəxslərin barəsində xüsusi qərardadın çıxarılması ilə bağlı agentliyin direktorunun xahişini təmin etməyib.

374.1. İnformasiya sahibi tərəfindən açıq informasiyanı əldə etmək hüququnun məhdudlaşdırılması və ya sorğuçuya bilərəkdən yanlış informasiya verilməsinə görə- fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Maddə 382. Jurnalistlərin hüquqlarının pozulması

 382.1. Qanunla müəyyən edilmiş müddətdə jurnalist sorğusuna cavab verməməyə görə- iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.

382.2. Qanunla qorunan informasiyalar istisna olmaqla, jurnalistə informasiyanın verilməsi üzərinə məhdudiyyətlər qoymağa və ya informasiya verilməsindən imtina etməyə görə- üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Məhkəmədə iddiaçı hər iki maddənin pozulmasına dair sübutlar təqdim edib.

Onu da qeyd edək ki, “Azərişıq” ASC aşağıdakı qanun maddələrini pozub:

- Korrupsiyaya qarşı mübarizə haqqında qanunun 9.3.8-ci  maddəsi. (9.3.8. qanunla və ya digər normativ hüquqi aktlarla verilməsi nəzərdə tutulmuş məlumatların fiziki və ya hüquqi şəxslərə verilməsindən əsassız imtina etmək, belə məlumatların verilməsini gecikdirmək və yaxud natamam və ya təhrif olunmuş məlumatlar vermək).

- Media haqqında qanunun 17.3-cü maddəsi. (17.3.İnformasiya əldə edilməsi barədə yazılı sorğuya “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanununda müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Həmin qanunda göstərilən müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 (iyirmi dörd) saatdan gec olmayaraq cavab verilməlidir.

Turan agentliyi qərarı aldıqdan dərhal sonra məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.

“Azərbaycanda informasiya əldə etmək haqqında qanunun pozulması sistematik xarakter daşıyır. İdarələrin bir çoxu redaksiyaların, jurnalistlərin informasiya sorğularına cavab vermir ki, bu da onların işinə, habelə dövlət və ictimai əhəmiyyətli problemlərin həllinə və aradan qaldırılmasına ciddi maneçilik törədir. Artıq 20 ildir ki, şəxsən mən və digər jurnalistlər, ekspertlər informasiya əldə etmək problemini qaldırırıq, amma dövlət heç bir tədbir görmür. Hətta media haqqında yeni qanunda belə buna lazımi diqqət yetirilməyib. Bu məsələ Prezident Administrasiyası səviyyəsində təcili həll olunmalıdır, çünki dövlətin redaksiyalarla, jurnalistlərlə informasiya işi acınacaqlı vəziyyətdədir”, - Mehman Əliyev bildirib.—0—

Rəy yaz

Siyasət

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti