Açiq mənbələrdən foto.

Açiq mənbələrdən foto.

Bakı/21.02.23/Turan: Azərbaycanlı vətəndaş fəalı Bəxtiyar Hacıyevin vəziyyətinin kəskin pisləşməsi ilə bağlı xəbərlərdən sonra Helsinki Komissiyasının sədri Co Vilson və həmsədr senator Ben Kardin aşağıdakı birgə bəyanatla çıxış edib: “Biz qondarma ittihamlarla həbsdə olan və aclıq aksiyasını davam etdirərkən səhhəti kəskin şəkildə pisləşən azərbaycanlı vətəndaş fəalı Bəxtiyar Hacıyevin əsassız həbsindən və ona qarşı pis rəftarın davam etməsindən tamamilə dəhşətə gəlirik. Hacıyevin Azərbaycan rejimi tərəfindən cəzalandırılması ona qarşı irəli sürülən ittihamlarla tamamilə qeyri-mütənasib olmaqla yanaşı, həm də haqlı fəaliyyəti nəticəsində saxlanılması, təzyiqə və zorakılığa məruz qalması ilk dəfə deyil.

Azərbaycan ABŞ-ın mühüm tərəfdaşı olub və dünyada enerji imkanları üçün mühüm əhəmiyyət kəsb edir, lakin bizim beynəlxalq əlaqələrimiz heç də bundan az əhəmiyyətli deyil, insan hüquqlarının əsas prinsiplərinin qarşılıqlı tanınmasına əsaslanır. Bu, həm cənab Hacıyevə, həm də çoxsaylı digər siyasi məhbuslara aiddir.

Biz Administrasiyadakı və Avropadakı həmkarlarımıza qoşularaq Azərbaycan hakimiyyətini cənab Hacıyevlə humanist rəftara və insan haqlarını təmin etməyə, Helsinki Prinsipləri çərçivəsində onun daxili və xarici öhdəliklərinə qayıtmağa çağırırıq”, sənəddə deyilir.

Xatırladaq ki, bu Helsinki Komissiyasının Bəxtiyar Hacıyevə azadlıq tələb edən ikinci bəyanatıdır.

Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə həbs edilib. Elə həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün müddətinə həbs edib.

Dekabrın 15-də Hacıyev azad edilməsi tələbi ilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra o, dekabrın 28-də aclığı dayandırıb. Amma yanvarın 9-da Apellyasiya Məhkəməsi onu həbsdən azad etməkdən imtina etdikdən sonra aclığı bərpa edib və bu günə qədər davam etdirir.

Yanvarın 21-də məhkəmə Hacıyevin həbs müddətini daha 1 ay uzadıb.

1 saylı Bakı İstintaq Təcridxanasından fevralın 11-də Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülən insan haqları fəalı 44 gündür aclığı davam etdirir və artıq 6 gündür quru aclığa keçib, su qəbulundan da imtina edib. O özünün və bütün siyasi məhbusların həbsdən azad edilməsini tələb edir.

Vəkillərin Hacıyevin ev dustaqlığına və ya girov müqabilində məhkəmə istintaqının başlanmasınadək azadlığa buraxılması ilə bağlı çoxsaylı vəsatətlərini məhkəmələr təmin etməyib.-03-

Rəy yaz

Siyasət

Audio xəbər

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti