Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla
Millət necə tarac olur... Olmasın, yalvarıram, olmasın!

Millət necə tarac olur... Olmasın, yalvarıram, olmasın!
Deməyə sözüm var... 


2017 Dekabr 30 ( Şəmbə )  12:35:21
Çap versiyası
Azəri Türkü

Türkiyədə işçilərin və işə götürənlərin maraqlarını təmsil edən qurumların müzakirələrindən sonra bu gün 2018-ci il üçün minimum aylıq əmək haqqı müəyyən olundu - 1603 TL (təxminən 722 manat). Bu məbləği az hesab edənlər də var, təbii ki. Amma ölkədəki ərzaq qiymətlərini, xalq üçün yaradılmış şəraiti nəzərə aldıqda, kifayət qədər samballı bir məbləğ olduğu aydın olur. Hətta mən də Vətənimdə olduğum zamanlar buradakılara sual edirdim: Ərzağınız, geyiminiz ucuz, həkiminiz, dərmanınız pulsuz, bəs siz pulunuzu nəyə xərcləyirsiniz?

Yox, əlbəttə ki, bura Utopiya deyil, burada da problemlər, müxtəlif ehtiyaclar, pul xərcləyəcək yerlər var. Amma həqiqətən də, burada ərzaq qiymətləri kifayət qədər məqbuldur. Hər büdcəyə uyğun geyim də var. Xəstəxanalara getdikdə isə minlərlə insan görmək olar. Bir dəfə atam xəstəxanadakı izdihamı gördükdə, "Bütün şəhər buradadır ki!" deyəcək qədər təəccüblənmişdi - başı ağrıyan, dişi ağrıyan, "üzü-gözü", "saçı", "dırnağı" ağrıyan həkimə gedir burada. Niyə? Çünki işləyənlərin, pensiyaçıların sığortası, imkansız ailələrin isə "yoxsulluq kartları" ilə dövlət, demək olar ki, bütün xəstəxana xərclərini ödəyir! Həkim müayinəsi, hər cür qan təhlili, USM, rentgen, MRT, əməliyyat, iynə-dərman...

Bəs minimum əmək haqqı 183 manat olan Vətənimdə - Azərbaycanda necə? Orada insanlar xəstəlikdən öləcək həddə çatsalar belə, həkimə gedə bilmirlər. Çünki həkimə verəcək pulları yoxdur. Həkim üçün birtəhər pul düzüb-qoşsalar, onun istədiyi təhlilləri, lazımi müayinələri etdirə bilməyəcəklər. Borcla, xərclə bütün bunları etsələr, təyin olunan müalicəni edə bilməyəcəklər. Çünki bizdə dərmanlar da pulla və kifayət qədər baha satılır! Vətənimdən bir yaxınım tez-tez müalicə üçün buraya gəlir, dərmanlarını da buradan alır, çünki burada 10 TL (təxminən 4-5 manat) olan dərmanın oradakı qiyməti 85 manatdır!

Burada bir neçə saat qızdırması düşmədiyinə görə övladımı həkimə aparanda, Vətənimdə imkansızlıqdan xəstə övladları gözlərinin önündə əriyib gedən ana-atalar düşür yadıma, kövrəlirəm...

Bəli, bu gün burada minimum əmək haqqı ötən illə müqayisədə 200 TL (təxminən 90 manat) artırılıb. Ailə büdcəmizə təsir edəcək bu kifayət qədər sevindirici xəbəri aldığım bir vaxtda, Vətənimdə mağazadan kərə yağı oğurladığına görə saxlanılan vətəndaş haqqında xəbərsə gözlərimi doldurdu. Manatın iki devalvasiyasından sonra bu cür xəbərlər adi hala çevrilib, tez-tez marketlərdən sırf ərzaq məhsulları oğurluğu hallarının baş verdiyini eşidirəm. Bir avtomobildən telefona, digər bahalı əşyalara toxunmadan, içərisində çörək və bəzi ərzaqlar olan torbanı oğurlayan o dayı, marketdən yağ oğurladığı ortaya çıxanda utancından ürəyi gedən xala, üçcə ədəd konfet oğurlayan yaşlı nənə, dünən Turan-ın dərc etdiyi məqalədə oxuduğum bu xəbərlər bütün gün beynimi qurcaladı... http://www.turan.az/ext/news/2017/12/free/Want%20to%20Say/az/67939.htm

Burada dövlət ehtiyacı olanlara ərzaq yardımı da edir. İnsanlar cüzi ərzaq yardımı etmək üçün ehtiyacı olan bir ailə tapmağa çətinlik çəkirlər. Vətənimdə isə insanlar aclıqdan oğurluğa əl atırlar! Millətim qarnını doyura bilmir, mən isə xəstəxanadan, müalicədən danışıram...